Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Quruyan Kür kənddən şəhərə axını gücləndirir:Çarə nədir?

          Son zamanlar Kürdə suyun səviyyəsi minimum həddən aşağı düşüb.

Yenixeber.org: Xəzər dənizinin suyunun Kürə qarışmasının qarşısını almaq məqsədi ilə çayın deltasında suaşıran bəndlər vurulsa da, suyun səviyyəsi qalxmır.

Hazırda Kürdə suyun səviyyəsi minimum həddən 60-70 santimetr aşağı olduğundan vəziyyət kritik həddə çatıb.

Son illər daxili və tranzit çaylarda suyun səviyyəsi azalıb. 1961-ci illə 1991-ci ili müqayisə etdikdə su ehtiyatlarında azalma özünü göstərsə də, son 10 ildə proses daha da sürətlənib.


Sakinlər Kürdə suyun səviyyəsinin enmə səbəbini Mingəçevir su anbarından suyun az buraxılması ilə əlaqələndirirlər.

Kürün suyunun azalması əkin sahələrinin suvarılmasında çətinlikər yaradır və kənd təsərrüfatı məhv olur. Heç bir gəliri olmayan sakinlər pul qazanmaq üçün Bakıya axın edirlər. 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin Hidrologiya Mərkəzinin direktoru Asif Verdiyev açıqlamasında bildirib ki, aparılan monitorinqlər onu göstərir ki, Kür çayının ölkə ərazisinə daxil olan hissəsində son beş ildə illik axın 32 faiz azalıb:


“Kürün Mingəçevir su anbarının aşağı hissəsində - Zərdab məntəqəsində 55, Surra məntəqəsində isə 67% azalma müşahidə edilib. Qanıx çayı ilə ölkəmizə daxil olan su həcmində də azalma müşahidə edilib, suyun səviyyəsi kəskin azalıb. Son beş ildə sululuq 35 faiz azalıb”.

Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-dən bildirilib ki, keçmiş illərə nəzər salsaq, görərik ki, Mingəçevir su anbarına çoxsululuq dövrlərində daxil olan su həcmi 15-16 milyard kubmetr, azsululuq illərində 8-9 milyard kubmetr olsa da, son illərdə bu göstərici 6-7 milyard kubmetrə qədər azalıb:

“Verilən proqnoz məlumatlara əsasən, ölkə üzrə su ehtiyatlarının 2020-2050-ci illərdə 20-25% azalması gözlənilir. Bütün bu qeyd olunanları nəzərə alsaq, su ehtiyatlarından qənaətlə və səmərəli istifadə olunmasına, onların qorunmasına və mühafizə edilməsinə böyük ehtiyac var.

Mingəçevir su anbarını qidalandıran çaylarda su sərfinin azalması, bununla yanaşı, Mingəçevir su anbarından qidalanan Yuxarı Qarabağ və Yuxarı Şirvan kanalları, o cümlədən Kür çayının xidməti ərazisində əkin sahələrinin son illərdə artması özəlliklə suvarma kanallarının sonunda yerləşən fermerlərin müəyyən çətinliklərlə qarşılaşmasına gətirib çıxarır.


Hazırda Kür çayının mənsəbində yerləşən Salyan və Neftçala rayonlarında da müşahidə olunur ki, Kür çayı üzərində yerləşən bölgələrdə suya artmaqda olan tələbat iqlim dəyişiklikləri fonunda çayın su sərfinin kəskin azalmasına gətirib çıxarır”.

“Mart-aprel aylarında dağlıq ərazilərdə buzlaqların əriməsi, o cümlədən hazırda Mingəçevir su anbarından çayın aşağı axınına buraxılan suyun həcminin çoxalması qısa zaman ərzində problemin həllinə ümid verir”, - deyə qeyd edilib. 

İqtisadçı ekspert Rauf Qarayevin sözlərinə görə, Kür suyunun quruması artıq bir neçə ildir ki, davam edir:

“Bununla bağlı müşavirə də keçirilib və bu fəsadın aradan qaldırılması ilə bağlı tapşırıqlar verilib.  Quruma quraqlıqla əlaqələndirilir və kənd təsərrüfatına böyük ziyanı var. Bundan xilas olmaq üçün bəzi dağ çaylarının istiqamətinin Kürə yönəldilməsi haqqında qeydlər də var idi. Eyni zamanda, Xəzər dənizinin suyunu içməli vəziyyətə gətirmək üçün xüsusi aparatlardan, Kür üstündə olan rayonlarda quyuların qazılmasından və yeraltı sulardan istifadə edilməlidir.

