Qorxmaz Hüseynov Vüqar Qəhrəmanovu qoruya biləcəkmi?-Fakt
Fevralın 7-də Ağdam rayonunun Eyvazlı kənd sakini, Ağdam Sukanal İdarəsində elektrik işləyən, 1973-cü il təvəllüdlü Zahid Rəhim oğlu Nağıyevi “Quzanlı-1” qəsəbəsində transformatorda təmir işləri apararkən elektrik cərəyanı vurub.
Yenixeber.org: Nəticədə Zahid Nağıyev hadisə yerində dünyasını dəyişib. Polis və prokurorluq orqanlarının əməkdaşları hadisə yerində meyitə baxış keçirib, iş üzrə məhkəmə-tibb ekspertizası təyin olunub, zəruri istintaq hərəkətləri yerinə yetirilib.
Faktla bağlı Ağdam rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsilə cinayət işi başlanıb. Cinayət Məcəlləsinin 124.1.(ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə günahkar bilinən şəxs üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Yəni ən yüksək halda günahkar şəxs üç ilədək azadlıqdan məhrum edilə bilər. Halbuki, məhz həmin ehtiyatsızlıqdan 46 yaşında olan bir insan həyatını itirib. Bir insanın ölümü ilə nəticələnən hadisəylə bağlı rəsmi orqanların sərgilədikləri mövqe çox böyük təəssüf doğurur.
Ağdam rayon Prokurorluğu yalnz bir maddə ilə cinayət işi başlamaqla hadisəyə tam dolğun qiymət verilməsinin faktiki olaraq qarşısını alıb. Çünki, bu ölüm hadisəsinə rəhbər şəxslərin öz vəzifə borclarını yerinə yetirməmələrinin və ya lazımınca yerinə yetirməmələrinin səbəb olduğu tam aydındır.
Buna görə də “Azərsu” ASC Ağdam Sukanal İdarəsinin və “Azərişıq” ASC Mərkəzi Aran Regional Elektrik Təchizatı və Satışı İdarəsinin Ağdam rayon Elektrik Şəbəkəsinin rəislərinin vəzifə məsuliyyəti ilə bağlı araşdırma aparılmalıdır. Zahid Nağıyevin elektrik cəryanı vurması nəticəsində həyatını itirməsi əməyin mühafizəsi və təhlükəsizliyi ilə bağlı problemlərin hələ də mövcudluğundan xəbər verir.
Halbuki, qanunvericilik bütün icraedici hakimiyyət orqanlarının, nəzarətçi idarəetmə orqanlarının, nazirliklərin, baş idarələrin, xidmətlərin, yerli özünüidarə orqanlarının, müəssisələrin və təşkilatların vətəndaşların əmək şəraitinin yaxşılaşdırılmasına, əməyin mühafizəsinin gücləndirilməsinə, istehsalat zədələrinin və peşə xəstəliklərinin qarşısının alınmasına yönəldilmiş fəaliyyət göstərmələrini tələb edir.
Belə görünür ki, “Azərsu” ASC-nin rəhərliyi bununla bağlı üzərinə düşən vəzifəni layiqincə yerinə yetirməyib. Bu təsdiq olunarsa, “Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynovun vəzifə məsuliyyəti gündəmə gətiriləcək. ASC sədrinə qarşı irəli sürülən daha bir ittiham Ağdam Sukanal İdarəsinin rəisi Vüqar Qəhrəmanovun bu vəzifəyə təyinatı ilə bağlıdır.
İddialara görə, Ağdam Sukanal İdarəsinin rəisi Vüqar Qəhrəmanovun ali təhsil haqqında sənədi saxtadır. Əgər bu təsdiq olunarsa, o zaman “Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynovun vəzifə məsuliyyətinin gündəmə gəlməsi artıq qaçılmaz olacaq. Vüqar Qəhrəmanovun ali təhsilli olduğunu sübut edən sənəd saxta olarsa, Ağdam Sukanal İdarəsinin birbaşa tabe olduğu “Birləşmiş Sukanal” MMC-nin direktoru Ramin Sadıqovun vəzifə məsuliyyəti də gündəmə gələcək. Çünku, məhz bu şəxslər ali təhsili olamayan birinin Ağdam Sukanal İdarəsinin rəisi təyin olunmasına yaşıl işıq yandırıblar. Nəticədə isə, ali təhsili olamayan birinin rəhbərlik etdiyi idarənin 46 yaşlı əməkdaşı bu müəssisədə texniki təhlükəsizlik tədbirlərinə riayət edilməməsinin qurbanına çevrilib.
Ağdam rayonundan redaksiaymıza daxil olan məlumata görə, rayon prokurorluğu cinayət işinin böyüməsində maraqlı görünmür. İddiaya görə, belə olarsa Ağdam Sukanal İdarəsinin rəisi Vüqar Qəhrəmanovun həbsi gündəmə gələ bilər.
Eyni zamanda “Azərişıq”ASC-nin Mərkəzi Aran Regional Elektrik Təchizatı və Satışı İdarəsinin Ağdam rayon Elektrik Şəbəkəsinin rəisi də hüquqi problemlərlə üzləşə bilər. Rayonun iki vəzifəli şəxsinin yolunun istintaqdan düşməsi isə, icra hakimiyyətinin başçısına da problemlər yarada bilər.
İddialara görə, məhz bu səbəbdən Ağdam rayon icra hakimiyyətinin başçısı Vaqif Həsənov Zahid Nağıyevin ölümü ilə bağlı başlanan cinayət işinin böyüməsində maraqlı deyil. Eyni zamanda Ağdam rayon prokuroru RafayılZeynalovun da cinayət işinin böyüməsində maraqlı olmadığı iddia olunur. Çünki, prokuror Rafayıl Zeynalov Ağdam rayonunun sabiq icra başçısı Raqub Məmmədovla qudadır.
Ağdam Sukanal İdarəsinin və Ağdam rayon Elektrik Şəbəkəsinin rəisləri də məhz Raqub Məmmədov tərəfindən vəzifəyə təyin olunublar. Buna görə prokuror Rafayıl Zeynalov Zahid Nağıyevin ölümü ilə bağlı cinayət işinin istintaqının böyüməsində maraqlı olmaya bilər.
Bütün bu söz-söhbətlərə son qoymaq üçün Zahid Nağıyevin ölümü ilə bağlı başladılan cinayət işinin Ağdam Rayon Prokurorluğundan alınıb, başqa bir prokurorluğa verilməsi doğru addım olardı. “Azərsu” ASC-nin və “Birləşmiş Sukanal” MMC-nin rəhbərliyi isə, Ağdam Sukanal İdarəsinin rəisi Vüqar Qəhrəmanovun ali təhsilinitəsdiq edən sənədinqanuni olduğuna hər hansı bir tutarlı dəlili ictimaiyyətə təqdim etməklə ünvanlalarına səslənən iradlara son qoya bilərdilər.
Mövzunu diqqətdə saxlamağa çalışacağıq.(mozalan.az)
Yazıda adları çəkilən şəxslərin də mövqeyni dinləməyə hazırıq.