Süleyman Mikayılovun tender oyunları - Vergi borcu olan şirkətlə müqavilə imzalanır -DE-FAKTO
Qaradağ Rayon İcra Hakimiyyəti başçısı Aparatının Mənzil-Kommunal Təsərrüfatı İstehsalatı Birliyi (MKTİB) abadlıq işləri və yolların əsaslı təmiri ilə bağlı tenderə yekun vurub.
Yenixeber.org: Abadlıq işləri ilə bağlı tenderin qalibi "Qara Qaya” MMC olub. Qurumla şirkətin arasında bağlanacaq satınalma müqaviləsinin maliyyə dəyəri 571 962,2 AZN-dir.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına görə, "Qara Qaya” MMC 2 mart 2006-cı ildə qeydiyyata alınıb.
Şirkətin nizamnamə kapitalı 2 AZN-dir. MMC-nin qanuni təmsilçisi isə Əliyarov Aydın Əliyar oğludur.
Açıq mənbələrdə nə Aydın Əliyarov, nə də şirkət haqqında məlumatlar var.
Dövlət satınalmalarının elektron portalında yerləşdirilən məlumatlardan aydın olur ki, "Qara Qaya” MMC əsasən Qaradağ Rayon İcra Hakimiyyəti bə ona tabeli qurumların tenderlərinin qalibi olur.
Yeri gəlmişkən, Qaradağ MKTİB-i ötən il də "Qara Qaya” MMC ilə maliyyə dəyəri 397 804, 32 AZN təşkil edən 3 satınalma müqaviləsi imzalayıb. Müqavilələrdə yolların əsaslı təmiri, abadlıq işləri və mal-materialların alınması nəzərdə tutulur.
Yolların əsaslı təmiri işlərinin satın alınması ilə bağlı tenderin qalibi isə "Təmir-Təchizat 4” MMC seçilib. Qurumla şirkət arasında bağlanacaq satınalma müqaviləsinin maliyyə dəyəri 720 131,46 AZN-dir.
"Təmir-Təchizat 4” MMC 4 may 2005-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 10 AZN olan şirkətin qanuni təmsilçisi Həsənov Elbrus Məmməd oğludur. Açıq mənbələrdə şirkət və qanuni təmsilçisi barədə heç bir məlumat yoxdur.
Araşdırmalarımız zamanı məlum olub ki, "Təmir-Təchizat 4” MMC də Qaradağ Rayon İcra Hakimiyyətinin sevimli şirkətlərindəndir. İcra hakimiyyəti və ona tabeli qurumlar vaxtaşırı bu şirkətə sifarişlər verir.
Görünür elə bu səbəbdəndir ki, "Təmir-Təchizat 4” MMC üçün qanunlar işləmir. Söhbət ondan gedir ki, şirkətin hazırda 6 750 AZN vergi borcu var. "Dövlət satınalmaları haqqında” Qanun vergi borcu olan şirkətlərin tenderlərdə iştirakını qadağan edir.
Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılovdur. O, 2010-cu ildən bu vəzifədədir.(Qaynarinfo)