Hakim Əli Məmmədov iki tikinti dələduzunu müdafiə edir -yeni ədliyyə nazirinə faktlar...
Yenixeber.org: Azərbaycanın məhkəmə-hüquq sistemində dələduzlara, cinayətkarlara hakimlər tərəfindən himayəçilik edilməsi təəccüblü hal sayılmır. Ölkədə onlarla belə məhkəmə hakimi görmək olar ki, zərər çəkmişi yox, təqsirləndirilən şəxsi müdafiə edir, onu qoruyur, hansısa yollarla qismən də olsa haqq qazandırmaq istəyir. Təbii ki, bu femida adına rüsvayçılıqdır. Belə hakimlər geyindiyi mantiyanı əynindən çıxarmalı və başqa peşə seçməlidirlər, ya da tam əksinə, onların cinayəti sübut olunmuş şəxlərlə işbirliyi araşdırılmalıdır. Axı hakim ədalətin yanında olmalıdır, bəs bəziləri niyə cinayətkarların, insanların haqqını yemiş fırıldaqçıların yanında olur?!
Soruşa bilərsiniz ki, konkret hansı faktlarınız var, o zaman biz təqdim edək, siz tanış olun:
Belə ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Əli Məmmədov ağır cinayət törətmiş iki nəfəri müdafiə edir. Təsəvvür edin, məhkəmənin adı ağır cinayətlə bağlıdır, onun hakimi isə ağır cinayətdə ittiham olunan tərəfə qahmar çıxır... Söhbət Yeni Günəşlidə tikdiyi binada bir mənzili bir neçə nəfərə sataraq dələduzluq etmiş "Sahil - S İnşaat" şirkətinin rəhbərlərindən gedir. Onlar Taley Alaverdiyev və Pənah Kərimovdur. Hər ikisi həbsdədir. Sübut olunub ki, 165 ailə bu şirkətin sahiblərinin dələduz əməllərinin qurbanıdır. Di gəl ki, hakim Əli Məmmədov daşıdığı o ada belə dəyər vermədən "müaviyə"lərin, "yezid"lərin, ailələrin pulunu yeyib yuva qurmaq ümidini söndürmüş, uşaqların sevincini ürəyində qoymuş həmin iki dələduzun tərəfini saxlayır. Halbuki Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin obyektiv araşdırması, sonrakı dönəmdə sakinlərin problemlərini diqqətdə saxlaması, ölkə rəhbərliyinə edilən müraciətlər əsasında dövlət qurumlarının dəstəyi sayəsində sakinlər o fırıldaqçıların yarımçıq qoyduqları işləri öz gücünə, şəxsi resursu hesabına tamamlamağa çalışıblar. Ki, mənzillərinə köçsünlər. Lakin hakim Əli Məmmədov həbsdəki "moşennik"lərin yanında dayanmağa üstünlük verir. Bəs bunu necə edir?Belə ki, dələduzluğa görə həbs edilmiş şirkət rəhbərlərinə qahmar çıxaraq, zərər çəkmişlərdən onlara ödəniş edilməsini tələb edir. Həmin zərər çəkmiş 16 ailə aldadıldığını başa düşdüyü üçün mənzilə görə kredit ödənişini zamanında dayandırıblar. Kredit ödəyiciləri sonrakı dönəmdə ödədikləri pulla binanın yarımçıq işləri tamamlanıb. Belə ki, həmin vəsaitlə lift alınıb, dam vurulub, qaz, su, işıq xətləri çəkilib, arakəsmələr düzəldilib, fasadlar işlənib. Yəni ümumilikdə 16 ailə kreditin əvəzinə o vəsaiti binanın işlərinə yönəldib, nəticədə bütün sakinlərin problemlərinin həlli üçün addımlar atılıb. Əslində 165 ailənin üzləşdiyi bir problemdən söhbət gedir. Ancaq hakim Əli Məmmədov isə dələduzlara sahib çıxaraq belə qənaətə gəlib ki, həmin vəsaitlər tikinti şirkətinə çatmalıdır. Yəni kredit ödəyiciləri o pulu şirkət sahiblərinə ödəməlidirlər, nəticədə onlar azadlığa çıxmalıdır. Bu qədər absurd, bu qədər anormal mövqe... Maraqlıdır, şirkət sahibləri götürdüyü hansı öhdəlikləri yerinə yetiriblər ki, zərər çəkmiş ailələr bu pulu onlara versin?! O ailələr aldadılıb, bununla belə mənzillər təhvil verilsin deyə ödəməli olduqları krediti binanın yarımçıq işlərinə xərcləyiblər. Ki, evlərinə köçüb yaşasınlar. Ancaq hakim bu işdə dələduzların müdafiəsinə qalxır, sakinləri sıxışdırır. Ümumiyyətlə, onun fırıldaqçıları müdafiə etməsi suallar doğurur. Axı Əli Məmmədovun hakim kimi bu işdə nə marağı var ki, həmin şəxslər azadlıqda gəzsinlər, yaxud pullar şirkətə verilsin?! Belə şübhələr yaranır ki, hakim həmin dələduzlarla nəyinsə müqabilində sövdələşib. Bunu başqa cür anlamaq çətindir. Əgər hakim vətəndaşların haqqının pozulmasını deyil, şirkətin iki dələduzunu müdafiə edirsə, deməli, onun məsələyə yanaşması şəxsi prizmadandır, ədalətin bərpası deyil.
Ona görə də həmin sakinlər yeni ədliyyə naziri Fərid Əhmədova müraciət edərək bu məsələdə araşdırma aparılmasını xahiş edirlər. Onlar gənc nazirə inanaraq qeyd edirlər ki, hakim Əli Məmmədovun tutduğu mövqenin səbəbi araşdırılacaq. Həmçinin, Ali Məhkəmə sədri İnam Kərimovdan da dəstək istəyən sakinlər deyirlər ki, bu məsələ ciddi şəkildə yoxlanmalıdır, hakimin prosesə baxışı öyrənilməlidir. Sakinlər bildirirlər ki, pozulan hüquqlarının müdafiəsi üçün Prezident Administrasiyasına gedəcəklər və hakimin tələbləri barədə dövlət rəhbərliyini məlumatlandıracaqlar.(Anaxeber.info)