Yenixeber.org: Azərbaycan vətəndaşlarının ən çox şikayət etdiyi sahələrdən biri də səhiyyə sistemidir. Ölkə səhiyyəsi “rüşvət və özbaşınalıq epidemiyası”ndan qurtula bilmir. Dövlət xəstəxanaları “balıq başdan iylənər” şüarını əldə bayraq tutaraq vətəndaşları soyurlar.
Baxmayaraq ki, dövlət səhiyyə ocaqlarında tibbi xidmət çoxdan ödənişsizdir, amma bu sərəncam quru sözdən o yana keçməyib və Hippokrat andı çoxdan funksionallığını itirib. Ölkənin istənilən dövlət tibb müəssisəsinə ayağını bas, qapıdan liftə, liftdən həkim otağına, həkimdən sıravi təmizlik xidmətçisinə qədər pul tələb edirlər. Mozalan.info əyani sübut olaraq M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasını qeyd edir.
El arasında “Respublikanski” adlanan bu səhiyyə ocağında vətəndaşları soğan kimi soyurlar. Yazılan tənqidlər isə nəticəsiz qalıb, ölkənin ən böyük tibb müəssisələrindən biri rüşvət yuvası kimi fəaliyyətini davam etdirir.
Liftlə qalxmaq üçün 40 qəpik, ayaqyoluna getmək üçün isə 20 qəpik ödəməlisən. Xəstəxananın giriş-çıxış qapısında da rüşvətsiz ötüşmək olmur. Belə ki, xəstəxananın həyətindən çıxan maşınlardan 1-2 manat alan mühafizəçi heç də həkimlərdən geri qalmır. Amma bunlar hələ necə deyərlər, içəridə təqdim olunan əsil tamaşanın sadəcə üvertyurasıdır.
Məlum oluğu kimi dünyanın heç bir xəstəxanasında reanimasiya otağına kənar şəxslər buraxılmır. Ancaq Respublika Klinik Xəstəxanasında bu sahədə də vəziyyət fərqlidir. Kimin pulu varsa, ürəyi nə vaxt istəsə, ora girə bilir. Pulunuz varsa, 10-20 manat verin, keçib xəstənizi görün. Reanimasiya otağının qapısı önündə xəstələrindən xəbər gözləyən vətəndaşlar i reanimasiya otağındakı həkimə və tibb bacılarına hər gün pul verdiklərini deyirlər: "Pul verməsək, xəstəmizə yaxşı baxmırlar. Xəstəmiz ağır vəziyyətdə reanimasiyaya yerləşdirilib. Reanimasiya otağında xəstəmizə yaxşı nəzarət olunsun deyə içəridəki həkimə hər gün 20-30 manat arası, tibb bacılarına 5-10, sanitara isə 3-5 manat veririk. Bu pulu verməsək, xəstəmizə yaxşı nəzarət olunmur. Buranın pullu xəstəxanalardan heç bir fərqi yoxdur. Sadəcə olaraq, adı dövlət xəstəxanasıdır”. Ultrasəs müayinəsinin aparıldığı kabinetdə də konkret tariflər müəyyənləşdirilib. Məsələn zobdan müayinə olunmaq istəyirsənsə15-20 manat ödəməlisən. Qadınlarda daxili orqanların kompleks müayinəsi isə 100 manata başa gələcək. Bundan başqa burada qanın ümumi analizi 10, qanda qlükozanın müəyyən olunması 5, sidiyin ümumi analizi 8, böyrək analizləri 35, QİÇS analizi 10, adi həkim müayinəsi 25, professor müayinəsi 70, ginekoloji yoxlanma 50 manata başa gəlir. Döş qəfəsinin rentgeni üçün 15-25 manat ödəmək lazımdır. Daxili orqanların ümumi müayinəsi isə 160 manatdır.Doğum şöbəsinin təyin etdiyi qiymət cədvəli isə vətəndaşlarda sancılanma yaradır.
Əslində M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasında yer almış müxtəlif neqativ hallar, bu tibb müəssisəsində baş verən çeşidli qanun pozuntuları barədə uzun-uzadı danışmaq da olar, yazmaq da. Amma etiraf etməliyik ki, bəzi konkret hadisələri çıxmaq şərtilə, biz bu tibb müəssisəsinin fəaliyyətinə dair heç bir yeni məlumat təqdim etmiş olmadıq. Bu gün Respublika Klinik Xəstəxanasında cərəyan edən hadisələrdən cəmiyyətimizin böyük əksəriyyəti xəbərdardır. Ehtimal etmək olar ki, elə Səhiyyə Nazirliyinin rəhbərliyi də məhz bu əksəriyyətə aiddir. Bəs onda görəsən, bu rüsvayçılığın qarşısını almaq üçün daha nəyi və nə qədər gözləməli olacağıq? Baş həkim Telman İbadov problemləri həll etməkdənsə Kəmaləddin Heydərovun adından sui-istifadə edir. O, deyir ki, oğlum Kəmaləddin Heydərovun köməkçisidir və mənə heç kim, heç nə edə bilməz.
Əlavə şərhə ehtiyac yoxdur. Səhiyyə Nazirliyi susa bilər, cavab verənədək araşdırmalarımız davam edəcək.(mozalan.info)