“Azəriqaz” qazı sələmlə verir?.. -ŞİKAYƏT
Ağsunun mavi yanacaq səlahiyyətliləri yeni il qabağı “qaz vurub, qazan doldururlar”?!.
Ağsu rayonunun Bico kəndindən Yenixeber.org-un elektron poçtuna şikayət məktubu daxil olub. Şikayətçi, Bico kənd sakini İsayev Seymur Şərafəddin oğlu Ağsu rayon Regional Qaz İstismarı İdarəsinin(RQİİ) xidmət sahəsinin əməkdaşları tərəfindən aldadıldığını, ondan sərfiyyata görə əlavə pul tutulduğunu iddia edir. S.İsayevin bildirdiyinə görə, istifadə etdiyi sayğacın mənfiyə yazması səbəbindən yaranmış borc onun ayağına həm limit, həm də borc şəklində yazılıb. S.İsayev problemin yaranma səbəbini və problemdən sonrakı prosesin təfərrüatlarını belə açıqlayır:
“2021-ci ilin sonlarından istifadə etdiyim qaz sayğacı mənfiyə tərəf yazmağa başladı. Cərrahiyyə əməliyyatı keçirtdiyimdən, xəstə və imkansız olduğumdan bu ilin iyul ayının 25-nə qədər ödəniş edə bilmədim. 2022-ci ilin iyul ayında Ağsu RQİİ-nin xidmət sahəsinin rəisi Həbib Quliyev mənə zəng edib bildirdi ki, 110 manat borcun yığılıb, onu ödə. Oğlum “Vətən” müharibəsinin veteranıdır. O, restoranda yenicə ofisiant işinə düzəlmişdi. Onun məvacibi hesabına iİyul ayının 25-dən avqustun 27-nə qədər 110 manatlıq borcdan 65 manat ödədim. Ardını da ödəyəcəkdim ki, 27 avqustda özüm evdə olmadığım halda, qaz sayğacım dəyişdirildi. Ağsu RQİİ-nin xidmət sahəsindən aldığım məlumata görə, ümumi borcum 946 kub/m olub, sayğac dəyişərkən 404 kub/metr borcum qalıb. Belə çıxır ki, ümumi borcdan 542 kub/m 65 manatın əvəzi olaraq silinib(542x0.12=65m), lakin yerdə qalan 404 kub/m 0,25 qəpiyə vurularaq, ayağıma yenidən 101 m borc kimi yazılıb. Təsəvvür edin: limiti keçmədiyimdən, borcun 65 manatlıq(yəni, 542 kub/m) hissəsi 0,12 qəpikdən hesablanaraq silinib, yerdə qalan hissəsi isə 0,25 qəpiyə vurularaq borc şəklində saxlanıb. Səbəbini, xidmət sahəsinin cavab verməyə çalışarkən əsəbdən dili dolaşan Sənan adlı kompüter çalışdırıcısı və rəhbəri olduğu sahədə “naşı” təsiri bağışlayan Həbib Quliyev “Qalan borcu “Azəriqaz” 25 qəpikdən hesablayır” – deməklə, izah edirlər. Onların açıqlamasından belə çıxır ki, “Azəriqaz” qazı əhaliyə sələmlə verir, həm də 100 faizdən də baha – əgər, vaxtında qazpulunu ödədinsə, 0,12 qəpik, yox, əgər gecikdirdinsə, 0,25 qəpikdən alır!..
Daha bir maraqlı məqam: Avqustun 27-dən, yəni sayğac dəyişdirildikdən sonra yüklədiyim qaz pulları, borca görə 50 faiz tutulmaqla, 0,12 qəpikdən hesablanmağa başladı. Üç aydan sonra isə, yəni dekabrın 1-dən karta yüklədiyim pullar bu dəfə 0,20 qəpikdən tutulmağa başlayıb. Sənan bəy deyir, limiti keçmisən, halbuki illik limiti keçməmişəm, işlətdiyim limit 843 kub/metr civarındadı. Görünür, qazçılar saxta yazdıqları pul borcunu həm də limit kimi hesablayıb, keçən il istehlak etdiyim qazı da bu ilki limitin üzərinə gəlirlər. Əslində, hər il limit yenilənir və keçən ilki borcumu çoxdan ödəmişəm. 65 manatdan başqa, yerdə qalan 48(?) manatdan da artıq 23 manat karta pul yüklədikcə 50 faizlə çıxılıb. Mənim hazırda “Azəriqaz”a 25(?) manat borcum olmalıdı. Lakin Quliyev Həbib və Sənan kimi “qazlayıcı” kadrların hesabına görə, 73 manat borcum qalıb. Təxminən 50 manat artıq pul tuturlar məndən. Çünki 0,12 qəpikdən istehlak etdiyim yanacaqdan yaranan borc əvvəlcə 0,12, ardınca 0,25, sonra 0,12 və daha sonra 0,20 qəpikdən hesablanır, illik limiti aşmadığım halda! Əsas bilmək istədiyim budur ki, “Azəriqaz” doğrudan qalıq borcu 100 faiz üstünə gəlməklə tutur, yoxsa bu, Ağsu RQİİ-nin xidmət sahəsinin rəis və əməkdaşlarının yeni il qabağı obonentlərə qurduğu “tor”du?!. Qeyd edim ki, qaz idarəsində olduğum zaman belə problemlə tək mənim üzləşmədiyimin şahidi oldum – bir neçə Ağsu sakini də “limiti keçmisən” adı altında onlardan tutulan “artıq borc”a görə Sənan və Həbib Quliyevlə çənə döyürdülər.
Redaksiyadan: Qarşı tərəfin cavab haqqını tanıyırıq.