Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Elm və Təhsil Nazirliyinin məktəbəqədər təhsil müəssisələrinin yeməklə təchizatına ayrdığı pullar və reallıqlar -DE-FAKTO

Bağçalarda RÜŞVƏT PROBLEMİ: “Elm və Təhsil Nazirliyi vakant yer çıxara  bilmir”
Yenixeber.org: Elm və Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi 2023-cü ildə Bakının dörd rayonunda, Bərdə rayonunda, Gəncə və Mingəçevir şəhərlərində məktəbəqədər təhsil müəssisələrinin yeməklə təchizatına 31 milyon manatdan çox vəsait ayırıb. Bu məlumatı sözügedən qurum tərəfindən dövlət satınalmalarının vahid internet portalı üzərindən apardığımız araşdırma zamanı əldə etmişik. Respublikamızın digər şəhər və rayonlarında fəaliyyət göstərən məktəbəqədər təhsil müəssisələrinin yeməklə təchizatına ayrılan vəsaitlər barədə heç bir məlumat yoxdu. Maraqlıdır respublikamızın digər şəhər və rayonlarında fəaliyyət göstərən məktəbəqədər təhsil müəssisələrinin yeməklə təchizatı üzrə tenderlər keçirilmir, yoxsa müqavilələr birbaşa, ictimaiyyətə açıqlanmadan bağlanır? Bunlara növbəti yazıların birində qayıdacağıq. Keçək əsas məsələyə.

Elm və Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi tərəfindən dövlət satınalmalarının vahid internet portalına 20.02.2023-cü il tarixdə yerləşdirilmiş məlumatda 2023-cü il ərzində Bakı şəhəri (Səbail və Nizami rayonları) və Gəncə şəhəri ərazisində yerləşən bütün məktəbəqədər təhsil müəssisələrinin yeməklə təchizatının satınalınması üzrə “TAİS İKF” MMC ilə 12.704.453,95 manat məbləğində satınalma müqaviləsinin bağlanıldığı açıqlanıb.

Qeyd edək ki, Gəncə şəhərində 42, Bakı şəhəri Nizami rayonunda 24, Səbail rayonunda isə 21 məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir. Təhsil Nazirliyinin Təchizat İdarəsi bu məktəbəqədər təhsil müəssisələrinin birinin yeməklə təchizatına orta hesabla 146 028 manat vəsait ayırıb.

Dövlət Vergi Xidmətinin məlumatlarına görə «TAİS İKF» MMC şirkəti 1994-cü ildə yaradılıb. Şirkətin hüquqi ünvanı Baki şəhəri Nərimanov rayonu, Ələsgər Qaibov, ev 5-də yerləşir. Nizamnamə kapitalı 10 manat, qanuni təmsilçisi Rəfail Məmməd oğlu Şirinovdur. Elektron mediada A.Hüseynzadə adına 20 nömrəli məktəb-liseyin aşağı sinif şagirdləri arasında kütləvi zəhərlənmə olması barədə məlumatlar yer alıb. Qeyd olunur ki,  məktəb-liseydə iaşə xidmətini təşkil edən “Tais ikf” MMC olub.

Bundan başqa Elm və Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi dövlət satınalmalarının vahid internet portalına iki şübhə doğuran məlumat da yerləşdirib. İdarənin 20.02.2023-cü ildə yerləşdirdiyi bildirişə görə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Təsərrüfathesablı Əsaslı Tikinti və Təchizat İdarəsi tərəfindən, Elm və təhsil nazirliyinin birbaşa tabeliyində olan respublikanın bir sıra təhsil müəssisələrində dövlət təminatında olan təhsilalanların 2023-cü il ərzində yeməklə təchizatının satın alınması məqsədilə 06.01.2023-cü il tarixində keçirilmiş təkliflər sorğusu prosedurunun nəticəsinə əsasən “Tais İKF” MMC qalib elan edilmiş və həmin təşkilatla müvafiq satınalma müqaviləsi bağlanmışdır.

Respublikada yüzlərlə təhsil müəssisələrində minlərlə dövlət təminatında olan təhsilalan var. Burada müəssisələrin adı nə üçün konkret göstərilməyib və satınalma müqaviləsinin qiyməti nə üçün açıqlanmayıb? Digər şübhəli tenderə nəzər salaq.

