Sabiq deputat: “Universitetlər giriş qapısını açıq, çıxış qapısını isə bağlı saxlamalıdır”
Xaricdə təhsil şirkətinin rəhbəri: “Səbəb Azərbaycanda ali məktəblərə qəbul prosesinin çətin, xaricdə təhsilin isə əlçatan olması ilə bağlıdır”
Yenixeber.org: Təhsil dövlətin prioritet sahələrindən biridir. Ona görə də hər bir valideyn övladının daha yüksək və keyfiyyətli təhsil almasına çalışır. Hazırda dünya ölkələrinin qabaqcıl ali təhsil müəssisələrində və universitetlərində on minlərlə azərbaycanlı gənc təhsil alır. Araşdırmalara görə, son illər Azərbaycanda tələbə olmaq istəyənlərin sayı getdikcə azalmaqdadır. Xarici universitetlərdə oxumaq istəyənlərin isə sayı artır.
Buna əsas səbəb kimi Azərbaycanda ali məktəbə qəbul olunmağın çətinliyi, imtahan suallarının mürəkkəbliyi və digər amillər göstərilir. Ali məktəblərə qəbul imtahanlarında aşağı nəticə göstərən abituriyentlər xaricdə təhsili alternativ variant olaraq seçirlər. Buna qədər Ukrayna universitetlərinə müraciət daha çox idisə, Rusiyanın təcavüzündən sonra üstünlük birmənalı şəkildə Türkiyə universitetlərinin tərəfindədir.
Görünən odur ki, hər il minlərlə abituriyent xaricdə təhsil almaq üçün müraciət edir və onlar digər ölkələrin iqtisadiyyatlarına töhfə verirlər. Bunun qarşısını almaq üçün isə müxtəlif təkliflər irəli sürülür.
Milli Məclisin Elm və təhsil komitəsinin sabiq sədri, professor Şahlar Əsgərov deyir ki, universitetlər giriş qapısını açıq, çıxış qapısını isə bağlı saxlamalıdır: “Dünyanın əksər ölkələrində ali məktəblərə qəbul hansı qaydada həyata keçirilirsə, Azərbaycanda da oxşar qəbul qaydaları tətbiq olunmalıdır. Əks halda xaricdə təhsil almaq üçün üz tutan abituriyentlərin sayı sürətlə artacaq. Ali və orta ixtisas məktəblərində tədris yüksək səviyyədə deyil. Hansı ki, cəmiyyətə məhz müvafiq ixtisaslar üzrə kadrların yetişməsi lazımdır. Əvəzində isə ümumi fənlərlə bağlı o qədər çətin və mürəkkəb qəbul prosesi həyata keçirilir ki, minlərlə abituriyent universitetlərə qəbul ola bilmir. Nəticədə xaricdə təhsil almağa üstünlük verirlər”.
“Bunun qarşısını almağın isə yalnız bir yolu var - universitetlərə qəbul qaydaları asan olmalıdır. Kim ali təhsil almaq üçün müraciət edirsə, ona şərait yaratmaq lazımdır. Lakin universitetlərdə tədris və tələb yüksək səviyyədə olmalıdır. Belə olduğu təqdirdə cəmiyyət bundan daha çox faydalanacaq”, - deyə həmsöhbətimiz bildirib.
Professorun sözlərinə görə, xaricdə təhsil hər zaman olub və olacaq: “Hələ sovetlər dönəmində, ulu öndər Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi dövrdə yüzlərlə tələbə müxtəlif ittifaq dövlətlərində təhsil almağa göndərildi. Onların arasında bu gün də cəmiyyətin müxtəlif sahələrində çalışan, dövlətin idarə olunmasında yaxından iştirak edən peşəkar kadrlar var. Bu gün də cənab Prezident İlham Əliyevin sərəncamı ilə xaricdə təhsil proqramları həyata keçirilir”.
“Xaricdə təhsilin üstünlükləri çoxdur. Bəzi ölkələrdə dövlət hesabına xaricdə oxumağa göndərilən tələbələrin qarşısında şərt qoyulur ki, məzun olduqdan sonra ən azı beş il öz ölkəsində xidmət etməlidirlər. Bizdə də bu qayda tətbiq oluna bilər. Lakin biz əsasən onun şahidi oluruq ki, xarici universitetlərə müraciət sayının çox olması Azərbaycanda qəbul prosesinin çətin olması ilə bağlıdır. Bu, həm iqtisadi itkilərə yol açır, həm də gələcəkdə kadr böhranına səbəb olacaq amildir. Buna görə də ali məktəblərə qəbul qaydaları sadələşdirilməlidir”, - deyə Əsgərov vurğulayıb.
Azərbaycanda və Türkiyədə fəaliyyət göstərən “Ege Group” xaricdə təhsil şirkətinin direktoru Mikayıl Mirzəzadə də hesab edir ki, yerli ali məktəblərə qəbul prosesinin çətinliyi, həmçinin tədrisin ürəkaçan olmaması abituriyentləri xaricə meylləndirir. Onun dediyinə görə, əvvəlki illərdən fərqli olaraq magistratura pilləsi üzrə xaricdə təhsil almaq istəyənlərin sayı artıb: “Etiraf etmək lazımdır ki, Azərbaycanda həm orta, həm də ali və orta ixtisas məktəblərində tədrisin səviyyəsi yüksək deyil. Son illər bu istiqamətdə müəyyən islahatların aparıldığı deyilsə də, ciddi dəyişikliklər müşahidə olunmur. Bu baxımdan abituriyentlər daha çox xaricdə təhsil almağa üstünlük verirlər”.
“Digər səbəb Azərbaycanda ali məktəblərə qəbul prosesinin çətin, xaricdə təhsilin isə əlçatan olması ilə bağlıdır. Eyni zamanda Azərbaycanda bakalavr pilləsi üzrə ali təhsil alan şəxslər sonradan magistratura üzrə xaricdə təhsil almağa üstünlük verirlər ki, bu, tamamilə təbii və anlaşılandır. Beynəlxalq təcrübəyə istinad etsək, görərik ki, digər ölkələrdə də belədir. Çünki xaricdə təhsil dünyaya çıxış, əlavə təcrübə deməkdir”, - deyə müsahibimiz söyləyib.
Xaricdə təhsil şirkətlərinin abituriyentləri aldatmasından danışan Mirzəzadə qeyd edib ki, bu gün Azərbaycanda kifayət qədər peşəkar şirkətlər mövcuddur: “Tamamilə doğrudur ki, Azərbaycanda abituriyentlərin etimadından sui-istifadə edən, onları aldadan şirkətlər fəaliyyət göstərir. Əvvəlki dövrlərlə müqayisədə onların sayında azalma olsa da, hələ də belə şirkətlər mövcuddur. Əslinə qalsa, soydaşlarımızın seçim etməsi elə də çətin deyil. Çox rahatlıqla müəyyən etmək olur ki, hansı şirkət daha sağlam və peşəkar xidmət göstərir. Misal üçün, rəhbəri olduğum şirkət həm Azərbaycanda, həm də Türkiyədə fəaliyyət göstərir. Türkiyədə və Avropada onlarla aparıcı universitetlə əməkdaşlıq müqaviləsi var”.(AYNA)