Kadırovun Türkiyəni hədələməsinə səbəb olan -Cövhər Dudayev kimdir?
16 dekabr 2021-ci ildə Türkiyənin şimal-qərbindəki Kocaeli vilayətinin Körfəz rayonunda 1990-cı illərin əvvəlində başlanan Çeçen azadlıq hərəkatının lideri Cövhər Dudayevin adını daşıyan park açılıb.
Yenixeber.org: Açılış mərasimində iştirak edən rəsmilər Dudayevi “azadlıq uğrunda mübarizə”nin simvolu adlandırıb.
Türkiyənin bu addımı Çeçenistan Respublikasında müsbət qarşılanmayıb.
Çeçenistan Respublikasının rəhbəri Ramazan Kadırov Rusiya Xarici İşlər Nazirliyinə müraciət edərək Türkiyə hakimiyyətinin hərəkətlərinə cavab verilməsini xahiş edib. Kadırov Türkiyəni PKK lideri Abdullah Öcalanın adının Qroznıda əbədiləşdirilməsi ilə hədələyib.
Məsələyə Rusiya tərəfi də rəsmi münasibət bildirib.
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Rusiya hökuməti parka çeçen separatçılarının lideri Cövhər Dudayevin adının verilməsindən narazılığını diplomatik kanallar vasitəsilə Ankaraya çatdırıb:
“Bu yaxınlarda təəssüf ki, Türkiyədəki parklardan birinə terrorçunun adı verilib. Təbii ki, bu, bütün çeçenlər üçün, Rusiya Federasiyasının tərkibindəki Çeçenistan Respublikası üçün çox ağrılı hadisədir”.
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova da məsələyə münasibət bildirib:
“Bu cür hərəkətlər iki ölkə arasında münasibətlərin ruhuna ziddir. Biz Türkiyənin Rusiyanın siqnallarını ciddi qəbul edəcəyini gözləyirik”.
Bəs Rusiya və Çeçenistanin qəzəbləndirən səbəb nədir? Cövhər Dudayev kimdir?
Cövhər Dudayev 1991-2000-ci illərdə mövcud olan Çeçen İçkeriya Respublikasının ilk prezidenti, çeçen hərbçisi, siyasətçisi və dövlət xadimi, aviasiya general-mayoru, çeçenlərin SSRİ ordusunda tarixi boyu xidmət edən yeganə generalıdır. 1994-1996-cı illərdə onun rəhbərliyi altındakı çeçen xalqı iki ilə yaxın mübarizə aparıb və 1996-cı ilin mayında Çeçenistan tamamilə ruslardan təmizlənib. 21 aprel 1996-cı ildə ruslar Cövhər Dudayevin olduğu yeri raketlə vurub və o, dünyasını dəyişib.
Dudayev hərbi vəzifədə olduğu müddətdə bir neçə dəfə rəsmi Moskvadan aldığı əmrləri yerinə yetirməyib. Dövlət başçısı olmazdan əvvəl Baltikyanı respublikalarda cərəyan edən istiqlal mücadiləsini yatırmadığı üçün “qiyamçı general” adlandırılıb. 1989-cu ildə Estoniyada Strateji Hava Quvvələri Komandanlığında vəzifədəykən Baltikyanı ölkələrdə başlayan azadlıq hərəkatlarını zor gücünə yatırılması üçün Moskvadan əmr alıb. Ancaq o, “yurdunun azadlığı üçün mücadilə edən bir xalqın üstünə bomba atmaram” deyərək əmri yerinə yetirməyib. Moskva isə bu itaətsizliyi həzm edə bilməyib və Dudayevi cəzalandıraraq əsgərlərilə birlikdə Cövhərqalaya sürgünə göndərib.
Qeyd edək ki, hazırda Rusiya Federasiyası və onun tərkibində olan Çeçenistan Respublikası Cövhər Dudayevi separatçı kimi qəbul edir. Bu səbəbdən Türkiyədə onun adına parkın açılması dövlətlər arasındakı suları bulandırıb.