Təhsil nazirliyinin birbaşa tabeliyində olan təhsil müəssisəsində dövlət təminatında olan təhsilalanların 2022-ci ilin sentyabr-dekabr ayları ərzində yeməklə təchizatı üzrə 17.08.2022-ci il tarixdə başladığı açıq tenderdə zərflərin açılış tarixi və vaxtı 26.08.2022-ci il tarixə müəyyən edilib. Dəyəri 3,0 milyon ABŞ dollarının manat ekvivalentindən çox olan açıq tenderin 10 gün ərzində yekunlaşdırılması hansı qanunda göstərilib? Daha təəccüblisi isə zərflər paketi 26.08.2022-ci il tarixdə açılmış açıq tenderin nəticələrinin 16.05.2023-cü il tarixdə dərc edilməsidir. Bu tenderdə Təchizat İdarəsi “Tais İKF” MMC ilə 6.616.245,34 manat məbləğində satınalma müqaviləsi bağladığını göstərib. Amma bu vəsaitin hansı dövlət müəssisəsinə, hansı təhsilalanlara ayrıldığı barədə açıqlama yoxdu.

Təchizat İdarəsi tərəfindən “EL-OBA” QSC ilə 2023-cü il ərzində Bakı şəhəri (Binəqədi və Nərimanov rayonları) ərazisində yerləşən bütün məktəbəqədər təhsil müəssisələrinin yeməklə təchizatının satınalınmasına dair 11.109.016,17 manat dəyərində satınalma müqaviləsinin bağlanılması barədə məlumat da 20.02.2023-cü il tarixdə açıqlanıb.

Qeyd edək ki, Bakı şəhəri Nizami rayonunda 34, Nərimanov rayonunda isə 30 məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir. Təhsil Nazirliyinin Təchizat İdarəsi bu məktəbəqədər təhsil müəssisələrinin birinin yeməklə təchizatına orta hesabla 173 578 manat vəsait ayırıb.

“EL-OBA” QSC 2019-cu ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 2000 manat, hüquqi ünvanı Bakı, Binəqədi rayonu, Biləcəri, Yeni Yaşayış sahəsi ev 6-dır. Şirkətin qanuni təmsilçisi Vüsal Maşalla oğlu Niftiyevdir. Elektron mediada QSC nin illik maliyyə hesabatları yayılıb. Göstərilir ki, “El-Oba” QSC 2022-ci ili 446 min manat xalis mənfəət ilə yekunlaşdırıb. 2021-ci ildə şirkətin xalis zərəri 339 min manat təşkil etmişdir. Şirkətin bina, qurğu və avadanlıqların amortizasiyası üzrə gəlir və xərcləri 8 561 manat olub. Əvvəlki il bu göstərici 9 137 manat təşkil edib. “El-Oba” QSC 2021-ci il 339 min manat xalis zərər ilə yekunlaşdırıb. 2020-ci ildə şirkətin xalis zərəri 400 min manat təşkil etmişdi. 2020-ci illə müqayisədə 2021-ci ildə “El-Oba” QSC-nin satışdan gəlirləri 7 dəfədən çox artaraq 6 milyon 744 min manat təşkil edib. Şirkət 2020-ci ildə 925 min manat gəlir əldə etmişdi.

Qida Təhlükəsizliyi Agentliyinin qida təhlükəsizliyi qeydiyyatına alınma və qeydiyyatdan imtina halları ilə bağlı  2022-ci ilin dekabr ayına olan məlumatda qida təhlükəsizliyi qeydiyyatından imtina edilən sahibkarlıq subyektləri haqqında məlumatda “El-Oba” QSC-nin də adı keçir. Müvafiq sanitar norma və qaydaların tələblərinə uyğun olmadığına görə “El-Oba” QSC-nin ictimai iaşə xidməti göstərməsinə icazə verilməyib. Cəmi bir ay sonra QSC iaşə xidmətinin göstərilməsi ilə bağlı 11 milyon manat dəyəri olan tender udub.

