Yenixeber.org: Hökumətin bu istiqamətdə həyata keçirdiyi işlərdən biri də Təhsil Nazirliyi sistemində son illər aparılan struktur və kadr islahatları, keyfiyyət və əhatəliliyə əsaslanan strateji təşkilatların yaradılmasıdır. Belə təşkilatlardan biri də Prezident İlham Əliyevin 2021-ci il iyunun 17-də imzaladığı 1367 saylı Fərman əsasında Elm və Təhsil Nazirliyinin tabeliyində yaradılan Təhsil Tələbə Krediti Fondudur.

Təhsil almaq istəyən vətəndaşlara bərabər imkanlar yaratmaq və təhsilin əhatə dairəsini genişləndirmək məqsədi ilə yaradılan bu fond hazırda Elm və Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərməyinə baxmayaraq, müstəqil olaraq dövlət satınalmaları həyata keçirir. Ancaq yayğın iddialara əsasən, fondun hər il müəyyən lotlar üzrə gerçəkləşdirdiyi satınalmaların bəziləri qeyri-şəffaflığına görə dövlət büdcəsindən maliyyələşən müxtəlif qurumların satınalmalarına bənzəyir.

Təhsil Tələbə Krediti Fondunun şəffaflığı şübhə doğuran satınalmaları barədə araşdırma aparmışıq. Bu araşdırmada fondun keçirdiyi tender qalib gələn təşkilatın Fondun rəhbərliyinə bağlılığını göstərən ciddi faktlar ortaya çıxır.

           Qalib şirkət Fond sədrinə məxsusdur?

Araşdırmalarımız zamanı Təhsil Tələbə Krediti Fondunun 2023-cü ilin noyabr ayının 22-də keçirdiyi satınalma diqqətimizi çəkdi. Fondun “Təhsil Tələbə Krediti Fondunun fəaliyyəti ilə bağlı ictimai sorğunun keçirilməsi xidmətinin satın alınması” lotu üzrə keçirdiyi 53 min 100 manatlıq satınalmada “PRİMA CONSALTİNG” Məhdud Məsuliyyətli Cəmiyyət (MMC) qalib olub.

“PRİMA CONSALTİNG” MMC 2013-cü ildə təsis edilib. Qurum təsis edilərkən onun ilk qanuni təmsilçisi Əliyeva Nigar Namiq qızı olub. Sonradan qanuni təmsilçi statusu Əliyev Famil Möhübəli oğlu keçib. Lakin hazırda şirkətin qanuni təmsilçisi Mənsimova Cəmilə Eldar qızıdır. Burada diqqəti çəkən qaranlıq məqamlardan biri “PRİMA CONSALTİNG” MMC-nin Təhsil Tələbə Krediti Fondunun fəaliyyəti ilə bağlı göstərilən xidmətlərə dair əhalinin məmnunluq səviyyəsinin qiymətləndirilməsi məqsədilə sosioloji sorğunu hansı məkanlarada və neçə respondentin iştirakı ilə keçirməsidir. Bu barədə məlumatın Fondla sözügedən MMC arasında bağlanan satınalma üzrə müqavilənin predmetini təşkil edib-etmədiyi məlum olamasa da, açıq mənbələrdə həmin informasiyaya rast gəlinmir.

Ancaq bu da şübhə doğuran məqamların sonuncu “bənd”i deyil. İddialara əsasən, haqqında danışılan tenderdə qalib gələn “PRİMA CONSALTİNG” MMC məhz Təhsil Tələbə Krediti Fondunun sədrinə məxsusdur. Bununla bağlı səslənən iddialarda Təhsil Tələbə Krediti Fondunun sədrinin vaxtilə özəl sektorda fəaliyyət göstərdiyi zaman bu təşkilatın dövlət satınalmalarında iştirakına və qalib gəlməsinə dəstək verdiyi bildirilir.

Qeyd edək ki, Fondun keçirdiyi tenderdə qalib olan bu MMC-nin sifarişçi təşkilatın rəhbərinə məxsus olmasına dair iddialar Azərbaycan Respublikasının “Dövlət satınalmaları haqqında” Qanununun əsas müddəalarının kobud şəkildə pozulması anlamına gəlir.

Təhsil Tələbə Krediti Fondunun keçirdiyi tenderlə bağlı yuxarıda qeyd olunan iddianın ciddiliyini nəzərə alaraq, həmin məqama aydınlıq gətirilməsi xahişi ilə fonda rəsmi sorğu ilə müraciət etdik. Ancaq təəssüf ki, göndərdiyimiz sorğuya verilən ümumi xarakterli cavabda vurğulanan iddiaya hər hansı formada münasibət bildirilməyib. Cavabda sadəcə olaraq, fondun keçirdiyi tenderlərin müvafiq qanunvericilik əsasında təşkil edildiyi və təsdiqləndiyi qeyd olunub:

“Müraciətinizdə qeyd etdiyiniz məsələ ilə bağlı bildiririk ki, Fondun hər il üçün təsdiq edilmiş xərclər smetasında nəzərdə tutulmuş vəsaitlər hesabına malların (işlərin, xidmətlərin) satın alınması “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq satınalma planına əsasən elektron qaydada dövlət satınalmalarının vahid internet portalı vasitəsi ilə elan verilməklə həyata keçirilir. Satınalmalar zamanı dövlət vəsaitindən səmərəli və qənaətlə istifadə edilməsi, müsabiqə və aşkarlıq əsasında bütün malgöndərənlərə bərabər rəqabət mühiti yaradılması prinsipləri əsas götürülür. Həmçinin, elektron satınalma portalı vasitəsi ilə həyata keçirilən satınalma prosesləri müvafiq dövlət qurumu tərəfindən nəzarət olunmaqla tamamilə aşkarlıq, şəffaflıq, bərabərlik və rəqabətlilik prinsipləri əsasında təşkil edilmişdir.

Satınalmaların yekununda Tender komissiyasının təsdiq etdiyi yekun protokollar münasibət bildirilməsi və rəy alınması məqsədi ilə dövlət satınalmalarına nəzarət edən müvafiq icra hakimiyyəti orqanı olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə göndərilir, həmin qurumun müvafiq rəyindən və təsdiqindən sonra qalib təşkilatlarla müqavilələr rəsmiləşdirilir. Satınalmaların yekunu ilə bağlı məlumatlar müvafiq qaydada həm elektron satınalma portalında, həm də Fondun rəsmi saytında yerləşdirilir. Bir daha müraciətinizə görə təşəkkür edərək bildiririk ki, qeyd etdiyiniz iddialar həqiqəti əks etdirmir. Hər-hansı əlavə sualınız yaranarsa hər zaman suallarınızı cavablandırmağa və məsələlərə aydınlıq gətirməyə hazırıq”.

Göründüyü kimi, cavabda Təhsil Tələbə Krediti Fondunun keçirdiyi məlum tenderdə qalib elan olunan MMC-nin faktik sahibinin kimliyi və onun sifarişçi ilə əlaqələrinə dair şübhəli məqamların üzərindən sükutla keçilib, “arzuedilməz” nüanslara toxunulmayıb. Ancaq bu taktika faktların biurdəfəlik ortadan qalxması, yaxud da onların mahiyyətinin dəyişməsi üçün yetərli deyil.(yenicag.az)

Mövzunu davam etdirəcəyik.