“Ağ Göl” Milli parkındakı qanunsuzluqlara NİYƏ GÖZ YUMULUR?
Nazir Muxtar Babayevin işdən çıxarılma əmrini geri oxutduran direktor Loğman Mehdiyevə kimlər himayədarlıq edir?
Yenixeber.org: Muxtar Babayev Ekologiya və Təbii Sərvətlər naziri təyin edildikdən sonra qurumda bir xeyli islahatlar aparılıb və aparılmaqda davam edir. Amma bu islahatların müsbət mənada özünü necə doğruldacağı haqda indidən heç nə demək mümkün deyil.
Nazirlikdə aparılan islahatlar nəticəsində bir çox idarə müəssisə birləşdirildi və bəzi yetkililərin səlahiyyəti artırıldı. Birləşdirilən müəssiəsələrin də, səlahiyyəti artırılanların da özlərini necə doğruldacağı sual altındadır, necə deyərlər, bunun da zamana ehtiyacı var.
Olkə mətbuatında illərdir Ekologiya və Təbii Sərvətlər Nazirliyinin regionlarda fəaliyyət göstərən Milli Parklarında və qoruqlarında çoxsaylı qanunsuzluqların baş alıb getməsi ilə bağlı məlumatlar dərc edilirdi. Ancaq sabiq nazir Hüseynqulu Bağırova bağlı məmurlar heç bir qanun tanımayaraq, vəzifələrindən sui-istifadə edərək təbiəti məhv edirdilər. Yeni nazir Muxtar Babayev apardığı islahatlar çərçivəsində Regional Ekologiya idarələrinə bir çox səlahiyyətlər verməsi təbiəti məhv edənlərin böyük bir hissəsinin qarşısını aldı deyə bilərik də, deməyə də bilərik. Son aylar qanunsuz quş və müxtəlif heyvanların ovu ilə məşğul olan yüzlərlə şəxsin cərimələnməsi, onlara qarşı hüququ müstəvidə işlər görülməsini deyə bilərik. Lakin ETSN naziri Muxtar Babayevin apardığı islahatlar və qurumda yaratmağa çalışdığı nizam - intizam bütün məmurlara şamildirmi? Əlbətdə yox.
Belə məmulardan biri də Ekologiya və Təbii Sərvətlər Nazirliyinin "Ağ Göl" Milli Parkının direktoru Loğman Mehdiyevdir. "Ağ Göl" Milli Parkının direktorunun qanunsuz balıq və müxtəlif heyvanların ovlanmasına şərait yaratması ilə bağlı illərdi ölkə mətbuatı xəbər dərc edir. Amma sabiq nazir Hüseynqulu Bağırovun dövründə himayədarlarına arxalanan Loğman Mehdiyev işini rahat şəkildə davam etdirməkdə idi. Muxtar Babayev Ekologiya və Təbii Sərvətlər naziri təyin edildikdən sonra Loğman Mehdiyevin "Ağ Göl "Milli Parkının direktooru vəzifəsindən qovulacağı yaxud da qanunsuz işlərə son qoyacağı güman edilirdi. Miq.az-a daxil olan məlumatda bildirilir ki, Loğman Mehdiyev köhnə işlərini yenə də "Ağ Göl" Milli Parkında davam etdirir. Yeni nazirin təyinatından sonra bir müddət qanunsuz balıq və heyvan ovlarını dayandıran Loğman Mehdiyev yenidən "aktiv fəaliyyət"ə başlayıb. Miq.az-a verilən məlumatda qeyd edilir ki, Loğman Mehdiyevin qanunsuz balıq tutulmasına və heyvan ovlanmasına qısa "fasilə" verməsinin səbəblərindən biridə ETSN 9 saylı Regional Ekologiya İdarəsi olub. Belə ki, 9 saylı Regional Ekologiya İdarəsi müfəttişlərinin bir müddət "Ağ Göl "milli Parkında çoxlu sayda qanunsuz balıq tutan və ov edən şəxsləri yaxalayaraq cərimələr tətbiq etmələri Loğman Mehdiyevin "bazar"ının dayanmasına səbəb olub. Amma "Ağ Göl" Milli Parkının direktoru bu məsələyə çözüm taparaq "bazar"ını yenidən işə salıb.
Məlumatda vurğulanır ki, Loğman Mehdiyev himayədarlarının vasitəsi ilə ETSN 9 saylı Regional Ekologiya İdarəsinin rəisi Mübariz Hacıyevlə anlaşaraq rahat şəkildə "Ağ Göl" Milli Parkında yenidən qanunsuz balıq ovunu bərpa edib. Hazırda Bərdə, Ağcabədi, Beyləqan və İmişli rayonlarında olan bbrokonyerlər yenə də parkda balıq ovlamaqla məşğuldurlar. Bu dəfə brokonyerlərin verdikləri aylıq hesabın məbləği xeyli qaldırılıb. Aylıq qiymətin 600-800 manat arası dəyişdiyini və parkın ərazisindən kənarda cavabdehin özləri olması şərti ilə. Brokonyerlərdən alınan aylığın qalxmasının səbəbi isə Loğman Mehdiyevin bu işdə artıq tək olmaması və onun qanunsuz balıq ovuna göz yuman idarə rəisi Mübariz Hacıyevlə şərikli işləməsi ilə əlaqədardı. Məlumatda qeyd edilir ki, hər gün "Ağ Göl" Milli Parkına ən azı 30-40 brokonyer daxil olur və yuxarıda adı çəkilən rayonların bazarlarına balıq çıxarılır.
Bildirək ki, ölkə mətbuatında bir müddət öncə nazir Muxtar Babayevin "Ağ Göl” Milli Parkının direktoru Loğman Mediyevi vəzifəsindən azad etməsi və sonada əmrini geri oxuması barədə məlumatlar yayılmışdı. Həmin məlumatlarda vurğulanırdı ki, nazirin Loğman Mehdiyevin işdən azad etmə əmri cəmi bir neçə saat sürüb. Belə ki, həmin günün axşam saatlarında Muxtar Babayevin əmri müəmmalı şəkildə geri oxunub və Loğman Mehdiyev vəzifəsinin icrasını davam etdirib.
Bu baş verənlərdən belə nəticə çıxartmaq olar ki, vaxtı ilə ETSN-nin sabiq Aparat rəhbəri Rövşən Cəlilovun himayəsində fəaliyyət göstərən Loğman Mehdiyev bu dəfə özünə daha böyük bir himayəçi tapıb. Miq.az-a verilən məlumata görə "Ağ Göl" Milli Parkı direktorunun yeni himayəçisi Ekologiya və Təbii Sərvətlər Naziri Muxtar Babayevin çox yaxın adamıdı. Həmin məmur hazırda ETSN-də nazirin adı ilə hərəkət edərək sabiq Aparat rəhbərinin yolu ilə gedir.
Mövzuya bir də qayıdacağıq.
Yazıda adları şəkilən şəxslərin də mövqeyini dərc etməyə hazırıq.