Dağlarda yolunuzu itirdiyiniz halda:Özünüzü necə qorumalı?
Dağlarda gəzintilərin populyarlaşması ilə yanaşı dağlıq yerlərdə faciəvi hadisələr və yolunu azmış turistlərin möcüzəvi xilası barədə xəbərlər də artıb. Dekabrın sonu Azərbaycanda yoxa çıxmış alpinistlərin axtarışı da bizə dağların təhlükəsizliyini bir daha xatırladır
Yenixeber.org: Əgər planınız pozulsa və siz yolunuzu azsanız, nə edə bilərsiniz? Ekspertlərin tövsiyələrini təqdim edirik:
İnsanlar yollarını necə azırlar?
Dağlarda təcrübəsiz həvəskarlarla nadir hallarda rastlaşmaq olur. Onların əksəriyyəti günəşdən qaralmış, bərk və qalın çəkməli və sü keçirməyən geyimli və dolu bel çantası daşıyan insanlardır.
Lakin təcrübə sizi gözlənilməz hadisələrdən sığortalamır. Məsələn, itkin düşmüş azərbaycanlı alpinistlər heç də təcrübəsiz deyillər - onlar hava və ekstrim idman klubunun üzvləridirlər.
Daha çox problemlər özlərindən əmin olan turistlərin yollarını azması ilə yaranır. Yeni Zelandiya Dağ Təhlükəsizliyi Şurasının məlumatına görə, axtarış-xilasetmə əməliyyatlarının 72 faizi yolunu tək azmış insanlar üçün keçirilir.
Bu təcrübəli şuranın ekspertləri dağlarda insanların yolunu azmasına səbəb olan səkkiz əsas səbəbi toplayıblar.
Onlar diqqətlərini itirirlər, öz bacarıqlarını reallıqdan yüksək qiymətləndirirlər, yollarını qısaltmağa və ya maneələrin ətrafından keçməyə çalışırlar, öz yoldaşlarını itirirlər, səhv istiqamətə dönürlər və ya gözəl mənzərə və ya içiləsi su axtarışında planlaşdırılmış yoldan kənara çıxırlar.
Hər il bir milyondan çox insan Yeni Zelandiyanın dağlarını gəzməyə yola düşür. Bura fəal istirahəti sevənlər üçün bir cənnətdir. Lakin turistlərdən hər 200-dən biri burada xəsarət alır və hər 2000-dən biri isə xilas edilməli olur.
Yolunuzdan azsanız, nə etməli?
"Əsası narahat olmamaqdır!", Şotlandiya Alpinistlər Şurası tövsiyə edir. "Ora-bura qaçmamaq lazımdır, daha yaxşısı dayanıb vəziyyəti qiymətləndirmək və olduğunuz yer barədə mümkün olduqca çox məlumat toplamaqdır."
Şotlandiyanın dərələri və dağları turistlər və alipinstlər üçün populyardır. Lakin orada hava o qədər dəyişkəndir ki, yolu azma təhlükəsi daima mövcuddur.
Əgər bu baş verərsə, şotlandlılar üç mərhələli addımları tövsiyə edirlər:
1. Harada olduğunuzu müəyyənləşdirmək. Bunu etmək üçün planınızdaki yolda özünüzü istiqamətləndirmək üçün istifadə etdiyiniz son görünən şeyi - zirvələri, çəngəlliklər, meşə və ya çayı xatırlamaq gərəkdir. Eyni zamanda yolunuzu azmadan əvvəl gəldiyiniz yolda nələri gördüklərinizi xatırlamağa çalışmalısınız. Bundan sonra xəritənizə baxın. Əgər sizdə peykli naviqasiya cihazı varsa, yolu tapmaq asanlaşır.
2. Hərəkət planınınızı müəyyənləşdirib ona riayət etmək. Sizə yaxın bir nöqtə seçib ora getməyə qərar verməlisiniz və ora çatmağın nə qədər vaxt çəkdiyini ölçün. Yolüstü xəritənizə baxın və gördüyünüz mənzərələrin ehtimal etdiyiniz istiqamətlə üst-üstə düşüb-düşmədiyini müəyyənləşdirməyə çalışın. Düşmürsə, başladığınız yerə qayıdıb yeni nöqtə seçib bir daha bu addımı təkrarlayın. Əgər gördükləriniz xəritənizlə üst-üstə düşürsə, siz doğru yoldasınız.
