Cəlilabadlılar yeni polis rəisinə inanırlar!
“Heç bir qanuna tabe olmamaq özünü xilasedici müdafiədəm məhrum etmək deməkdir, çünki qanunlar bizi təkcə başqalarından deyil, özümüzdən də müdafiə etmək üçündür.” (Henrix Heyne, alman şairi)
Yenixeber.org: Cəlilabad məmləkətimizin polis əndirəbadiliyi ilə seçilən 3-5 rayonundan biridir. Nə bəladırsa, həmişə belə olub. Tək istisna, mərhum polis general-mayoru Rasim Musayev idi ki, onu da Allah təkcə bizim rayona yox, bütün Azərbaycan polisinə çox gördü.
Düzünə qalanda, yerli camaatın yeni polis rəisindən də gözləntiləri çoxdur və bir çox məqamlarda Mübariz müəllimi Rasim Musayevin varisi hesab edirlər. Tutduğu yüksək vəzifəyə peşəkar münasibət, tələbkarlıq, nizam-intizam, cəmiyyət və dövlət maraqlarına xələl gətirəcək təhlükəli cinayət əməllərinə yönəli sərt mövqe, polisin cəmiyyətdəki nüfuz və rolunu artırmaq istəyi, - onu səciyyələndirən başlıca xüsusiyyətlərdir. O, eyni zamanda “ruçka”sını qitələrarası ballistik raketin nüvə başlığı hesab edən yazar “tayfasına” qarşı məsafəli davranışı, heç nəyin və heç kimin qanundan üstün olmadığını aşılamaq bacarığı ilə seçilən nadir vəzifə sahiblərindəndir.
Hal-hazırda Cəlilabad rayon polis şöbəsində möhtəşəm təmir-tikinti işləri aparılır, polis əməkdaşlarının xidməti fəaliyyətinə müsbət mənada təsir edəcək infrastruktur dəyişikliklər həyata keçirilir.
Bir sözlə, cəlilabadlılar yeni rəisin sayəsində təkcə binanın yox, həm də məsləkinə xəyanət edən bəzi-para polis əməkdaşlarının əqidəcə dəyişəcəyinə inanırlar.
....
Baxmayaraq, hələ ki, neqativ hallar mövcuddur. Məsələn, toyda xuliqanlıq edib dava salanlar sərbəst qalır, toya və şadlıq sarayına aidiyyatı olmayan insanları küçədən döyə-döyə, söyə-söyə maşınlara basıb aparırlar şöbəyə; səhərə qədər eşşək balası kimi çırpırlar, at balası kimi minib çapırlar, sonra da... sonra da “atın-eşşəyin” valideynləri gəlirlər, - gəlirlər ki, bir yol tapıb günahsız balalarını polisin şərindən qurtarsınlar.
Yaxud, bəzi polis əməkdaşları əməlli-başlı alverxana yaradıblar. Əgər ödəniş qabiliyyətin varsa (gedib dilənə də bilərsən), narahat olmağa dəyməz.
....
Bir məsələni xüsusi vurğulamaq istəyirəm: heç kimə sirr deyil ki, Cəlilabad rayonunda azyaşlı qızların nigaha cəlb edilməsi adi bir haldır və heç bir ictimai qınağa səbəb yaratmır. Çünki, bu məsələni mental dəyər hesab edərək, qanunla hesablaşmaq istəməyən yüzlərlə toplum nümayəndəsi mövcuddur. Və bu hal
durmadan artır. Niyəsi məlum! Molla bəxşişin alıb əqdin oxuyur, polis də pulun alıb, görməzdən gedir. Bütün bunları yazmaqda məqsədim heç də o deyildir ki, bu hərəkətdə iştirak edənlər müxtəlif üsul və vasitələrlə cəzalandırılsın. Əstəğfürullah! Məncə, bu hər kəsin başına gələ biləcək bir işdir və sonda faciə axtarmağın yeri yoxdur. Sadəcə, polisin bu tip taleyüklü məsələyə biznes marağından yanaşması anlaşılan deyil.
Sizcə, hansı daha təhlükəlidir: ata-baba qaydası, yaxınların xeyir-duası ilə baş tutan nigah, yoxsa yüzlərlə insanın həyatını məhv edəcək konapilə, xaş-xaş istehsalı?! Bəlkə, 13-14 yaşlı qızların fahişəliyə cəlb edilməsi? Məntiqin qara üzü: istənilən cinayəti ört-basdır etmək olar, amma qızını ərə vermisənsə ən böyük cinayətkarsan.
....
Məsuliyyət, işgüzarlıq, humanistlik, etik davranış qaydaları tamamilə yaddır Cəlilabad polis şöbəsinin gənclərdən ibarət sıravi-çavuş heyyətinə. Onları fərqləndirən tək amil boylarının uzunluğudur. İntellekt yox, savad “0” səviyyəsində, qabiliyyətdən danışmağa dəyməz...
Dövlətin məqamından yararlanaraq “kabadayılıq” iddiası ilə alışıb-yanırlar. Yumruq və təpiklərini “jivoy mişenlər” üzərində sınamaqdan həzz alırlar.
Əslində, DİN-in boyla bağlı tətbiq etdiyi hal-hazırkı norma həm konstitusiyaya, həm də ölkə insanına hörmətsizlikdir və seçim imkanlarını məhdudlaşdırır. (Bu mövzuya hökmən qayıdacağam.)
Yazının “DABAN”I:
Mən Platon düşüncəsinin əksinə olaraq, həqiqət kimi görünən şeylərə yox, həqiqətin özünə inanan adamam. İnandım və yazdım.
Yeni məqamınız mübarək, cənab rəis! Xeyirli-uğurlu olsun, inişallah!
HÜSAMƏ bin SƏRXAN (Hüsaməddin Əhmədov)
Cəlilabad rayonu, Qarazəncir kəndi