Cavid Qurbanovun başı “mühüm” işlərə qarışıb, tabeçiliyindəki qurumlarda isə dərəbəylik hökm sürür
Yenixeber.org: Tez-tez sosial şəbəkələrdə, yaxud televiziyalarda tikinti obyektlərində ehtiyatsızlıqdan həyatı təhlükə ilə üz-üzə qalan, hətta həyatlarını itirən fəhlələrin ürəkdağlayan xəbərlərinə rast gəlirik. Şükürlər olsun ki, qanunlarımız onların hüquqlarını, təhlükəsizliyini nəzərə alıb. Qanuna əsasən bütün tikinti obyektlərində çalışan hər bir işçinin əmək müqaviləsi, sosial sığortası və xüsusi təhlükəsizlik geyimləri, təhlükəsizlik kəmərləri nəzərdə tutulmuşdur. Çox təəssüflər olsun ki, bir sıra obyektlərdə bu qaydalar kobudluqla pozulur. 16 dekabr 2018-ci il tarixində Sabunçu qəsəbəsində “stansiya” adlı ərazidə olarkən, orada aparılan tikintidə fəhlələrin xüsusi təhlükəsizlik qaydalarına riayət etmədən hündürlükdə işləməsi diqqətimizi çəkdi. Gördüyümüz “mənzərə” bizi çox narahat etdi.Axı orada çalışan fəhlələr bir ailənin başçısı, bir evin çörək gətirənidir. Biz narahatçılığımızı bildirmək və yaranan suallarımıza cavab almaq üçün tikinti ərazisinə yaxınlaşdıq. Bizi görən kimi dərhal fəhlələrdən biri bizə yaxınlaşdı. İsrarlı tələb edərək bizi ərazidən uzaqlaşdırmağa çalışdı: - “çox xahiş edirəm, gəlin bayıra çıxaq, bura olmaz, kamera çəkir”. Biz hazırda işə və işçlərə nəzarət edən cavabdeh şəxsi soruşduqda nəzarətçi özünün olduğunu dedi. Adını soruşduq, nədənsə özünü təqdim etməyə çəkindi. Sizin və digər burda çalışanların təhlükəsizliyi niyə təmin edilməyib sualını verdiyimizdə isə: “onu mən bilmərəm, özləri sizə deyərlər. Bu gün burda yoxdurlar, istirahət edirlər” - dedi. Fəhlə ilə söhbətimiz zamanı bir cavan oğlan bizə yaxınlaşıb, gəlişimizin səbəbini soruşdu. İsrarlı təkidimizdən sonra adının Zaur olduğunu dedi. Eyni sual ilə Zaura da müraciət etdik, o da eyni cavabı verdi ki, “bu gün bazar günüdür, burda heç kim yoxdur. Sonra gələrsiz özləri cavab verər. Mən sürücüyəm.”
Bəs bazar günü işçilər niyə işləyir, əyər iş gününüz deyilsə? Cavabında: “onlar çastnı işləyənlərdir. Özləri bilər. Biz onlara gəlmə deyə bilmərik” Onu da deyim ki, iki dəqiqə ərzində orada xeyli adam başımıza toplaşdı, amma yarısı özünü fəhlə, yarısı sürücü kimi təqdim etdi. Bir nəfər belə məsul şəxs kimi qarşımıza çıxmadı.
Deyirsiniz çastnı işləyirlər. Belə çıxır ki, onların əmək müqaviləsi də yoxdur? Sualımız isə ordakı hər kəs tərəfindən gülümsəyən simaların sükutu ilə cavablandırıldı. Artıq, bu sualımız da öz cavabını tapmışdı. Biz yenə də qarşı tərəfin mövqeyini öyrənməli olduğumuz üçün cavabdeh şəxsin adını israrla soruşduq. Aldığımız cavab bütün suallarımızın qəti nöqtə qoydu.”Suallarınızı Cavid Qurbanova verə bilərsiniz”. Biz sözügedən qanunsuzluqlarda Cavid Qurbanovun adının çəkilməsinin nə dərəcədə doğru olub olmadığını deyə bilmərik. Amma, əlahəzrət fakt bundan ibarətdir ki, adıçəkilən tikintidə əməlli-başlı dərəbəylik hökm sürürdü. Tikinti meydançasında asılan məlumat lövhəsində Bakı sərnişin – Sabunçu – Pirşağı – Sumqayıt sərnişin – Xırdalan – Biləcəri – Bakı sərnişin – dairəvi dəmir yolunun yenidən qurulması layihəsi çərçivəsində işlərin aparıldğı qeyd olunur.
Sifarişçi “Azərbaycan Dəmir Yolları” QSC-dir. Podratçı təşkilat kimi isə “11 saylı İxtisaslaşdırılmış Dəmir Yolu Müəssisəsi” MMC-nin adı lövhədə yer alır. Ona görə də adıçəkilən MMC ilə telefon əlaqəsi yaratdıq. Çox çətinliklərdən sonra 11 saylı İxtisaslaşdırılmış Dəmir Yolu Müəssisəsi” MMC-nin Əmirxan adlı iş icraçısı ilə əlaqə danışa bildik. Onunla söhbətimiz zamanı aydın oldu ki, podratçı təşkilat hündürlükdə aparılan tikinti işlərini “Murov” MMC-yə həvalə edib.
Anlaşılmaz gedişləri ilə ictimaiyyəti təəccübləndirməyi bacaran Cavid Qurbanovun rəhbərlik etdiyi qurumun mətbuat xidməti isə heç bir sualımızı cavablandırmadı. Yaranmış mənzərə çox acınacaqlıdır. Görünən odur ki, tikintidə çalışan kasıb fəhlələrin aqibəti heç kimi maraqlandırmır. Dəmir Yolu “Şef”i daxil olmaqla isti kabinetlərində oturan digər məmurlar, soyuq və yağmurlu havalarda ailəsinə çörəkpulu aparmaq üçün min bir əzab - əziyyətlərə qatlanaraq, həyatlarını risqə atan fəhlələrin taleyi ilə qətiyyən maraqlanmırlar. Əgər maraqlansaydılar israrlı telefon zənglərimizə reaksiya verərdilər.
Xatırladaq ki, son vaxtlar Cavid Qurbanovun adı qumar oyunlarında və “Topaz”ı almaqda hallanır. Mətbuatda yer alan bu tip məlumatlar nə təsdiq, nə də təkzib olunur. Adi suallarımızı cavablandırmağa “Azərbaycan Dəmir Yolları” QSC-də məsul şəxs tapılmırsa, onda yuxarıda adı çəkilən layihəyə dövlət büdcəsindən ayrılan milyonlarla vəsaitin hara xərclənməsi ilə bağlı araşdırma aparmağımızın mümkünsüzlüyü göz önündədir. Görəsən C. Qurbanovun diqqəti hansı mühüm işlərə yönəlib ki, bu işlər onunçün insanların taleyindən də önəmlidir?!...
Təəssüflər olsun ki, tikinti meydançasında təzyiqlərlə üzləşən əməkdaşımız oradakı dözülməz mənzərəni əks etdirən daha önəmli fotoşəkilləri əldə edə bilməyib. İstənilən halda biz araşdırmalarımızı sona qədər aparmaq niyyətindəyik.
Yazıda adı çəkilən tərəflərin mövqeyini dinləməyə və dərc etməyə hazırıq.
Ardı var...
(stimulxeber.az)