Elm və Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi tərəfindən 2023-cü il ərzində Bərdə rayon ərazisində yerləşən bütün məktəbəqədər təhsil müəssisələrinin yeməklə təchizatının satınalınmasına dair 3.150.430,84  manat dəyərində müqavilə “MƏİŞƏT İST” MMC ilə bağlanılıb. Qeyd edək ki, “Məişət İST” MMC 1994-cü ildə dövlət qeydiyyatına alınıb, nizamnamə kapitalı 6 manatdır və qanuni təmsilçisi Nicat Cəfərovdur. MMC 3 milyon manatla Bərdə rayonunda fəaliyyət göstərən 33 məktəbəqədər təhsil müəssisəsini  yeməklə təchiz etməlidir. Bu isə il ərzində hər bir uşaq bağçasına orta hesabla 95 467 manat xərc çəkilməsi deməkdir. Açıq mənbələrdə MMC-nin barəsində heç bir məlumat yoxdu.

Təchizat İdarəsi tərəfindən 2023-cü il ərzində Mingəçevir şəhəri ərazisində yerləşən bütün məktəbəqədər təhsil müəssisələrinin yeməklə təchizatının satınalınmasına dair 4.702.748,12  milyon manat dəyərində müqavilə isə “SABKO” MMC ilə bağlanılıb. Qeyd edək ki, “SABKO” MMC 01.09.2014-cü ildə dövlət qeydiyyatına alınıb, nizamnamə kapitalı 10 manatdır. MMC-nin qanuni təmsilçisi Safıqov Amil Telman oğludur. MMC 5 milyon manat civarında dövlət vəsaiti hesabına Mingəçevir şəhərində fəaliyyət göstərən 21 məktəbəqədər təhsil müəssisəsini yeməklə təchiz etməlidir. Bu isə il ərzində Mingəçevir şəhərində hər bir uşaq bağçasına il ərzində orta hesabla 223 940 manat xərc çəkilməsi deməkdir.

Elektron mediada MMC-nin 2021-ci ildə Qida Təhlükəsizliyi Agentliyi tərəfindən istehlakçı hüquqlarının qorunması və həmçinin qida təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə yoxlanıldığı bildirilir və göstərilir ki,  yoxlama zamanı məhsulların saxlanma qaydaları və temperatur rejiminin kobud şəkildə pozulduğu məlum olub. Belə ki, müəssisənin dondurucu və soyuducu kamerasında, rəflərdə məhsulların açıq vəziyyətdə, mal qonşuluğu qaydalarına, saxlanma temperaturuna riayət olunmadan, qida və qeyri-qida məhsullarının eyni sahədə yanaşı saxlanıldığı və istifadə müddəti bitmiş məhsullar aşkarlanıb. Eyni zamanda, içkilərin saxlanma sahəsində divarın tamlığının pozulduğu, müəssisədə dezinfeksiya, dezinseksiya və deratizasiya işlərinin aparılmadığı, işçilərin ilkin və dövri olaraq tibbi müayinədən keçmədiyi müəyyən olunub.

Qanunvericiliyin və texniki hüquqi normativ aktların tələblərinə uyğun olaraq mənşəyi məlum olmayan və istifadə müddəti bitmiş məhsulların satışının qadağan edilməsi barədə məhdudlaşdırıcı qərar qəbul edilib. Məhsullardan nümunələr götürülərək Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim edilib.

Göründüyü kimi Elm və Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi məktəbəqədər təhsil müəssisələrinin yeməklə təchizatına cəlb etdiyi MMC-lər, müvafiq sanitar norma və qaydaların tələblərinə uyğun olmadığına görə ictimai iaşə xidməti göstərməsinə icazə verilməyən, istifadə müddəti bitmiş, mənşəyi məlum olmayan məhsullarin satışının qadağan edilməsi barədə rəsmi dövlət qurumunun qərar qəbul ediyi MMC-lərdir.

Apardığımız araşdırmalar zamanı əldə etdiyimiz bu məlumatlar bir daha onu göstərir ki, dövlət körpə vətəndaşlarına sahib çıxır, onların sağlam gələcəyini təmin etmək məqsədi ilə milyonlarla vəsait xərcləyir. Lakin məktəbəqədər təhsil müəssisələrində nəzərdə tutulan qidaların tam olaraq uşaqlara çatdırılıb, çatdırılmaması sual altındadır. Çünki bu vəsaitlərin böyük faizi unvanına çatana qədər bir sıra səlahiyyətli şəxslər tərəfindən oğurlanır. Yəni kağız üzərində göstərilənlər başqa, reallıqlar isə tamam başqadı.(aktualinfo.org)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam