"Qoşulmama Hərəkatı Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında mühüm rol oynayır” -RƏY
“Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi həm təşkilata, həm də ölkəmizə müsbət dividentlər gətirib. Ötən əsrdə, 1961-ci ildə yaranan bu təşkilatın əsas məqsədi üzv dövlətlər arasında sülh və sabitliyi təmin etməkdir”.
Yenixeber.org: Bunu Bakı Dövlət Universitetinin müəllimi, politoloq Sultan Zahidov bu il oktyabrın 11-də Prezident İlham Əliyevin Qoşulmama Hərəkatının yüksək səviyyəli toplantısındakı çıxışı barədə danışarkən deyib.
"Qoşulmama Hərəkatı Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması baxımından mühüm rol oynayır”
O bildirib ki, Qoşulmama Hərəkatının beynəlxalq müstəvidə Azərbaycana ciddi dəstəyi olub: “Bu təşkilatın üzvləri arasında İkinci Qarabağ müharibəsindən əvvəl və sonra Azərbaycanın haqlı mövqeyini dəstəkləyənlər olub. 2020-ci ilin oktyabrın 19-da BMT Təhlükəsizlik Şurasında Azərbaycan əleyhinə qətnamə layihəsi irəli sürülmüşdü. Onun qəbul edilməməsinin əsas səbəbi isə məhz BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvləri və Qoşulmama Hərəkatının üzvləri idilər. Çünki Azərbaycan qurumun bütün prinsiplərinə əməl edir, o cümlədən digər dövlətlərin ərazi bütövlüyünü qoruyur".
Politoloq 2019-cu ilin oktyabrında Qoşulmama Hərəkatının növbəti sammitinin Bakıda keçirildiyini xatırladaraq deyib ki, həmin vaxt Prezident İlham Əliyev bir çox dövlətlərin diqqətini Qarabağ məsələsinə yönəltmişdi: "Beləliklə, bir çox dövlət Azərbaycanın haqlı mövqeyini tanıdı. Azərbaycanın sədrliyi dövründə BMT-nin pandemiya ilə əlaqədar xüsusi sessiyasının keçirilməsi ilə bağlı müraciət ünvanlanmışdı. Müraciət dəstəklənmiş və xüsusi sessiya çağırılmışdı. Bir sözlə, Qoşulmama Hərəkatı Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması baxımından mühüm rol oynayır”.
"Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyinin növbəti dəfə uzadılması etimad əlamətidir"
Siyasi elmlər doktoru, professor Sabir Məmmədli isə "Report"a açıqlamasında diqqətə çatdırıb ki, Qoşulmama Hərəkatı üzvlərinin sayına görə BMT-dən sonra ikinci böyük təşkilatdır.
O bildirib ki, burada dünyanın müxtəlif regionlarından olan dövlətlər var: "Qoşulmama Hərəkatının ölkələr arasında informasiya yayımında mühüm rolu olub. Son onillikdə bu qurum kifayət qədər fəallaşdı. Sevindiricidir ki, bu, Azərbaycanın sədrliyi dövrünə təsadüf edib. Beləliklə, bizim Qarabağ həqiqətlərini, ermənilərin vandallıqlarını dünyaya çatdırmaq üçün daha geniş imkanımız oldu və biz istədiyimizə nail olduq. Təsadüfi deyil ki, müharibə dövründə Qoşulmama Hərəkatı bizim təklif etdiyimiz bir sıra qətnamələri qəbul etdi".
S.Məmmədli vurğulayıb ki, Vətən müharibəsi başlayandan bir müddət sonra ermənipərəst qüvvələrin təsiri ilə Azərbaycan əleyhinə yeni qətnamənin qəbul edilməsi ətrafında müzakirələr aparılırdı. Məhz həmin qətnamənin qəbul edilməməsinin əsas səbəbi Qoşulmama Hərəkatının üzvlərinin səyi oldu: "Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyinin növbəti dəfə uzadılması etimad əlamətidir. Qoşulmama Hərəkatının üzvləri bizim uğurlu sədrliyimizi nəzərə alaraq həmin müddəti bir dəfə uzatmışdılar. Bu isə ikincidir. Azərbaycanın nüfuzunun daha da artması, beynəlxalq təşkilatlarla əlaqələrimizin güclənməsi, üzv ölkələrlə ikitərəfli münasibətlərimizin güclənməsi baxımından bu, olduqca sevindiricidir”.