Xəbər verildiyi kimi, Səhiyyə Nazirliyinin Ç.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutunun baş həkimi Rza Səmədov 10 gün əvvəl vəzifəsindən uzaqlaşdırılıb.
Yenixeber.org: Əldə etdiyimiz məlumata görə, Səhiyyə naziri Teymur Musayev baş həkimi yaş senzi səbəbindən işdən uzaqlaşdırıb. Amma Elmi-Tədqiqat Kardiologiya İnstitunun baş həkimin səlahiyyətlərinin icraçısı kimi təyin olunan Azad Hacıyevin də yaş problemi var. Bu baxımdan demək olar ki, A.Hacıyev bu vəzifəni müvəqqəti icra edəcək.
Mediada yayılan məlumatlara görə, sabiq baş həkim Rza Səmədov İnstitutun direktoru Gülnaz Dadaşovanın yaxın adamı kimi tanınırdı. Onun vəzifəsindən uzaqlaşdırılmasının direktorun ciddi narahatlığına səbəb olub. Məhz buna görə G.Dadaşova hazırda İnstitutda “səliqə-səhman” yaratmağa başlayıb. Belə ki, onun özünü sığortalamaq üçün İstitutda aylardır xadimə ştatında olan, lakin tibb bacısı kimi fəaliyyət göstərən Failə Mahmudovanı işdən uzaqlaşdırdığı deyilir.
Azad Hacıyevin fəaliyyətindən də Kardiologiya İnstitutnun əməkdaşları ciddi narazıdır. Onu institutun direktoru Gülnaz Dadaşovanın qanunsuz əmrlərini belə sorğu-sualsız yerinə yetirən şəxs kimi xarakterizə edirlər.
Bir qədər əvvəl Səhiyyə Nazirliyinin institutda apardığı yoxlamalar zamanı ciddi nöqsanlar üzə çıxarılıb və buna görə direktora sərt xəbərdarlıq da edilib. Amma Gülnaz Dadaşova fəaliyyətində heç bir dəyişiklik etməyib. Yenə eyni qaydada institutu idarə etməkdədir. Belə ki, işçilərin məzuniyyət hüquqları kobud şəkildə pozulur. İşçilər istədiyi vaxt yox, məhz direktorun istəyi əsasında məzuniyyətə çıxa bilir. Həmçinin, işçilər 21 günlük məzuniyyət hüququnu birdəfəlik istifadə etmək məcburiyyətində qalıblar. Direktorun xoşuna gəlməyə işçilərin bəziləri məzuniyyətə göndərilməmiş işdən uzaqlaşdırılır. Ümumiyyətlə Gülnaz Dadaşovanın işçilərinin əmək hüquqlarını pozması ilə bağlı mediada çoxsaylı faktlar işıqlandırılıb. Hətta bir-neçə dəfə məhkəmələrdə iddialar qaldırılıb.
Məlumatlı mənbə Səhiyyə Nazirliyinin xəbərdarlıqlarına baxmayaraq, İnstitutun direktoru G.Dadaşovanın işçilərə qarşı əsassız cəza tədbirlərini davam etditdiyini də bildirib:
“O yenə də kollektivlə hesablaşmır, institutda intriqalar yaradır, öz qanunsuz tələblərinə etira edən işçiləri müxtəlif üsullarla işdən uzaqlaşdırmağa davam edir. Heç bir qanuna tabe olmaq istəməyən direktor işçilər arasında ayrı-seçkiliyə yol verir”.
İnstitutun kollektivi G.Dadaşovanın “sağ əli olan” direktor müavini vəzifəsinfə işləyən Azər Mirzəxanlının fəaliyyətindən də narazıdır:
“Cəlilabad rayon ƏƏSMM-nin direktoru işlədiyi vaxtlarda onun adı dəfələrlə korrupsiya işlərində hallanıb. Bu barədə mətbuatda kifayət qədər yazılar gedib. Azər Mirzəxanlı həkimlərə qarşı əsassız, sərt və alçaldıcı tədbirlər həyata keçirir. O, 5 kvadrat metrlik kabinetdə dəyirmi stol yerləşdirərək, 5-6 həkimi bir yerdə oturmağa məcbur edir. Darısqallıq ucbatından hansısa həkim kabineti tərk etmək istədikdə digər həkimlər məcburiyyət ayağa durub hər dəfə ona yol vermək məcburiyyətində qalırlar. Respublikanın hörmətli və təcrübəli kardioloqlarını bu şəraitdə işləməyə məcbur edən direktor müavini Azər Mirzəxanlı özü isə 3-cü mərtəbədə yeganə ventilyasiya mənbəyi olan, işıq verən pəncərələri bağlatdıraraq, özünə dəbdəbəli içərisində hamam-tualeti olan kabinet tikdirir”.
İnstitut əməkdaşları bununla belə tezliklə Gülnaz Dadaşovanın işdən uzaqlaşdırılacağına ümid edir. Onların ümidinə səbəb isə institutda yeni İnvaziv Kardiologiya şöbəsinin yaradılacağı ilə bağlı xəbərlərdir. Ürək xəstəliklərinin müalicəsində hazırda ən vacib sayılan sahələrdən biri olan İnvaziv Kardiologiya ilə bağlı institutda mütəxəssisin olmaması səbəbindən yeni təyin olunacaq rəhbərliyin bu sahədə professional olması şərtdir. Bu səbəbdən institut kollektivi Gülnaz Dadaşovanın tezliklə işdən uzaqlaşdırılacağını gözləyir. Çünki Səhiyyə Nazirliyinin rəhbər şəxsləri belə artıq direktorla bağlı edilən şikayətlərdən bezdiyini dilə gətirirlər…
Ç.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutunun əməkdaşlarının səsləndirdiyi ittihamlarla bağlı qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.(Aztoday.az)