Kürün suyu sadəcə Azərbaycanda azalıb?– Rəsmi AÇIQLAMA
“Son dövrlərdə iqlim dəyişmələri şəraitində yağıntıların miqdarının nəzərəçarpacaq dərəcədə azalması, ilin isti aylarında quraqlıq dövrünün davamiyyətinin artması nəticəsində ölkə çaylarında sululuğun azalması müşahidə edilir”.
Yenixeber.org: Bu məlumat Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən verilib. Bildirilib ki, bu azalma sadəcə Kür çayında yox, ölkənin digər şirin su ehtiyatlarında da baş verib:
“Bu ilin may və iyun aylarında ölkə ərazisinə düşən yağıntıların miqdarının normadan az olması, iyun ayının əvvəlində anomal istilərin müşahidə olunması ilə əlaqədar Kür çayında, həmçinin Kür çayına tökülən çaylarda sululuq azalıb. Bunun nəticəsində may ayının 15-dən başlayaraq 31-dək Kür çayının yuxarı axınında (Qıraqkəsəmən məntəqəsində) suyun səviyyəsi 108 sm azalıb. Eyni zamanda Kür çayının Mingəçevir su anbarından aşağıda, Yevlax məntəqəsində suyun səviyyəsi 47, Zərdabda 127, Surrada 165, Şirvanda 190, Salyanda 154, Araz çayının Novruzlu məntəqəsində isə 122 sm azalma müşahidə olunub.
İyun ayında Kür çayının yuxarı axınında (Qıraqkəsəmən məntəqəsində) suyun səviyyəsinin azalması davam etsə də, Mingəçevir su anbarından buraxılan suyun miqdarının bir qədər artırılması ilə əlaqədar aşağı axımda suyun səviyyəsinin tərəddüdü müşahidə edilib”.
Nazirlikdən verilən məlumatda qeyd olunur ki, Kür çayında suyun azalması su qıtlığı kimi kompleks problemlərlə səciyyələnir :
“Ümumiyyətlə çoxillik müşahidələrə görə Kür çayının aşağı axımında yay dövründə hava şəraitinin yağmursuz və isti keçməsi, eyni zamanda suya olan tələbatla əlaqədar ayrı-ayrı illərdə səviyyənin azalması müşahidə edilib. Builki azalma isə ötən illərlə müqayisədə bir qədər çox olsa da, buna yaxın və oxşar vəziyyət 2001-ci ildə də qeydə alınıb.
Suya olan tələbatın ödənilməsi üçün çoxlu miqdarda su ehtiyatlarından həm qonşu Gürcüstan və Türkiyədə, həm də Azərbaycanda istifadə olunması, Kür çayından daha çox su götürülməsinə səbəb olur ki, bu da mövcud vəziyyətə təsir göstərir.
Təəssüf ki, biz hər yerdə şirin sudan texniki məqsədlər üçün istifadə olunması mənzərəsinin şahidi oluruq.
Kürün suyu azalır. Bu da su qıtlığı kimi kompleks problemlərlə səciyyələnir. Belə ki, Kürün suyunun səviyyəsinin azalması, onun axarının sürətinin azalmasına gətirib çıxarır ki, bu da öz növbəsində xüsusilə şimai-şərq küləyi gücləndiyi zaman dəniz suyunun çayın məcrasına daxil olmasına səbəb olur.
Kür çayı Türkiyə və Gürcüstanın ərazisindən axaraq çirklənməyə məruz qalır. Su ehtiyatlarından istifadə olunması ilə bağlı problemin həll olunması üçün, hər bir region dövləti tərəfindən beynəlxalq tələblərə cavab verən su təmizləyici qurğuların tikilməsi və su qoruyucu texnologiyaların tətbiqi ilə bağlı tədbirlərin görülməsi vacibdir.
Ölkə Prezidentinin Sərəncamına əsasən su ehtiyatlarının idarə olunması üzrə dövlət komissiyası yaradılıb. Bu, su ehtiyatları ilə bağlı məsələnin ciddiliyini göstərməklə bərabər, su ehtiyatlarından qənaətlə və səmərəli istifadə olunmasına təkan yaradacaq.
Bu gün biz çaylarımızın suyunun azalmasını qeyd edirik ki, bu da sudan qənaətlə və səmərəli istifadə olunmasına bir siqnal olmalıdır”.
Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin mətbuat katibi Dilqəm Şərifov məsələ ilə bağlı açıqlamasında bildirdi ki, suvarma ilə bağlı heç bir problem olmayıb:
“Biz çalışdıq ki, suvarma ilə bağlı problem yaranmasın. Bizim Kür çayı üzərində üzən səyyar nasos stansiyalarımız var. Həmin səyyar-nasos stansiyalarının yerini dəyişməklə və ara məsafəsini artırmaqla suvarmanı həyata keçirdik. Yəni suvarma ilə bağlı problem olmadı”.
Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdiri Vüqar Hüseynov da mövcud problemlə bağlı açıqlama verdi.
O bildirdi ki, qabaqlayıcı tədbir kimi, nazirlik tərəfindən su qrafiki yaradılıb:
“Biz yerlərdə maarifləndirici iş aparmışıq ki, bu sırf ekoloji məsələdir. Yağıntıların az olması səbəbilə Kürün səviyyəsi aşağı düşür və Xəzərin suyu Kürün suyuna qarışır. Artıq bir aydır ki, nazirlik tərəfindən su qrafiki müəyyənləşib. O qrafik əsasında ölkə üzrə bütün təsərrüfatların siyahısı və suyun hansı qrafiklə veriləcəyi müəyyənləşdirilib. Həm Meliorasiya və Su Təsərrüfatı ASC-nin, həm də bizim nazirliyin saytında yerləşdirilib. İstənilən vətəndaş öz pin kodu ilə sistemə daxil olub sahələrinə suyun hansı qrafiklə və hansı tarixdə veriləcəyi ilə bağlı məlumat alır”.
Sosial şəbəkələrdə yayılmış bu fotonun isə yaxın günlərdə Gürcüstanın paytaxtı Tbilisidə çəkildiyi bildirilir. İddia olunur ki, Kürdə suyun səviyyəsinin azalması halı yalnız Azərbaycanda müşahidə olunur və bunun səbəbi şəxsi əkin sahələri və balıqçılıq təsərrüfatı olan məmurların sudan həddindən artıq istifadə etməsidir.
Bununla bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyi cavab olaraq bildirdi ki, məsələnin nazirlik məsuliyyətində olan hissəsi araşdırılacaq.
Qeyd edək ki, son həftələrdə fermerlər sosial şəbəkələr vasitəsilə Kür çayının suyunun azaldığını və duzluluq səviyyəsinin artdığını bildirirlər. Kürün suyundan istifadə edən təsərrüfatçılar bu suyun həm əkin sahələrini, həm də mal-qaranı tələf etdiyini bildirirlər. (Yeniavaz)