3. Hava qaraldıqca sığınacaq tapmağın əhəmiyyəti artır və yolunuzu tapmaqdan daha vacib amilə çevrilir. Yolunuzu tapmağa yönəlmiş səylərinizə səhər davam edə bilərsiniz.
Əgər bir qrupla gəzərkən yolunuzu azdığınızda siz təksinizsə və sizin yoldaşlarınız yaxındadırsa, Rusiya Fövqəladə Hallar Nazirliyi sizə qışqırmağı tövsiyə edir.
"Lakin uzun müddət qışqırmaq mənasızdır", xilasedicilərin tövsiyə vərəqəsində qeyd olunur. Qrupunuzun digər üzvlərini tapmaq daha vacibdir.
Həmçinin tövsiyə vərəqəsində qeyd edildiyi kimi, heç bir halda yoldan kənara çıxmağa, yolunuz qısaltmağa və ya başqa istiqamətə dönməyin. Əgər hansısa kəsişməyə çatmısınızsa və qrupunuzun hansı istiqamətdə getdiyini bilmirsinizsə, oradaca dayanıb gözləyin.
Əgər sizin qrup yoldaşlarınız FHN-nin tövsiyələri ilə tanışdırlarsa, onlar sizin yox olduğunuzu sezəndə dayanıb yüksək səslə qışqırıb sizinlə əlaqə qurmağa çalışacaqlar. Bu, nəticə göstərməsə, onlar özlərini iki qrupa böləcəklər.
Qruplardan biri geriyə dönüb gəldiyi yolla qayıdaraq sizi axtaracaq. Digər qrup isə olduğu yerdə digər qrupun qayıtmasını gözləyəcək.
Bədbəxtliyin qarşısını necə almalı?
Böyük Britaniya Alpinistlər İttifaqı qeyd edir ki, dağlara qalxarkən bədbəxtlikdən qaçınmaq üçün üç sadə qaydaya riayət etmək gərəkdir:
1. yaxşı hazırlaşmaq
2. özünüzlə fənər gətirmək
3. yola mümkün oluqca erkən çıxmaq
Britaniyalı ekspertlər vurğulayırlar ki, dağlarda gəzməyə və ya dağlara qalxmağa gedərkən yola xəritəsiz, kompassız, isti geyimsiz və susuz çıxmaq məsulliyətsizlikdir. Onlar, həmçinin özünüzlə batareyası tamamilə doldurulmuş mobil telefon, fit və mümkünsə, peykli naviqasiya sistemini də götürməyi tövsiyə edirlər.
Yola çıxmadan əvvəl gəzəcəyiniz yolu müəyyənləşdirə bilməyiniz, hava şəraiti barədə məlumat almağınız və aydın plana sahib olmanız gərəkdir. Planınızda nə vaxt və haraya getməyi və nə vaxt qayıdacağınızı qeyd etməlisiniz.
Mümkünsə, bu planı nəinki sizinlə gəzintiyi çıxan yoldaşlarınızla, həmçinin başqa birisilə - dostunuz, qohumunuz, qaldığınız yerin sahibi, dağ bələdçiləri və ya yerli hakimiyyətlə paylaşın.
Dağlara qışda qalxmaq istəyirsinizsə, Böyük Britaniya Alpinistlər Şurası bunu etmədən əvvəl sizə getməyi planlaşdırdığınız ərazi ilə yay vaxtı yaxından tanış olmağı tövsiyə edir.
"Küləyin gücü sizi bir uçurumun ucundan və ya kənarından itəliyə biləcək gücündə ola bilər. Günlər qısadır. Ərazidə özünüzü istiqamətləndirmək çətindir. Yay vaxtı hansısa uçurumun ucunda dayanmağa imkanınız olsa da, qış vaxtı eyni yer qara bürünmüş ola bilər", britaniyalı alpinistlər qeyd edirlər.