İran kimin daha çox dostudur: -Azərbaycanın, yoxsa Ermənistanın?
İran Azərbaycanın dostu, ya düşmənidir? Rəsmilərin dediyinə inansaq dostudur, lakin reallıqlar, yayılan xəbərlər bunun əksini göstərir və hökumət nümayəndələrinin bəyanatlarını təkzib edir.
Yenixeber.org: Uzun illərdir İranın Azərbaycan torpaqlarını işğalı altında saxlayan Ermənistana yardım etdiyi barədə məlumatlar yayılır. Bu azmış kimi İrana məxsus avtomobillərin işğal altında olan Dağlıq Qarabağa və ətraf rayonlara yanacaq daşıması, İslam Respublikası vətəndaşlarının Azərbaycanın düşmən tapdağında olan torpaqlarında şirkət açdıqlarına dair faktlar aşkarlanıb.
Son illər isə qonşu müsəlman və özünü Azərbaycana qardaş sayan İranın Ermənistana silah və hərbi texnika ötürilməsi üçün keçid dövlət olduğuna dair informasiyalar yayılır.
İranın Azərbaycana qarşı atdığı addımlar barədə qısa məlumat verək:
İran-Ermənistan birgə layihəsinə əsasən, 2012-ci ilin noyabrın 8-də Ermənistanın Meğri şəhəri yaxınlığında, Araz çayı üzərində Su-Elektrik Stansiyasının təntənəli təməlqoyma mərasimi keçirilib. Layihəyə əsasən, Ermənistanla İran sərhədində, Araz çayı üzərində Cənubi Qafqazda iki ən güclü SES tikiləcək. Bunun bir hissəsi Araz çayının Ermənistan, digər hissəsi isə İran sahillərində yerləşəcək. Hər iki sahildə tikinti eyni vaxtda başlayıb.
Tikintini İran tərəfi maliyyələşdirir və bunun üçün Yerevana kredit ayrılıb. Ermənistan bu krediti 15 il ərzində SES-dəki elektrik enerjisi ilə ödəyəcək, bundan sonra stansiya təmənnasız Ermənistana təhvil veriləcək.
Bu ilin mayında Azərbaycanla İranın Araz çayı üzərində tikdiyi “Xudafərin” və “Qız qalası” hidroqovşaqlarından və SES-dən gələcəkdə Ermənistanın və Dağlıq Qarabağdakı separatçı rejimin də istifadə edə biləcəyinə dair xəbərlər yayıldı. Lakin rəsmi Bakı Azərbaycan torpaqları işğaldan azad olunmayanadək bunun qeyri-mümkün olduğunu bəyan etdi.
Eyni zamanda ölkə ictimaiyyətinin etirazlarından sonra Azərbaycan Xarici İşlər Nazirliyi və İran tərəfi İranın işğal olunmuş Cəbrayıl rayonu ərazisində, Araz çayı üzərində saldığı körpülərlə bağlı açıqlama verməli oldu.
Rəsmi Tehranın açıqlamasına əsasən, 2016-cı il fevral 25-də İranda rəsmi səfərdə olan Azərbaycanın İqtisadi İnkişaf naziri Şahin Mustafayevlə iranlı həmkarı, Rabitə və İnformasiya texnologiyaları naziri Mahmud Vaizi arasında ikitərəfli əməkdaşlıq müqaviləsi imzalanıb. Bu müqavilə ilə Xudafərin çayı üzərində "Xudafərin" SES və "Qız Qalası" su hidroqovşaqlarının tikintisi barədə razılığa gəlinib. Həmin körpülər bu işlər çərçivəsində salınıb.
Bu ilin qışında isə İrana məxsus yük avtomobillərinin Azərbaycanın işğal altında olan ərazilərinə yanacaq və ərzaq daşımalarını nümayiş etdirən videogörüntülər yayıldı. Tehranın Azərbaycandakı səfirliyi bunu da ört-basdır etməyə səy göstərdi. Diplomatik nümayəndəlikdən bildirildi ki, yayılan görüntülər həqiqəti əks etdirmir: “Azərbaycan mətbuatında İrana məxsus yük avtomobillərinin işğal altındakı Azərbaycan ərazilərinə yanacaq və ərzaq daşımalarını nümayiş etdirən video ilə bağlı yayımlanan xəbəri təkzib edərək bildiririk ki, Tehran-Bakı əlaqələrinin hərtərəfli və geniş inkişafı astanasında düşmənlərimiz və əlaqələrimizin inkişafını istəməyən qüvvələr bu inkişaf prosesinin qarşısını almaq məqsədilə saxta video yayaraq iki ölkə arasında mövcud olan yaxşı qonşuluq əlaqələrinə kölgə salmağa çalışırlar…”.
Səfirlik bu məsələdə erməniləri ittiham etdi və bildiridi ki, video saxtadır. Ancaq həmin görüntülərin təzə olduğu açıq-aşkar görünürdü. Videodakı şəxs İranın Dağlıq Qarabağdakı erməniləri koronaviurusa yoluxduracağını deyir. Həmin dövrdə ermənilər Ermənistanda və Dağlıq Qarabağda bu virusun yayılmasında İranı başlıca mənbə olaraq görürdülər. Bununla belə, Ermənistanın başqa dövlətlərlə sərhədi bağlı olsa da, İslam Respublikası ilə aralarında gediş-gəlişə indi də fasilə verilməyib.
