Yenixeber.org: Xatırladaq ki, iki il əvvəl məhz bu cür qanunsuz əməllərə görə, Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Abşeron Rayon İcra Hakimiyyətinin vəzifəli şəxslərinə qarşı əməliyyat keçirmişdi. İcra hakimiyyəti Memarlıq və tikinti şöbəsinin müdiri (baş memar) Akif Əliyev, sabiq başçı İradə Gülməmmədovanın bacısı oğlu Babək Alıyev və Tural Ağaməmmədov həbs olunmuşdular.
Cənab Abdin Fərzəliyev rayona rəhbər təyin olunandan sonra da bu mənfi tendensiya davam etməkdədir. Müşahidələrdən belə qənaətə gəlmək olur ki, Abşeron Rayon İcra Hakimiyyətinə kimin başçı vəzifəsinə gətirilməsindən asılı olmayaraq, ərazilərin qanunsuz satışı rəhbər vəzifəli şəxslərin vaz keçə bilmədikləri əsas gəlir mənbələrindəndir və baş memarlar, mənzil kommunal təsərrüfatı birliklərinin direktorları bu şıdırğı gedən alverin qarşısını almağa deyil, əksinə, rahat baş tutmasına xidmət edən kiçik funksionerlərdir.
Xırdalan şəhəri, Nəsibə Zeynalova küçəsi, 27 ünvandakı (bazarın və bələdiyyə binasının yaxınlığı) binanın zirzəmisində söküntü işi gedir. Zirzəmidə şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə zidd olan dəyişikliklər edilir. Binanın bünövrə və konstruksiyasına bu cür özbaşına müdaxilə halı onun etibarlılığını və təhlükəsizliyini azaldır. Beton təbəqələr kəsilərək qapı oyuğu açılıb, dayanıqlığı təmin edən armaturlarlar doğranıb. Hal-hazırda da usta və fəhlələr işləyirlər. Həmin işləri əks etdirən görüntülər saytımızın “Youtobe” səhifəsində yerləşdirilib. Sözügedən ünvanda Abşeron Rayon İcra Hakimiyyətinin təsərrüfat şöbəsinin işçilərinin, Fövqəladə Hallar Nazirliyinin İstintaq İdarəsinin əməkdaşlarının, polis sahə müvəkkilinin və lazım gəlsə, media nümayəndələrinin iştirakı ilə binanın zirzəmisinə baxış keçirilməlidir. Di gəl, xeyri olacaqmı?
Abşeron Rayon İcra Hakimiyyətinin Mənzil Kommunal Təsərrüfat Birliyinin Abadlıq və Kommunal Xidmətlər İdarəsinin rəisi Mehman Səfərov qeydə aldığımız neqativ faktların görüntülərini video-mesaj kimi onun telefonuna göndərdiyimizə görə nömrəmizi “qara siyahıya” salıb. Amma problemi görmək istəməməsi, göz yumması o demək deyil ki, problem yoxa çıxdı. Dəvəquşu kimi başını qumun altına soxmaqla təhlükədən qaçmaq olmaz, onsuz da gövdən görünür. Mehman Səfərov bunca qanunsuz işlərə rəvac verməklə, ona etimad göstərmiş icra başçısı Abdin Fərzəliyevin fəaliyyətinə kölgə salır. Razılaşmaq lazımdır ki, Xırdalan şəhərində qeyd olunan müstəvidə yol verilmiş neqativ hallar Mehman Səfərov kimi orta manqalı məmurun rəvac verə biləcəyi miqyasdan böyükdür. Səfərovun vəzifədə qalmaqda davam edərək, bundan artığına qol qoyması elə təəssürat yarada bilər ki, o, vəzifəni yalnız formal olaraq daşıyır (hərçənd, bunu etməyə borclu deyil), icra başçısı ondan yalnız göz yummağı tələb edir.
Mövzuya qayıdacağıq.(Nyus.az)