Əhməd Muxtarovun köməkçisi Hacıqabulda ağsaqqallıq edir
Afiq Kərimov bütün idarə, təşkilat və müəssisələrdə işə götürmək, işdən çıxarmaq məsələlərini nəzarətində saxlayır
Xeberinfo.com: Onun «dabrosu»nu alan Şirvan şəhər Qaz İstismar İdarəsinin rəisi Elxan müəllim Hacıqabul-Şirvan qaz xəttindəki boruları satmağa başlayıb Ötən saylarımızın birində qeyd etdiyimiz kimi, Hacıqabul Rayon İcra Hakimiyyətinin başçısı Əhməd Muxtarovun köməkçisi Afiq Oqtay oğlu Kərimov bir sıra neqativ hallara, ciddi nöqsanlara rəvac verir. Məhz elə bu səbəbdən də rayon sakinləri, əsasən də iş adamları, fermerlərin onun barəsində dəfələrlə müvafiq qurumlarına şikayət ünvanladıqlarını qeyd edən məlumatlı şəxsin Gundelik-Baku.com-la bölüşdüyü informasiyada bildirilir ki, Afiq Kərimov «Burda mən, Bağdadda kor xəlifə» deyərək özünü rayonun ağası kimi aparır. Belə ki, onun hətta bəzi məqamlarda Əhməd Muxtarovun belə, göstərişlərinə məhəl qoymadığını iddia edən mənbənin sözlərinə görə, icra başçısının köməkçisi Hacıqabul rayonunda az qala bütün idarə, təşkilat və müəssisə rəhbərlərini özündən asılı vəziyyətə salıb: «Deyilənlərə görə, rayonda ürəyi istədiyi kimi hərəkət edən Afiq Kərimov vətəndaşlarla olduqca kobud şəkildə rəftar edir, şikayətlərin müraciətlərinə məhəl qoymur, onların icra başçısı ilə qəbulunu təşkil etmir. Bildirilir ki, onun irəli sürdüyü «tələb»lər rayon sakinlərini, yerli iş adamlarını, həmçinin fermerləri təngə ətirib. Deyilənlərə görə, Hacıqabul Rayon İcra Hakimiyyətinin başçısı Əhməd Muxtarovun köməkçisi Afiq Kərimov barəsində bir neçə dəfə müvafiq orqanlara şikayət edilsə də, hələ də heç kim onun barəsində lazımı ölçü götürməyib». Əldə etdiyimiz məlumatlarda həmçinin, o da qeyd olunur ki, Afiq Kərimovun adı rayonda həyata keçirilən bəzi məsələlərin əsas icraçısı kimi çəkilir: «Deyilənlərə görə, icra başçısının köməkçisi Afiq Kərimov hər ay rayondakı idarə, təşkilat və müəssisə rəhbərliyilə görüş keçirir və onların «təşəkkür»lərini qəbul edir. Bundan başqa, onu da nəzərinizə çatdırım ki, neçə illərdir ki, xəstəlikdən əziyyət çəkən Afiq Kərimov müxtəlif yollara baş vuraraq hərbi xidmətdən yayınıb. Lakin nədənsə indiyədək bu məsələni araşdıran olmayıb. Hələ bu, harasıdır. Deyilənlərə görə, «Bacanaqlar» serialının növbəti bölümləri Hacıqabul rayonunda çəkiləcək. Odur ki, hər kəsə maraqlıdır, görəsən Hacıqabul Rayon İcra Hakimiyyətinin başçısı Əhməd Muxtarovun köməkçisi Afiq Kərimovu «Bacanaqlar» serialı ilə nə bağlayır?..» Bu arada, Afiq Kərimovla Şirvan şəhər Qaz İstismar İdarəsinin rəisi Elxan müəllimin yaxın əlaqələrinin olduğunu vurğulayan məlumatlı şəxs bildirir ki, Hacıqabul Rayon İcra Hakimiyyətinin başçısının köməkçisinin himayəsinə arxalanan idarə rəisi Hacıqabul-Şirvan qaz xəttindəki boruların böyük bir hissəsini satır: «Deyilənlərə görə, icra başçısı Əhməd Muxtarovun köməkçisi Afiq Kərimovun «dabrosu»nu alan Şirvan şəhər Qaz İstismar İdarəsinin rəisi Elxan müəllim bu yaxınlarda Hacıqabul-Şirvan qaz xəttindəki boruları satmağa başlayıb. Halbuki həmin borular yeni, yəni istifadəyə tam yararlıdır. Lakin buna baxmayaraq, idarə rəisi həmin boruları «metallom» kimi ayrı-ayrı şəxslərə satır. Deyilənlərə görə, Elxan müəllim bu yaxınlarda qaz borularına görə bir nəfərdən 4 min manat beh də alıb. Maraqlıdır, görəsən «Azəriqaz» İstehsalat Birliyinin rəhbəri Əkbər Hacıyevin bütün bunlardan xəbəri varmı?..» Hacıqabul Rayon İcra Hakimiyyətinin başçısı Əhməd Muxtarovun köməkçisinin rayonda ağsaqqallıq etdiyini, az qala bütün idarə, təşkilat və müəssisələrdə işə götürmək, işdən çıxarmaq məsələlərinə nəzarət etdiyini iddia edən mənbənin sözlərinə görə, rayonun Padar-Muğan-Qarasu ərazisində 5 min hektara yaxın əkinə yararlı dövlət torpaqları məhz Afiq Kərimovun nəzarətindədir: «Deyilənlərə görə, onun Hacıqabul-Horadiz yolunun üstündə çoxlu sayda ticarət, istirahət obyektləri var. Bir müddət əvvəl isə o, Hacıqabul rayonunda karxana açıb. Bir sözlə, hazırda Afiq Kərimovun Hacıqabul rayonu ərazisində çoxlu sayda obyekti, çörək sexi, kafesi, apteki və digər biznes strukturları var. Əgər müvafiq dövlət qurumları Hacıqabul Rayon İcra Hakimiyyətinin başçısı Əhməd Muxtarovun köməkçisinin fəaliyyətini ciddi və obyektiv şəkildə araşdırsalar, o zaman Afiq Kərimovun bu boyda sərvəti hansı yolla əldə etməsi hər kəsə bəlli olacaq».
Məsələ ilə bağlı qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.