Azərbaycanda yeni bir bəla xərçəng xəstəliyi kimi sürətlə yayılmaqdadır.
Yenixeber.org: İlk baxışdan başgicəlləndirici görünən lotereya oyunları artıq ölkəni, xüsusilə onun kasıb təbəqəsini ovucuna alıb. Qısa bir zamanda əhali müxtəlif təbliğat vasitələri ilə aldadılaraq “qumarxana”lara yönləndirilib. Hətta elə insanlar var ki, “Topaz”, “Misli”, “Poz-qazan”, eyni zamanda, “Azərlotereya”ya aid mərc oyunlarında nəinki maaşını, hətta əmlakını belə uduzub, ailələri dağılıb.
Ancaq buna baxmayaraq, mərc oyunlarına günü gündən daha dda geniş formada təşviq olunmaqdadır. Hətta, “Azərlotereya” ASC və onun mərc və digər oyunlarının təbliğatını aparan PR şirlkətlər anlaşdıqları şəxs və ya media qurumları vasitəsilə internet üzərindən yayımlanan rəqiblərini “vurdururlar”. Maraqlıdır ki, ASC bu məqsədlə bir sıra tiktokerlərlə də anlaşıblar. Bu anlaşmanın detalları barədə mia.az-da ayrıca araşdırma olacaq. Hələlik isə onu deyək ki, artıq “qumar bileti” satışları günü gündən göbələk kimi artır. Hətta bəzən metrostansiya qarşıları, səkilər “toçka”larla “həngamə”yə çevrilir…
Bəs, “Azərlotereya” ASC-tə bu qədər “toçka” açmağa kim və necə icazə verir? Kimdir bu imkanı ASC-yə yaradan? Məsələ ilə bağlı Bakı şəhər Ticarət və Xidmət Departamentindən Referans.az-a bildirilib ki, müvafiq qaydalara uyğun olaraq səyyar satışa icazə verilə bilər: “Satış üçün xüsusi qaydalar və normalar mövcuddur. Satışı edən şəxs də müvafiq meyarlara uyğundursa, bu zaman şəhərin küçələrində satış edə bilər, lakin insanların gediş-gəlişinə mane olmamaq şərti ilə. Yəni, satışa icazənin verilməsi şəxsin harada gəldi, necə gəldi və nə istəyir onu sata biləcəyi anlamına gəlmir. Hər hansısa bir səyyar satışdan söhbət gedirsə, bütün meyarla uyğun olmalıdır…”.
Milli Məclisin deputatı Vahid Əhmədov isə deyib ki, insanların bu kimi işlərə pul verməməsi üçün kütləvi maarifləndirmə tədbirləri keçirilməlidir: ““Azərlotereyanı türklərə verdilər və bundan sonra kütləvi şəkildə küçələrdə bir çox oyunlar yayılmağa başladı. Onlar da pul qazanmağı nəzərə alırlar. Çünki əhalinin əksəriyyəti bu kimi oyunlarda öz şanslarını sınayırlar, amma təşkilatçılara nə qədər xeyir verdiklərindən xəbərləri yoxdur. Vətəndaşlar inanmasınlar ki, bu şəkildə külli miqdarda qazanc əldə edə bilərlər. Çünki bu, mümkün deyil”.
Deputat qeyd edir ki, müəyyən kütlənin bu sahəyə maraq göstərməsi mərc oyunlarının yayılmasına səbəb olur.
Onun sözlərinə görə, 100 nəfərdən 5-i uduş əldə edərsə belə, bu elə də böyük məbləğ olmur: “Amma daha yaxşı olardı ki, bu kimi işlər qapalı yerlərdə həyata keçirilsin”.(mia.az)