Horadiz əməliyyatından 22 il ötür - FOTOLAR
Azərbaycan Ordusunun Ulu öndər Heydər Əliyevin rəhbərliyi altında 1994-cü il yanvarın 5-dən 6-a keçən gecə keçirdiyi uğurlu əməliyyatla Horadiz qəsəbəsi də daxil olmaqla, Füzuli rayonunun 22 yaşayış məntəqəsinin erməni işğalçılarından azad edilməsindən 22 il ötür.
Xeberinfo.com: Bu münasibətlə Horadiz şəhərində Heydər Əliyev parkında rayonun idarə, müəssisə, hüquq mühafizə orqanları rəhbərlərinin, ərazidəki icra nümayəndələri, bələdiyyələrin və ictimaiyyət nümayəndələrinin iştirakı ilə tədbir keçirilmişdir.
Əvvəlcə Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev və tədbir iştirakçıları ümummilli lider Heydər Əliyevin Horadiz şəhərindəki abidəsini ziyarət etmiş, önünə gül dəstələri düzərək xatirəsinə ehtiramlarını bildirmişlər.
Tədbiri rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev açmış, Horadiz əməliyyatının əhəmiyyətindən danışmışdır.
Bildirmişdir ki, 1993-cü ilin oktyabr ayında tam işğala məruz qalan Füzuli rayonunun 22 yaşayış məntəqəsi Ulu öndər Heydər Əliyevin qətiyyəti, böyük sərkərdəlik məharəti, döyüş bölgəsinə gedərək orduda güclü ruh yüksəkliyi yaratması nəticəsində düşməndən azad edilmişdir.
- “Azərbaycanın hərb tarixinə qızıl hərflərlə yazılan Horadiz əməliyyatı zamanı Horadiz qəsəbəsi və rayonun 20 Arazboyu kəndi, o cümlədən Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi işğaldan azad edilmiş, 21 min hektar ərazi düşmən tapdağından xilas olunmuşdur. Bu döyüşlərdə ermənilər böyük itkilər vermişdir”.
Alı Alıyev bildirmişdir ki, Horadiz və işğaldan azad olunmuş digər yaşayış məntəqələri Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə bərpa olunmağa başladı, sosial obyektlər, dağıdılmış və yandırılmış infrastruktur bərpa olundu, füzulililər doğma yurdlarına qayıtdılar. 2003-cü ildə prezident seçkiləri ərəfəsində “Azərbaycanda bir dənə də olsun çadır düşərgəsi qalmayacaq”,-deyən Prezident İlham Əliyevin Sərəncamları ilə rayon ərazisində 11 Qayıdış, 5 Zobucuq qəsəbələri salınmışdır, hazırda həmin qəsəbələrdə 20 min nəfərdən artıq məcburi köçkün məskunlaşaraq yaşayırlar. Hazırda rayonda Fin quraşdırma evlər şəhərciyinin ərazisində yeni qəsəbənin tikintisi aparılır. Ölkə başçısının Sərəncam və tapşırıqlarına uyğun olaraq ərazidə məskunlaşmış əhalinin elektrik enerjisi, su, qaz, yol və başqa məişət qayğıları ödənilmişdir.
“Prezident cənab İlham Əliyevin yüksək diqqət və qayğısı sayəsində Horadizə şəhər statusu verilmiş, müasir sosial-infrastruktur layihələri reallaşdırılmışdır. Son 13 ildə Prezident cənab İlham Əliyev Füzuliyə 5 dəfə səfər etmiş, rayonun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında 6 Sərəncam imzalamışdır.”-deyə Alı Alıyev vurğulamışdır.
Digər çıxış edənlər Azərbaycan bayrağı ordenli Sevindik İsmayılov, Horadiz şəhərində erməni bayrağını endirib Azərbaycan bayrağını sancan Şakir Bayramov və digərləri Qarabağ müharibəsi tarixində Horadiz əməliyyatının xüsusi yeri olduğunu vurğulamışlar. Bildirilmişdir ki, Horadiz əməliyyatı hərb tariximizin ən parlaq səhifələrindən biridir. Məhz bu əməliyyat Azərbaycan Ordusunun nəyə qadir olduğunu açıq şəkildə göstərmişdir.
Qeyd olunmuşdur ki, cəbhə bölgəsində, düşmənlə bir neçə addımlıqda yaşayan, işləyən və mübarizə aparan füzulililər ölkədə həyata keçirilən mütərəqqi islahatları rayonun sosial-iqtisadi həyatına tətbiq etməklə tikinti-quruculuq, abadlıq işlərini gündən-günə genişləndirirlər. Görülən işlər, həyata keçirilən tədbirlər əhalinin əhval-ruhiyyəsini yüksəldir, onları bütün sahələrdə uğurlar qazanmağa ruhlandırır. Füzulililər Prezident cənab İlham Əliyevin ətrafında sıx birləşərək, ona inanır və dəstəkləyirlər. İnanırlar ki, cənab İlham Əliyevin apardığı uğurlu daxili və xarici siyasət nəticəsində tezliklə Füzuliyə, işğal altında olan torpaqlara qayıdacaqlar.