Şirvanda narkotik istifadəçilərinin və onun ticarətilə məşğul olanların sayı xeyli artıb
Şəhər polis şöbəsi nədənsə «ağ ölüm»lə mübarizədə acizlik nümayiş etdirir
Xeberinfo.com: Bu yaxınlarda külli miqdarda marqans tozu ilə yaxalanan Rəhman Abdullayev necə sərbəst buraxılıb? Təxminən, bir ay bundan öncə daxili işlər nazirinin müvafiq əmrinə əsasən Şirvan Şəhər Polis Şöbəsinin rəisi Şahin Mirzəyev tutduğu vəzifədən azad edilərək Şamaxı Rayon Polis Şöbəsinin rəisi vəzifəsinə təyin olunub. Bu və digər bir sıra önəmli məqamlarla bağlı əldə etdiyi bilgiləri Gundelik-Baku.com-la paylaşan məlumatlı şəxsin sözlərinə görə, Şirvan keçmiş polis rəisi Şahin Mirzəyevin «Məndə malın var» əməliyyatı artıq «get özünə yeni iş yeri tap» cümləsilə əvəz olunub. Beləliklə, hazırda daxili işlər orqanlarında çalışan şəxslərin bir qisminin asayişin bərqərar edilməsi, o cümlədən cinayətkarlığa qarşı mübarizədə zəiflik nümayiş etdirdiyini iddia edən mənbənin sözlərinə görə, Şahin Mirzəyev Şirvan Şəhər Polis Şöbəsinə rəhbərlik etdiyi dönəmlərdə dövlətin təsdiq etdiyi qanunlarla yox, özünün müəyyən etdiyi «qayda»larla işləyib: «Deyilənlərə görə, Şahin Mirzəyev haqqında son vaxtlar xoşagəlməz fikirlər səsləndirilir. Belə ki, onun rəhbərlik etdiyi dönəmlərdə Şirvan Şəhər Polis Şöbəsinin bir qrup əməkdaşları tamam başqa işlərlə məşğul olurdu. Nəzərinizə çatdıraq ki, Şahin Mirzəyev necə bir sistem qurubsa Şirvan Şəhər Polis Şöbəsi hazırda məhz həmin ənənələri davam etdirir. Belə ki, polis əməkdaşlarının bir qisminin əsas işi ancaq ticarət obyektlərinə müdaxilə etməkdir. Lakin buna baxmayaraq, deyilənlərə görə, Şirvan şəhərində baş verən ağır cinayətlərin üstü açılmır, narkoticarətə qarşı lazımı səviyyədə mübarizə aparılmır. Bildirilir ki, törədilmiş ağır cinayətlərin üstü aylarla açılmır». Şahin Mirzəyevin Şirvan Şəhər Polis Şöbəsinə rəis vəzifəsinə təyin olunmasından sonra adıçəkilən rayonda narkotik maddələrin satışı ilə məşğul olan şəxslərin fəaliyyətinin nəzərəçarpacaq dərəcədə genişləndiyini vurğulayan məlumatlı şəxs bildirir ki, hətta iş o yerə çatıb ki, narkotik maddələri satan şəxslər son dövrlər orta məktəblərə belə, yol tapıblar: «Deyilənlərə görə, bu gün Şirvan şəhərində yüzlərlə gənc narkotik maddələrdən asılı vəziyyətə düşüb. Onların arasında orta məktəb şagirdləri də var. Şirvan Şəhər Polis Şöbəsi isə narkotacirlərə qarşı istənilən səviyyədə mübarizə aparmır. Hələ bu, harasıdır. Deyilənlərə görə, ağır cinayət əməli törədənlər belə, Şirvan Şəhər Polis Şöbəsi tərəfindən saxlanılsalar da bir müddət sonra müəmmmalı şəkildə azadlığa buraxılırlar. Misal kimi, Şirvan şəhərində çoxunun «apteklər kralı» qələbilə tanıdığı, qeyri-qanuni əczaçılıq fəaliyyəti ilə məşğul olan Rəhman Abdullayevi göstərmək olar. Belə ki, deyilənlərə görə, o, bu yaxınlarda kimyəvi adı kalium-permanqanat (KMnO4) olan külli miqdarda marqans tozu ilə yaxalanıb. Lakin qısa müddət sonra müəmmalı şəkildə azadlığa buraxılıb. Halbuki müvafiq qanunvericiliyə görə, marqansın satışı xüsusi nəzarətdə saxlanılır. Çünki ondan həm partlayıcı maddə, həm də psixotrob maddə kimi istifadə oluna bilər. Buna baxmayaraq, Şirvan Şəhər Polis Şöbəsi Rəhman Abdullayevi saxlanıldıqdan bir qədər sonra sərbəst buraxıb. Maraqlıdır, görəsən bu, niyə və nəyin qarşılığında baş verib?..» Bu arada, əldə etdiyimiz bilgilərdə həmçinin, o da qeyd olunur ki, Şirvan şəhəri, Hacıqəhrəmanlı qəsəbəsində məhz narkotik maddə ilə yaxalanların böyük əksəriyyəti hazırda azadlıqdadır: «Deyilənlərə görə, narkotiklə tutulanların çoxu çöldədir. Hələ bu, harasıdır. Bildirilir ki, bu gün Şirvan şəhəri, Çılpaqlı qəsəbəsindəki 10 ağacdan 15 min məhsul götürmək arzusunda olanlar da var. Bütün bunlar onu deməyə əsas verir ki, Şirvan Şəhər Polis Şöbəsi «ağ ölüm»lə mübarizədə acizlik nümayiş etdirir. Məhz elə bu səbəbdən də şöbənin əməkdaşları bəzi məqamlarda narkotik satışı ilə məşğul olan şəxslərin əməllərinə göz yumurlar. Halbuki polis əməkdaşlarının birbaşa vəzifə borcudur ki, şəhərdə narkotiklərin qanunsuz dövriyyəsilə məşğul olan kriminal mühitlə mübarizə aparsın və onların neytrallaşdırılması istiqamətində bütün gücünü səfərbər etsin. Lakin nədənsə Şirvan Şəhər Polis Şöbəsi bu məsələyə laqeyd münasibət sərgiləyir. Buna görədir ki, son zamanlar Şirvanda narkotik istifadəçilərinin və onun ticarətilə məşğul olanların sayı xeyli artıb».
Mövzu ilə bağlı qarşı tərəfin də fikirlərini dərc etməyə hazırıq.