Ekspertlərin Türkiyə prezidentinin səfəri ilə bağlı gözləntiləri
Yenixeber.org: R.Erdoğan və Azərbaycan Prezidenti İlham Əliyev Füzuli şəhərində Beynəlxalq Hava Limanının açılış və Zəngilanda Türkiyənin dəstəyi ilə salınacaq «Ağıllı aqropark»ın təməlqoyma mərasimlərində iştirak edəcəklər.
Rəsmi məlumata görə, səfər çərçivəsində Türkiyə və Azərbaycan arasında ikitərəfli münasibətlərin bütün aspektləri müzakirə olunacaq, cari regional və beynəlxalq hadisələr haqqında fikir mübadiləsi aparılacaq.
Bəzi ekspertlər isə hesab edir ki, Türkiyə Prezidentinin Azərbaycana səfərinin pərdəarxası tərəfləri də mövcüddur. Onlardan biri isə noyabrın əvvəlində baş tutacağı iddia olunan Əliyev-Paşinyan-Putin görüşü ilə bağlıdır.
Azərbaycan və Türkiyə dövlət başçıları nəyi müzakirə edəcək? Ekspertlər bu səfərdən nə gözləyir?
Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Elman Nəsirov Turana bildirib ki, Türkiyə Prezidentinin Azərbaycana səfərinin ən vacib hissəsi Füzuli Beynəlxalq hava limanının açılışıdır. «Qarabağda tikilən bu ilk beynəlxalq hava limanının açılışında Recep Tayyip Erdoğanın iştirakı məntiqlidir, belə də olmalıdır. Çünki bu gün Azərbaycan-Türkiyə münasibətləri sözün həqiqi mənasında bütün dünya ölkələri üçün nümunədir».
Onun sözlərinə görə, görüş çərçivəsində ikitərəfli münasibətlərlə yanaşı həm də regionda baş verən proseslər, postmüharibə dövrünün yeni reallıqların fonunda həllini gözləyən məsələlər və onların həll olunmasında Türkiyənin yeri və rolu kimi məsələlər müzakirənin predmeti ola bilər. «Birmənalı söyləmək olar ki, Türkiyə bu günləri regionda çox ciddi faktordur. Müharibənin bitməsinin, eyni zamanda postmüharibə dövrünün reallıqların fonunda bu fikrini söyləmək mümkündür. Bu gün Türkiyə Cənubi Qafqazda faktordur və regionda proseslərin müsbət məcrada inkişafında, sabitlik mühitin formalaşmasında xüsusi rola malikdir. Bunu Rusiya da bu cür qəbul edir».
Deputat qeyd edib ki, müzakirə olunan məsələlərin sırasında Ermənistan və Azərbaycan sərhədlərinin delimitasiya və demarkasiyası ilə bağlı məsələlərdir. «Rusiya Prezidenti Vladimir Putinin da Valday Forumundakı çıxışında öz fikrini bildirib. O söyləyib ki, Rusiya Silahlı qüvvələrinin Baş qərargahında olan 1920-ci illərin xəritələri əsasında proses getməlidir. Sovet İttifaqına üzv olan 15 respublikanın sərhədləri orada dəqiq şəkildə göstərilib. Bu xəritələr Azərbaycan maraqlarına uyğun xəritələrdir».
Onun fikrincə, iki dövlət başçısının görüşündə Zəngəzur dəhlizinin açılması ciddi müzakirə predmeti ola bilər. «Hər iki dövlətinin bu məsələdə qətiyyətli mövqeləri var ki, Zəngəzur dəhlizi açılmalıdır. Bu, təkcə Azərbaycan və Türkiyə üçün faydalı deyil. Burada ən böyük fayda blokada vəziyyətinə düşən Ermənistan üçündür».
E.Nəsirov qeyd edib ki, görüş zamanı Ermənistan Zəngəzur dəhlizinin açılmasına problem yaratmadığı və bütün mina xəritələrini Azərbaycana verildiyi halda Türkiyənin və Azərbaycanın Ermənistanla münasibətlərin bərpası ilə bağlı məsələlər də müzakirə oluna bilər.
Atlas Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu isə AzadlıqRadiosuna bildirib ki, Türkiyə Prezidentinin Azərbaycana səfəri tək Füzuli hava limanının açılışı ilə məhdudlaşmayacaq. «İlham Əliyev Ərdoğanla fikir mübadiləsini da aparacaq. Kremlə yaxın Rusiya xəbər agentkikləri artıq noyabrın ilk həftələrində Rusiya Prezidentinin vasitəçiliyi ilə Azərbaycan Prezidentinin və Ermənistan baş nazirinin görüşü ilə bağlı məlumatlar yayıb. Türkiyə Azərbaycanın strateji müttəfiqidir, ona görə də bu məsələlərdə İlham Əliyev hər dəfə Ərdoğanla məsləhətləşir».
Siyasi şərhçisinin sözlərinə görə, elə məsələlər var ki, orada Azərbaycanla Türkiyə birgə hərəkət etməlidir. «Türkiyə rəsmiləri deyib ki, Ermənistanla sərhədini açmağa hazırdılar, amma onu da əlavə ediblər ki, bu məsələdə Azərbaycanla birgə hərəkət edəcəklər. Eləcə də müharibədən sonra Qarabağ məsələsində Rusiya nə təklif edərsə, Azərbaycan Türkiyə rəhbərliyi ilə razılaşdırır. Ona görə də bugünkü səfər çərçivəsində hava limanın açılışı mərasimi ilə yanaşı qapalı şəraitdə yəqin ki, Rusiyanın yeni təklifləri müzakirə olunacaq».