Gəncə seçiciləri məcburən YAP-ın namizədini boykot edəcək və öz səslərini Pərvin Kazımzadənin əleyhinə verəcəklər. Bunun tək səbəbi isə Yeni Azərbaycan Partiyasının Prezidentin tövsiyyə və tapşırıqlarına rəğmən düzgün seçim edə bilməməsi göstərilir...
Yenixeber.org: Gəncədə 37 saylı Nizami I seçki dairəsinin hakim Yeni Azərbaycan Partiyasının namizədi Pərvin Kazımzadəyə qarşı etiraz dalğası böyüməkdədir. Bu barədə Gəncədən redaksiyamıza daxil olan məlumatda bildirilir.
Növbədənkənar parlament seçkiləri ilə bağlı həyata keçirilən marafon sona çatmaq üzrədir. Artıq iki gündən sonra seçki marafonu yekunlaşacaq və xalqımız seçki qutularına gedərək öz iradəsini ifadə edəcək. Açıq deyək ki, əhalinin bu seçkilərə olan inam və etimadı digər seçkilərə nisbətən daha yüksəkdir və bu günə qədər həyata keçirilən seçki kampaniyalarında ciddi qanun pozuntuları da diqqəti cəlb etmir. Bu üzdən də bu seçkilərin daha ədalətli və demokrtaik mühitdə yekunlaşaması ilə bağlı insanlarımızda ümid böyükdür. Ən əsası isə Azərbaycanvətəndaşları öz iradələrini açıq şəkildə reallaşdıra biləcəklərinə inanırlar. Buna görə də bu gün Azərbaycanın bütün bölgələrində seçki aktivliyi müşahidə olunmaqdadır.
Bəzi namizədlərə, xüsusən də keçmişdə deputat olub, xalqın heç bir problemi ilə maraqlanmayan namizədlərə qarşı seçicilərin etirazları da müşahidə olunmaqdadır. Belə etirazlardan biri də Gəncədə 37 saylı Nizami I seçki dairəsinin hakim Yeni AzərbaycanPartiyasının namizədi Pərvin Kazımzadəyə qarşı yaşanmaqdadır.
37 saylı Nizami seçki dairəsinin bir qrup seçicisinin PİA.az-a ünvanladığı müraciətdə bildirilir ki, Gəncədə Pərvin Kazımzadənin hakim partiyadan namizəd olmasına qarşı böyük etiraz var. Seçicilər Pərvin xanımın hakim partiyanın namizədi olmasını önə çəkərək hesab edirlər ki, 37 saylı dairədə seçicilərin iradəsi nəzərə alınmaya bilər. Daxil olan müraciətdə vurğulanır ki, hazırda istər Gəncə şəhər İcra Hakimiyyətinin, istərsə də Gəncənin Nizami rayonunun İcra Hakimiyyətinin resursları Pərvin Kazımzadə üçün səfərbər olunur. Bu isə seçkinin nəticələrinin Pərvin Kazımzadənin xeyrinə saxtalaşdırıla biləcəyi barədə şübhələri artırır.
Bildirlir ki, ümumilkdə Pərvin Kazımzadənin seçki kampaniyası seçicilər tərəfindən boykot olunsa da xanım deputatın görüşlərinə insanlar adminstrativ qaydada aparılır.
Bəs gəncəlilər daha əvvəl onların iradəsini ölkə parlamentində təmsil edən Pərvin xanımdan niyə narazıdırlar?
Hakim partiyanın namizədinin Gəncədə boykot edilməsinin bir çox səbəbləri var. Onlardan birincisi 2015-ci ildə deputat olduqdan sonra Pərvin Kazımzadənin öz seçicilərinin problemləri ilə heç maraqlanmamasıdır. Qeyd edək ki, Pərvin Kazımzadə 4 illik deputat fəaliyyəti dönəmində heç bir fəaliyyəti ilə diqqəti cəlb etməyib. Onu Gəncədəki seçiciləri tanımadığı kimi, ölkə ictimaiyyəti də, hətta parlament müxbirləri belə tanımır. Etiraf etməliyik ki, bir siyasətçini ölkə ictimaiyyəti, hətta öz seçiciləri belə tanımırsa, onda həmin “siyasətçi”nin parlamentə necə düşməsi təbii suallar yaradır və seçkinin saxtalaşdırılması ilə bağlı şübhələri də gücləndirən əsas faktora çevrilir. Yəni heç kimin tanımadığı biri necə Milli Məclisin deputatı ola bilib?
Elə Gəncə seçiciləri də bu narahatlığı daşıyırlar. Ölkədə islahatların aparıldığı və hər kəsin gələcəyə daha ümidli olduğu, köhnə stereotiplərdən qurtulmağı gözlədiyi indiki seçki prossesində yenə də Pərvin Kazımzadə kimi heç kəsin tanımadığı “lal” şəxslərin deputat kürsüsünə otuzdurulması islahatlara olan inamı da “qayçılaya” bilər. PİA.az-a daxil olan müraciətdə o da vurğulanır ki, Pərvin Kazımzadənin dünənə qədər ortalarda olmamsı və bunun müqabilində indi yenidən YAP adından seçicilərdən səs istəməsi sadəcə komikdir. Müraciətdə həmçinin YAP-ın məhz Pərvin Kazımzadənin namizədliyinin irəli sürməsindən təəssüf hissi keçirdikləri bildirilir. Hakim partiyanın bu kimi namizədlərlə Prezidentin apardığı islahatlara töhvə vermədiyi qeyd olunur.
Sonda bildirilir ki, onlar seçici olaraq məcburən YAP-ın namizədini boykot edəcək və öz səslərini Pərvin Kazımzadənin əleyhinə verəcəklər. Bunun tək səbəbi isə YeniAzərbaycan Partiyasının prezidentin tövsiyyə və tapşırıqlarına rəğmən düzgün seçim edə bilməməsi göstərilir.(pia)