Nazim İbrahimovun qardaşlarının başı dərddə - Təfsilat
Sahib İbrahimovun cinayət işini məhkəmə araşdırır, Hacı İbrahim Nehrəmli isə borcunu qaytarmaq fikrində deyil...
Yenixeber.org: Diasporla İş üzrə Dövlət Komitəsinin keçmiş sədri Nazim İbrahimovun qardaşları - Hacı İbrahim Nehrəmli və Sahib İbrahimovun sayəsində adı mətbuat səhifələrindən əskik olmur. Onların daha bir qardaşı Tağı İbrahimov “Azad Azərbaycan” telekanalının (ATV) rəhbəri idi. Onun da adı “Nehrəm” MTK-nın təsisçisi olaraq mənzil fırıldağında hallanıb. 2016-cı ilin yanvarında Nəsimi Rayon Polis İdarəsinə (RPİ) müraciət edən vətəndaş Rafael Əlizadə MTK-nın 2014-2015-ci illərdə onun ümumilikdə 150 min dollardan çox pulunu mənimsədiyini bildirmişdi.
Bakı Ağır Cinayətlər Məhkəməsində hazırda S.İbrahimova qarşı Cinayət Məcəlləsinin külli-miqdarda dələduzluq, vergi ödəməkdən yayınma, qanunsuz sahibkarlıq, vəzifə saxtakarlığı və vəzifə səlahiyyətlərindən sui-istifadə etmə maddələri ilə araşdırma aparılır. Məlumata görə, onun barəsində cinayət işi əvvəl “Sahil-D Kompani” şirkətinin vəzifəli şəxsi Adilağa Hüseynovun işi ilə birgə aparılıb, lakin daha sonra S.İbrahimovla bağlı materiallar ayrıca icraata götürülüb.
İttiham aktına əsasən, Sahib İbrahimov bir mənzili bir neçə nəfərə satıb, ümumilikdə dövlətə və vətəndaşlara 8 milyon manatdan artıq ziyan dəyib.
Hazırda ittiham aktında yer alan ittihamlar 2015-ci ildə “Sahil D” MTK-nın direktoru vəzifəsində çalışan Məzahir Cəfərovun adına çıxarılırdı. Hələ o dövrdə də belə məlumatlar vardı ki, Sahib İbrahimov istintaqdan kənar qalmaq üçün qardaşı Nazim İbrahimovun qaynı olan Məzahir Cəfərovu qabağa verib. Lakin həmin ilin iyununda Həsən Əliyev küçəsində yerləşən mənzilində M.Cəfərovun asılmış halda meyiti aşkar olunmuşdu.
M.Cəfərov Hacı İbrahim Nehrəmlinin yaxın silahdaşı olub, eyni zamanda qardaşı Sahib İbrahimovun tikinti işlərinə nəzarət edirmiş. Qeyd edək ki, S.İbrahimovun cinayət işi üzrə məhkəmə Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Ramella Allahverdiyevanın sədrliyi ilə araşdırılır.
Hacı İbrahimin adı da illərlə mətbuatda tikinti maxinasiyaları, iş icraçılarına gördükləri işlərin qarşılığında haqlarının verilməməsi, dövlətdən aldığı kreditlərin təyinatı üzrə xərclənməməsi kimi məsələlərdə hallanıb.
2013-cü ildə vətəndaş Elşad Məmmədovun 355 min manatlıq evini əlindən almışdı. 2012-ci ilin fevral ayında Orxan Sadıxov adlı bir şəxsin vasitəçiliyi və müşayiəti ilə o, Hacı İbrahimin rəhbərlik etdiyi “Avesta Konserni”nin Bakının Atatürk prospektində yerləşən ofisinə gəlib. Burada E.Məmmədov “Avesta Konserni”nə daxil olan “Həsən 96" MTK tərəfindən Nəsimi rayonu, Abay döngəsi, 360-cı məhəllədə inşa olunmuş çoxmərtəbəli binanın 13-cü mərtəbəsində 51 və 52 saylı 2 mənzilin satın alınması barədə inşaatçı şirkətlə müqavilə bağlayır. Bu mənzillərin qiyməti isə müvafiq olaraq 252 min manat və 103 min manat məbləğində müəyyənləşdirilir. Prosesdə konsernin Zülü adlı daha bir əməkdaşı da iştirak edir. ”Həsən 96" MTK tərəfindən verilmiş və MTK-nın sədri E.H.Tağıyev tərəfindən imzalanmış maliyyə arayışında isə qeyd olunur ki, həmin mənzillərin dəyəri Elşad Məmmədov tərəfindən MTK-ya tam ödənib. Amma E.Məmmədov mənzilləri satmaq istəyərkən məlum olmuşdu ki, Hacı İbrahim mənzillərə dair müqavilələri birtərəfli qaydada ləğv edib. Beləcə vətəndaşın 2 mənzili əlindən çıxmışdı.
