Füzuli rayonunun 22 yaşayış məntəqəsinin işğaldan azad edilməsindən 23 il ötür -FOTOLAR
Azərbaycan Ordusunun Ulu öndər Heydər Əliyevin rəhbərliyi altında 1994-cü il yanvarın 5-dən 6-na keçən gecə keçirdiyi uğurlu əməliyyatla Horadiz qəsəbəsi də daxil olmaqla, Füzuli rayonunun 22 yaşayış məntəqəsinin erməni işğalçılarından azad edilməsindən 23 il ötür.
Xeberinfo.com: Bu münasibətlə Horadiz şəhərində Heydər Əliyev parkında keçirilən tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev, Milli Məclis sədrinin müavini, Füzuli rayonundan millət vəkili Bahar Muradova, rayonun idarə, müəssisələrinin kollektivləri, hüquq mühafizə orqanları rəhbərləri, ərazidəki icra nümayəndələri, bələdiyyələr, N saylı hərbi hssənin əsgər və zabitləri, keçmş döyüşçülər, ictimaiyyət nümayəndələri iştirak edib.
Əvvəlcə Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev, Bahar Muradova və tədbir iştirakçıları ümummilli lider Heydər Əliyevin Horadiz şəhərindəki abidəsini ziyarət edib, önünə gül dəstələri düzərək xatirəsinə ehtiramlarını bildiriblər.
Tədbiri rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev açıb, Horadiz əməliyyatının əhəmiyyətindən danışıb. Bildirib ki, 1993-cü ilin oktyabr ayında tam işğala məruz qalan Füzuli rayonunun 22 yaşayış məntəqəsi Ulu öndər Heydər Əliyevin qətiyyəti, böyük sərkərdəlik məharəti, döyüş bölgəsinə gedərək orduda güclü ruh yüksəkliyi yaratması nəticəsində düşməndən azad edilib: “Azərbaycanın hərb tarixinə qızıl hərflərlə yazılan Horadiz əməliyyatı zamanı Horadiz qəsəbəsi və rayonun 20 Arazboyu kəndi, o cümlədən Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi işğaldan azad edilib, 21 min hektar ərazi düşmən tapdağından xilas olunub. Bu döyüşlərdə ermənilər böyük itkilər verib”.
Alı Alıyev bildirib ki, Horadiz və işğaldan azad olunmuş digər yaşayış məntəqələri Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə bərpa olunmağa başlayıb, sosial obyektlər, dağıdılmış və yandırılmış infrastruktur bərpa olunub, füzulililər doğma yurdlarına qayıdıblar. 2003-cü ildə prezident seçkiləri ərəfəsində “Azərbaycanda bir dənə də olsun çadır düşərgəsi qalmayacaq”, - deyən Prezident İlham Əliyevin Sərəncamları ilə rayon ərazisində 11 Qayıdış, 2007-ci ildə 5 Zobucuq qəsəbəsi, 2016-cı ilin noyabr ayında Prezident cənab İlham Əliyevin Füzuliyə növbəti səfəri zamanı isə respublikada sonuncu fin evi də ləğv edilərək burada məkunlaşan məcburi kökünlər yeni daş evlər qəsəbəsinə köçürülüb. Hazırda həmin qəsəbələrdə 20 min nəfərdən artıq məcburi köçkün məskunlaşaraq yaşayırlar. Ölkə başçısının Sərəncam və tapşırıqlarına uyğun olaraq ərazidə məskunlaşmış əhalinin elektrik enerjisi, su, qaz, yol və başqa məişət qayğıları ödənilib. “Prezident cənab İlham Əliyevin yüksək diqqət və qayğısı sayəsində Horadizə şəhər statusu verilib, müasir sosial-infrastruktur layihələri reallaşdırılıb. Son 5 ildə Prezident cənab İlham Əliyev Füzuliyə 3 dəfə səfər edib, rayonun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında 7 Sərəncam imzalayıb”, - deyə Alı Alıyev vurğulayıb.
Milli Məlis sədrinin müavini Bahar Muradova çıxış edərək Qarabağ müharibəsi tarixində Horadiz əməliyyatının xüsusi yeri olduğunu vurğulayıb. Bildirib ki, məhz Horadiz əməliyyatı ilə Azərbaycan ordusunun qələbə əzmi özünə qayıtmışır. Bahar Muradova hazırda Azərbaycan ordusunun Qafqazın ən güclü ordusunun olduğunu, Ali Baş komandan İlham Əliyevin rəhbəliyi ilə işğal altnda olan torpaqlarımızı düşməndən istənilən zaman azad etmək əzmində olduğunu vurğulayıb. Biz bunun 2-5 aprel döyüşləri zamanı bir daha şahidi olduq.
Digər çıxış edənlər Azərbaycan bayrağı ordenli Sevindik İsmayılov, Horadiz şəhərində erməni bayrağını endirib Azərbaycan bayrağını sancan Şakir Bayramov və digərləri Horadiz əməliyyatının hərb tariximizin ən parlaq səhifələrindən biriolduğunu vurğulayıblar.
Qeyd olunub ki, cəbhə bölgəsində, düşmənlə bir neçə addımlıqda yaşayan, işləyən və mübarizə aparan füzulililər ölkədə həyata keçirilən mütərəqqi islahatları rayonun sosial-iqtisadi həyatına tətbiq etməklə tikinti-quruculuq, abadlıq işlərini gündən-günə genişləndirirlər. Görülən işlər, həyata keçirilən tədbirlər əhalinin əhval-ruhiyyəsini yüksəldir, onları bütün sahələrdə uğurlar qazanmağa ruhlandırır. Füzulililər Prezident cənab İlham Əliyevin ətrafında sıx birləşərək, ona inanır və dəstəkləyirlər. İnanırlar ki, cənab İlham Əliyevin apardığı uğurlu daxili və xarici siyasət nəticəsində tezliklə Füzuliyə, işğal altında olan torpaqlara qayıdacaqlar.
Tədbir rayonun incəsənət ustalarının ifasında rəngarəng konsert proqramı ilə davam edib.