Eyni zamanda, kənd təsərrüfatında damcı yolu ilə sudan istifadə, İsrail nümunəsindən bəhrələnmə önəmlidir. Bildiyiniz kimi, İsrail dövlətinin bizimlə bir çox layihələri var. Onlardan da biri kənd təsərrüfatı ilə bağlı texnologiyalardan istifadədir və bizim kadrlar oraya gedib, bu texnologiyaları mənimsəmək üçün təlimlər keçir, orada olan ali təhsil olacaqlarında təhsil alırlar. İsrail bu sahədə səhranı cənnətə çevirə bilib. Bundan əlavə, süni göllərin yaradılması, bu göllərdə olan sulardan quraqlıq dövrlərdə istifadə kimi tədbirlər görmək olar”.


Ekspert bildirib ki, Kür üzərində olan elektrik enerji stansiyaların yaradılması nəzərdə tutulur ki, hazırda bununla bağlı tədbirlər görülür:

“Çünki quruma məsələsi artıq neçə illərdir var və su enerjisindən istifadə ilə bağlı yeni alternativ enerji mənbələri nəzərdən keçirilir. Hətta bununla bağlı yaşıl investisiya qeydləri də var. Mərkəzi Bankın yeni yol xəritəsində bərpa olunan enerjidən istifadə etmək üçün güzəştli kreditlərin verilməsi nəzərdə tutulub. Kürün qurumasının ən böyük ziyanı kənd təsərrüfatınadır ki, iqtisadiyyata güclü təsiri ola bilər”.

“Qarabağda olan enerji məsələləri gündəmdədir və hətta proqramlara salınıb. Ən çox şirin su mənbəyi də Qarabağ iqtisadi zonasındadır. Digər amil onunla bağlıdır ki, sülh prosesi olsa və inteqrasiya başlasa, biz sərhədlərimizdə tam postlarımızı qoysaq, artıq iqtisadiyyatımızda yeni mərhələ başlayacağını görəcəyik. Bu zaman Kür və Araz çayının quruması bizə o qədər də ciddi təsir etməyəcək”, - deyə o əlavə edib.


Qeyd edək ki, 2020-ci ildə Su komissiyası yaradılıb. Görülən tədbirlər nəticəsində 2020-ci ildə yaranan su qıtlığının qarşısı ötən il müəyyən səviyyədə alınıb, kortəbii qoşulmalar ləğv edilib. Davamlı olaraq sudan istifadə edilməsi ilə bağlı maarifləndirmə tədbirləri aparılır. Bütün bu işlər ona görədir ki, gələcəkdə su qıtlığı problemi ilə üzləşməyək.

Artıq “Azərsu” Açıq Səhmdar Cəmiyyəti tərəfindən Bakıətrafı ərazilərə içməli suyun verilməsi qrafikində dəyişiklik edilib. Samur çayında su ehtiyatının iki dəfə azalması, həmçinin “Taxtakörpü” su anbarında 50 milyon kubmetr ehtiyat qalması ASC-ni bu addımı atmağa vadar edib. Ötən il “Taxtakörpü” su anbarında 180 milyon kubmetr su ehtiyatı var idi. Su komissiyasının iclasında mənbələrdən götürülən su həcmlərinə qənaət olunması qərara alınıb. Məhz itkilərin qarşısının alınması ilə bağlı qənaət rejiminə keçilib.

Suraxanı, Sabunçu, Binəqədi, Abşeron və digər ətraf ərazilərdə qrafikə görə 14 saat su verilirdisə, bu, 10 saata salınacaq. Eyni zamanda, hansı ərazidə 12 saat su verilirdisə, 8 saata salınacaq.


Sosioloq Aynur Hacıyeva saytımıza açıqlamasında bildirib ki, insanların kəndlərdən şəhərə gəlmələrinin bir neçə səbəbləri var:

“Əsas səbəblərdən biri rayonlarda, kəndlərdə iş imkanlarının olmamasıdır. Əhalinin əsas gəlir mənbəyi kənd təsərrüfatıdır. Təbii ki, kənd təsərrüfatının məhv olması, suyun olmaması, maliyyə çətinlikləri və şəhər həyatının cəlbedici olması insanların şəhərə axınına gətirib çıxarır. Eyni zamanda, regionlardan təhsil almaq üçün şəhərə gələn tələbələr kəndə qayıtmaq və karyeralarını orada qurmaq istəmirlər. Çünki orada iş imkanı yoxdur”. (oxu.az)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam