Cahangir Əsgərovun yaratdığı monopoliya – AZAL-dakı qiymətlərə hamı etiraz edir
Son zamanlar ölkəmizə səfər edən turistlər Gürcüstanın Tbilisi və Kutaisi şəhərlərinə təyyarə ilə gələrək, oradan da Bakıya avtobusla gəlirlər. Səbəb isə Bakıya AZAL ("Azərbaycan Hava Yolları”) biletlərinin baha olmasıdır.
Yenixeber.org: Görəsən, turizm mövsümündə bu qiymətləri monopoliyadan çıxarmaq mümkün deyilmi?
Məsələ ilə bağlı saytımıza açıqlama verən iqtisadçı-ekspert Elçin Bayramlı bildirib ki, aviabiletlərin qiymətlərində azalma müşahidə olunmayacaq:
"AZAL mövcud olduğu müddətcə bu qiymətləri monopoliyadan çıxarmaq mümkün deyil və mümkün olmayacaq. Bunun yeganə səbəbi AZAL-a heç kimin bata bilməməsidir.
AZAL dünyanın ən baha aviaşirkəti adını özündə saxlayır. İllərdir bununla bağlı yazılır, iradlar bildirilir, hər yerdə biabr oluruq, amma bu onlar üçün əhəmiyyətli deyil. Bunlar bir monopoliya yaradıb, imkan vermirlər ki, bazara başqa şirkətlər daxil olsun. Düzdür, Azərbaycanda bir neçə şirkət mövcuddur, lakin onlar da elə bir vəziyyət yaradılıb ki, AZAL-dan çox fərqlənmirlər.
AZAL Azərbaycan turizminə ən ağır zərbəni vurur. Ölkə əhalisinin imkanlarından dəfələrlə artıq qiymət təyin edir. Buna görə də insanlar gedib başqa ölkələrdən hava yolları vasitəsilə səyahət edirlər. Bunun üçün tutarlı səbəb də göstərmirlər ki, bir haqq qazandırmaq mümkün olsun. Konkret olaraq "biz beləyik” deyirlər və bu özbaşınalıqdır. Buna görə də turistlər Gürcüstan vasitəsilə gəlib-gedirlər.
Düşünürəm ki, ölkəyə bu dərəcədə də ziyan vurmaq olmaz. Bu ölkənin insanları milyoner deyillər. Niyə hamı Gürcüstandan Avropaya 50 manata təyyarə ilə gedə bilir, AZAL-la bu proses 500-700 manata başa gəlir.
Maraqlıdır, Azərbaycanda bu məsələlərə diqqət ayıracaq üst orqan mövcud deyilmi? Bu qədər narazılıq, şikayət var, hətta bununla bağlı dəfələrlə xarici mətbuatda yazılıb.
Dövlət turizmi inkişaf etdirmək üçün əlindən gələni edir, milyardlarla investisiya qoyulur, Azərbaycanın xarici ölkələrdə çox baha qiymətə reklam təbliğatı aparılır. Lakin təbliğat aparmaqla deyil.
Turist səyahət etmədən əvvəl baxır ki, bu ölkəyə getmək ona neçəyə başa gələcək və bu zaman görür ki, Azərbaycana gəlmək üçün xərcləyəcəyi pula, dünyanın daha gözəl üç-dörd ölkəsinə gedə bilər. Nəticə olaraq, ikincini seçir və bu da turizmin inkişafına zərbə vurur. Mən də o turistin yerinə olsam, büdcəmə zərər vurduğu üçün Azərbaycana gəlmərəm.
Hazırda biz turist axınında azalma görürük. 1-2 ay ərəbləri, ondan qabaq 1-2 ay iranlıların başını aldatdıq, lakin hər ikisi gördü ki, bahalıqdır nəticədə Gürcüstana getməyə üstünlük verdilər. Əlimizlə milyonlarla turisti götürüb Gürcüstana veririk və Gürcüstan da turizmdən milyardlarla pul qazanır”.
E.Bayramlı turizmin inkişafını təkrar təmin etmək üçün yeganə yolun AZAL-ın ləğv olunması olduğunu da vurğulayıb:
"Dövlət səviyyəsində buna müdaxilə olunmalıdır və qarşısı alınmalıdır. Bütün bunların qarşısını almaq üçün AZAL ləğv olunmalı, aviasiya bazarı sərbəstləşdirilməlidir. Yeni şirkətlər fəaliyyətə başlamalıdır ki, rəqabət meydanı yaransın, turizm inkişaf etsin. Əgər bunlar olmasa, turizm günü-gündən zəiflyəcək”.(cebhe.info)