Məlumdur ki, bu gün problemlə bataqlığında çabalayan Beynəlxalq Bankdan oğurlanan 20 milyardın müəyyən hissəsi iş adamları tərəfindən kredit kimi alınaraq mənimsənilib. Xeyli sayda iş adamı bankdan yüz milyonlarla manat kredit götürüb, qaytarmayıb. Bunlardan biri, bəlkə də birincisi Hacı İbrahimdir. Fantastik və fırıldaq “Xəzər Adaları” layihəsi adı ilə Beynəlxalq Bankdan 850 milyon kredit götürüb. Həmin vaxt məbləğ 1 milyard dollardan artıq edirdi, bugünkü məzənnə ilə 1,7 milyard manat alıb və qaytarmayıb. Hansı ki, mifik bir layihə adı ilə aldığı bu 100 milyonların bir hissəsini xaricdə biznes qurmağa, şəxsi təyyarəyə, bahalı avtomobillərə, gözəllik yarışlarına, katibələri üçün yüz min dollarlıq “cip”lərə, səyahətlərə və s. bu kimi dəbdəbələrə xərclədiyi məlum olub.
İbrahim Nehrəmli “Beynəlxalq Bank işi” adını alan proses çərçivəsində DİN Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsinin (MCQMBİ) zirzəmisində 10-15 gecə saxlanıldıqdan sonra, krediti ödəmək öhdəliyi götürərək azadlığa çıxsa da, bunun çox cüzi bir hissəsini qaytardı. Hətta bir müddət sonra Beynəlxalq Banka qalan 800 milyondan artıq borcunu qaytarmaqdan imtina etdi. Xəzər dənizinin sahilində tikdiyi 4-5 yarımçıq binanı Beynəlxalq Bankdan götürdüyü kreditlərlə əvəzləmək niyyətini ortaya qoydu. İddia etdi ki, guya nə vaxtsa Beynəlxalq Bankdan nümayəndə heyəti onun “Xəzər Adaları”ndakı 5 yarımçıq obyektini qiymətləndirib.
Sitat: “Həmin 5 obyektə bankın qoyduğu qiymət 1,5 milyard manat oldu. Əgər bank mənim borclarımı ödəməyimi istəyirsə, gəlib həmin obyektlərimi ala bilər. 2 gündən bir ”Bandotdel" tərəfindən çağırılmağım doğru deyilE"
Layihəsinin dəyərini 100 milyard dollar qiymətləndirən, mətbuata verdiyi açıqlamalarda Amerika, Türkiyə, ərəb və Çin investorlarının onun fırıldaq layihəsinə böyük maraq göstərdiyini - guya türk iş adamı Əli Ağaoğlunun ona 125 milyon dollar, Çin şirkətlərinin 600 milyon dollaradək, Qətərin dövlət şirkətinin 1 milyard dollar yatıracağı, Kanada dövlət agentliyi “Export Development Canada”nın 4 milyard dollaradək kredit ayıracağı, son olaraq Çin Birləşmiş Resursların İnkişafı Beynəlxalq Şirkətinin 15 milyard investisiya ayırdığını iddia edən, söylədiyinin hamısı da yumşaq desək 1 qara qəpik deyil.
Ortada dövlətin, millətin cibindən 850 milyon manat mifik bir layihəyə yatırılacağı adı ilə mənimsənilib.
Hansı ki, İbrahim Nehrəmlinin də bu milyarddan ona çatan vəsaitin böyük hissəsini Britaniya ərazində, o cümlədən Londonda biznes qurmağa yönəltdiyinə dair iddialar var. İbrahim Nehrəmlinin oğulları - Hüseyn və Həsən İbrahimov qardaşları da Londanda yaşayır. Onlar Londondakı dəbdəbəli həyat tərzlərlə zaman-zaman medianın gündəminə gəliblər. İbrahimov qardaşlarının bahalı restoranlarda və lüks avtomobillərdə çəkilən fotoları onların dəbdəbəli həyat tərzinin sadəcə bilinən bir görüntüsüdür. Hacı İbrahimin özü də xaricə çıxmasına qadağa qoyulmazdan əvvəl vaxtaşırı Londonda olurdu. Onun 2015-ci ildə ad gününü Londonda dəbdəbəli ziyafətlə keçirməsi, təkcə atəşfəşanlığa 50 min funt-sterlinq xərcləməsi xarici medianın da diqqətini çəkmişdi.
Nə olsun ki, bu gün onun ölkədən çıxışına qadağa var, pulları ki, xaricə çıxara bilib. Orada, xaricdə özünə mal-mülk də alıb. Bilir ki, 3-5 il sonra onun 850 milyon manatı mənimsəməsi unudulacaq, özünün xaricə çıxışı da hansısa 200-300 min qarşılığında götürüləcək...(müsavat)
E.HÜSEYNOV