Yeri gəlmişkən, ötən ilin payızında Dağlıq Qarabağa sərmayə qoyan 80 İran şirkətinin adları da açıqlanmışdı. Həmin şirkətlər və şəxslər barədə tədbir görüldüyünə dair rəsmi Tehran indiyədək heç bir açıqlama verməyib.
Bu ilin avqustun 13-də Prezident İlham Əliyev rusiyalı həmkarı Vladirmi Putinlə telefon danışığında Rusiyadan Ermənistana hərbi təyinatlı yüklərin daşınması ilə bağlı öz narazlığını bildirimişdi.
Dövlət başçısı Ermənistan-Azərbaycan sərhədində baş verən toqquşmalar başa çatandan sonra iyulun 17-dən avqustun 13-dək Rusiyadan Ermənistana hərbi təyinatlı yüklərin daşınmasının intensiv xarakter almasının Azərbaycan ictimaiyyətində narahatlıq və ciddi suallar doğurduğunu Rusiya Prezidentinin diqqətinə çatdırmışdı.
Prezident İlham Əliyev Ermənistan-Azərbaycan sərhədində baş vermiş hərbi toqquşmadan dərhal sonra Rusiyadan Qazaxıstan, Türkmənistan və İran İslam Respublikasının hava məkanından istifadə edərək Ermənistana daşınan hərbi təyinatlı yüklərin həcminin 400 tondan artıq olduğunu bildirmiş və telefon zənginin əsas məqsədinin bu məsələnin aydınlaşdırılması olduğunu vurğulamışdı.
İran tərəfi bu faktı da əvvəlkilər kimi ört-basdır etdi. Sentaybrın 6-da İranın Ermənistana silah ötürməsi ilə bağlı yenə xəbərlər yayıldı.
İranın Azərbaycandakı səfirliyi məlumatı təkzib edib: "Bəzi KİV-də İran İslam Respublikasının Norduz sərhəd-keçid məntəqəsindən Rusiyaya məxsus silah və hərbi texnikanın Ermənistana daşınması haqqında yayılan xəbərləri nəzərə alaraq bildirmək istərdik ki, bu xəbərlər yalan və əsassızdır".
Ancaq İranla Ermənistanın və ya ermənilərin ortaq silah alveri beynəlxalq ictimaiyyətədə də məlumdur. Britaniyalı müəllif, ekspert Harold Keyn “Narko Qarabağ” (“Narco Karabakh”) adlı kitabında da ermənilərin silah qaçaqmalçılığından bəhs edib. Bu kitab 2019-cu ildə işıq üzü görüb. Müəllif yazır ki, silah alveri şəbəkəsinin daha bir tanınmış siması qondarma Dağlıq Qarabağ rejiminin nümayəndəsi Samvel Babayandır. Harold Keyn onun Gürcüstan üzərindən İrana və başqa ölkələrə silah tədarükü yolunu açdığını aşkarlayıb. Britaniyalı araşdırmaçı daha sonra yazıb: “Ermənistanın qanunsuz silah alverindəki iştirakı artıq beynəlxalq əhəmiyyətli fəsadlara səbəb olur. Belə ki, 2018-ci ildə İspaniya polisi məhz silah qaçaqmalçılığı ilə bağlı erməni mafiyasına qarşı Madrid, Barselona, Valensiya, Alikante, Albasete şəhərlərində genişmiqyaslı əməliyyatlar aparmışdı”.
Rəsmi Yerevan İranla silah alverinə və ya İrandan işğalçı dövlətə hərbi avadanlıq göndərilməsi məsələsinə indiyədək münasibət bildirməyib. İran səfirliyinin sentyabrın 7-də yaydığı təkizibi isə Ermənistan mətbuatı İslam Respublikasının Azərbaycana “xəbərdarlığı” kimi dəyərləndirib.
Belə görünür ki, İranın Yerevandakı səfirliyi Ermənistan hakimiyyətindən uyğun diplomatik cavabın verilməsini indiyədək tələb etməyib. Belə çıxır, yayılan xəbər düzdür, əks halda rəsmi Yerevan bu məsələdə müttəfiqi və dostuna kömək etmək üçün informasiyanı çoxdan təkzib edərdi. Ermənistanın təkzib etməməsi, İranın təzyiq altında qalmasıdır. Deməli, rəsmi Yerevan Tehranın bu halından həzz alır.
Bu baxımdan, İranın Azərbaycandakı səfirliyinin yaydığı bəyanatı da yarımçıq saymaq olar...
Sentyabrın 7-də Prezident İlham Əliyev İranın Azərbaycana yeni təyin edilən səfiri Seyid Abbas Musəvinin etimadnaməsini qəbul etdi. Həmin görüşdə səfir Azərbaycan dilində, Azərbaycan türkcəsində danışdı. Düzdür, burada qeyri-adi heç nə yoxdur. İran əhalisinin yarısından çoxunun Azərbaycan türkü olduğu hamıya məlumdur. Odur ki Abbas Musəvinin də bu dili bilməsi təbiidir. Amma erməni dilindən fərqli olaraq, onun danışdığı dil təəssüf ki, İranda tədris olunmur. Bir də indiyədək Tehranın Azərbaycana təyin etdiyi səfirlərin, demək olar ki, hamısı Azərbaycan türkcəsində danışıb.
Həmin qəbulda Azərbaycan Prezidenti və İran səfiri bir-biri ilə tərcüməçinin köməyi olmadan danışdılar. Deməli, xoş məram olarsa, bütün problemləri danışmaq, üçüncü tərəf olmadan həll etmək mümkündür.