Mərkəzi Neftçilər Xəstəxanasında "insan alveri"
Mərkəzi Neftçilər Xəstəxanasında özbaşınalıq, hərc-mərclik hökm sürür. Səhiyyə nazirinə edilən şikayətlər isə qulaqardına vurulur. Bu da səbəbsiz deyil. Çünki nazir Oqtay Şirəliyevin dükanı olan bu tibb ocağı vətəndaşlara qan uddurmaqla yanaşı gizlin bir şəbəkənin fəaliyyət ocağına çevrilib.
"Xeberinfo.com": TİA.AZ-ın əldə etdiyi məlumatda iddia olunur ki, nazirliyin MNX-da rüşvətxorluq hallarına, vətəndaşların soğan qabığı kimi soyulmasına göz yumması da sözügedən şəbəkənin mövcudluğuna bağlıdır.
İddia olunur ki, xəstəxanada gizli bir şəbəkənin insan və orqan alverində fəal iştirakı var. Bu ittihamlar ağır olsa da, mənbənin qeydlərində iddia olunur. Hər halda, ciddi şəkildə təftişə zəmin yaradacaq iddialardır.
TİA.AZ-a edilən şikayətlərdə isə deyilir ki, dövlət tibb müəssisəsi olmasına baxmayaraq, xəstəxanada açıq şəkildə qiymət “oxunur”. Bu da vətəndaşların haqlı narazılığına səbəb olub.
Səhiyyə Nazirliyinin dövlət tibb ocaqlarında pulsuz xidmət barədə sərəncamına rəğmən, Neftçilər Xəstəxanası rüşvət koloniyasına çevrilib. Hələ bir müddət əvvəl Nazirlər Kabinetinin sərəncamı ilə Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) səhiyyə xidməti göstərən müəssisələri Səhiyyə Nazirliyinin balansına keçsə də, bu qərar şirkətin bütün səhiyyə müəssisələrinə aid edilmədi.
Belə ki, Mərkəzi Neftçilər Xəstəxanası və poliklinikasından başqa digər müəssisələr Səhiyyə Nazirliyinin deyil, “Azmedikon MMC” adlanan özəl bir şirkətin tabeçiliyinə verildi. MNX isə nazirliyin tərkibinə keçdi və bu günə qədər O.Şirəliyev tərəfindən burada soyğunçuluğa şərait yaradılıb.
Məsələn, Ultra Səs Müayinəsi (UZİ) hər yerdə 20 manat olduğu halda, bu tibb mərkəzində 40 manat tələb edirlər. Redaksiyamıza təqdim olunan UZİ müayinəsinin nəticələrindən də görmək olar ki, qiymətlər od tutub yanır.
Müraciət edən şikayətçilər deyirlər ki, eyni müayinəyə görə ikiqat pul istənilir. TİA.AZ-a qiymət cədvəli təqdim olunub. Qeyd edilir ki, xəstəxananın qapısından baş həkimin otağına qədər pul paylayıb, çıxmalısan.
Səhiyyə ocağı dövlət müəssisəsi olsa da, nə səhiyyə nazirinin, nə də prezidentin qərarlarına hörmətlə yanaşılır. Xəstəxanada isə nə müalicə, nə də müayinə ödənişsiz həyata keçirilir.
Girişdə hər kəs qeydiyyata düşə bilmək üçün 20-25 manat ödəyir. Yalnız neftçi ailələri üçün istisnadır. Qalan vətəndaşlar xəstəxanada 25 manat ödəməmiş qəbula düşə bilmirlər.
Onu da yada salaq ki, ürək və damar xəstəlikləri mərkəzinin rəhbəri Rəşad Mahmudov əməliyyat üçün məcburi köçkündən 10 min manat istəmişdi. Yarım əsrdən çoxdur fəaliyyətdə olan Mərkəzi Neftçilər Xəstəxanasında səhiyyə bərbad vəziyyətdədir.
Zəngilan rayonundan məcburi köçkün düşən Cəfər Həsənəliyevə həkimlər xəstələrə açıq-aşkar qazanc gözündə baxırdılar. Səhiyyə naziri Oqtay Şirəliyev niyə bu məsələlərə öz münasibətini bildirmir?
“Biz elə bir vəziyyət yaratmalıyıq ki, buna ehtiyac olmasın. Azərbaycanda ən yüksək tibbi xidmət, ən yüksək peşəkarlıq olmalıdır. Mən əminəm ki, birgə səylər, həm dövlət tərəfindən aparılan siyasət, yeni tibb ocaqlarının yaradılması, müasir avadanlığın mövcudluğu və həm də həkimlərin peşəkarlığı, təkmilləşməsi bizi bu məqsədə nail olmağa gətirib çıxaracaqdır”.
Bu sözləri bir neçə ay öncə səhiyyə işçiləri ilə keçirdiyi görüş zamanı ölkə prezidenti İlham Əliyev bildirmişdi. Prezidentin də söylədiyi kimi, bu gün imkanlı şəxslərin çoxu müalicə üçün xarici ölkələrə üz tuturlar.
Ölkədə səhiyyə sisteminin inkişafına dövlət dəstəyinin artırıldığı bir dövrdə vətəndaşlarımızın bir hissəsinin xaricdə müalicəyə yollanması bəzi məqamlardan xəbər verir. Daha dəqiq desək, onların yerli səhiyyə sisteminə inamsızlığını ifadə edir.
TİA.AZ