Yenixeber.org: Artıq bir aydır ki, Ermənistanın Berd rayonunun Ayqepar kəndi yaxınlığındakı keçmiş aerodromun ərazisində hərbi baza tikilir.

Bu barədə “Azadlıq” radiosunun erməni xidməti xəbər verir. 

Ermənistan hökuməti iyunun 17-də “Rusiya hərbi bazasının Ermənistan ərazisində yerləşdirilməsi məntəqələri haqqında” protokol imzalayıb.

Yerli sakinlərin bildirdiyinə görə, həmin ərazidə Rusiya Silahlı Qüvvələrinin Gümrüdəki 102-ci bazasının bir bölməsi yerləşdiriləcək. Tikinti sahəsinin rəhbərləri arasında rus hərbçilərinin olması da bunu dolayı olaraq təsdiq edir.

Ermənistan Müdafiə Nazirliyi tikilməkdə olan obyektin mahiyyəti, hərbi personalın sayı və obyektin təyinatı barədə məlumat vermir.

Ayqepar kəndi Azərbaycanın Tovuz rayonunun Əlibəyli kəndindən bir kilometr aralıda yerləşir.

Erməni əhalisi ümid edir ki, rus hərbçilərinin orada yerləşdirilməsi onların təhlükəsizliyinə zəmanət verəcək.

Azərbaycanın başqa ölkələrin ərazisinə iddia etmədiyi nəzərə alınsa, onların niyə narahat olduqları tam aydın deyil. Amma Azərbaycan sərhədindən cəmi bir kilometr aralıda, özü də ki, regiondan kənar dövlətin hərbi bazasının yerləşdirilməsi ehtimalı Bakı üçün həyəcan siqnalı olmalıdır. Azərbaycanın dövlət sərhədinin bilavasitə yaxınlığında tikilən belə bir baza kimə, niyə və hansı məqsədlər üçün lazım ola bilər?

Hərbi ekspert, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin İnformasiya və Analitik İdarəsinin sabiq əməkdaşı Azad İsazadə bununla bağlı fikirlərini bizimlə bölüşüb:

– Müharibədən sonrakı Üçtərəfli Bəyannamənin bəndlərindən birinə görə, Qarabağ zonasından kənarda yerləşən Azərbaycan kəndləri də azad edilməlidir. Yəni söhbət Naxçıvandan Kərki kəndindən, eləcə də Qazax rayonunun hələ də işğal altında qalan kəndlərindən gedir. Bu məsələ həm Ermənistan cəmiyyətini ciddi şəkildə narahat edirdi, həm də mənim anladığım qədər, Rusiyanın da ürəyincə deyildi. Birincisi, Qazax rayonundakı torpaqlar geri qaytarılsa, bunlar dağlardakı kəndlərdir və İcevandan Gürcüstana gedən magistral yolun üstündə yerləşir. Yəni faktiki olaraq bu, Ermənistanın əsas təchizat yollarından biridir və Azərbaycanın Silahlı Qüvvələrinin nəzarət zonasında olacaq. Orada sadəcə olaraq sərhəd postları qurulsa belə, biz bu marşruta vizual nəzarət imkanı əldə edəcəyik və hərbi əməliyyatlar bərpa olunarsa, sadəcə olaraq, atəş zonasında olması səbəbindən o yolu kəsə bilərik. Əgər Gürcüstan icazə versə belə, bu yolla silahın, sursatın çatdırılması mümkünsüz olacaq. Bu, təbii ki, müəyyən dərəcədə strateji baxımdan həm Ermənistanı, həm də Rusiyanı gərginləşdirir.

Öz növbəsində, Rusiya bazasının bu zonaya yaxınlaşması, gələcəkdə Rusiya qoşunlarının mümkün münaqişə zonalarının bilavasitə yaxınlığında yerləşdirilməsi deməkdir. Və hətta bu kəndlər bizə qaytarılsa belə, mümkündür ki, Azərbaycanın Ermənistana bu təzyiq rıçaqından istifadə edə bilməsinin qarşısını almaq üçün Rusiya “sülhməramlılarını” ora gətirməyə və bu marşruta nəzarət etməyə çalışacaq. Bunun üçün də sülhməramlıları təchiz və təmin edəcək baza olmalıdır. Bu söylədiklərim, bizim kəndlərimizi azad etməyə davam etməyimiz variantı üçündür .

Amma Azərbaycan üçün daha bir təhdidedici məqamı var. Ölkəmizin Ermənistanla Tovuz istiqamətindəki sərhədi, yəni Ayqeparla Əlibəyli arasındakı ərazi bizim enerji kommunikasiyalarımıza ən yaxın və dar yerdir. Dağların lap aşağı hissəsindəki yola paralel olaraq bizim boru kəmərlərimiz, dəmir yolu, qaz xətləri və s. keçir. Rusiya bazasının orada yerləşməsi isə o deməkdir ki, onlar hər hansı bir şəraitdə bizim strateji marşrutumuzu və Gürcüstanla əlaqəmizi kəsə bilərlər. Və faktiki olaraq, şimal-qərb rayonlarının bir hissəsi – Qazax, Ağstafa, Tovuz rayonunun bir hissəsinin Azərbaycanın kontinental hissəsi ilə əlaqəsi kəsiləcək.

Yəni, bu ərazinin seçilməsinə səbəb olan iki əsas məqam var. Belə çıxır ki, hansısa səbəb yaransa Rusiya qoşunlarını tez bir zamanda İcevana köçürmək olar. Və lazım gələrsə, onlar bizim strateji marşrutumuzu da kəsə bilərlər. Nəzərinizə çatdırım ki, 2020-ci ilin iyulunda ən gərgin döyüşlər məhz bu zonada getdi. Generalımız Polad Həşimov da orada şəhid oldu.

Planın 2022-ci ildə yaranan şəraitdə həyata keçirilməsinə gəlincə, burada xeyli suallar yaranır. Birincisi, Qarabağdakı sülhməramlılar sırf fiziki və texniki cəhətdən zəifləyib. Gümrüdəki 102-ci baza zəifləyib. Silah, sursat və şəxsi heyət qismən Ukrayna cəbhəsinə atılıb. Rusiyanın Ukrayna əməliyyatı üçün kifayət qədər qüvvəsi və vasitəsi yoxdur. İndi nə texnika, nə də heyət baxımından təchiz edilməsi mümkün olmayan başqa bir qruplaşmanın yerləşdirilməsi real deyil. Bu, yalnız gələcək üçün bir plan ola bilər. Yəni, Ukrayna ilə müharibə Rusiya üçün uğurla başa çatsa, bu baza tikiləcək. Amma bu gün real vəziyyət elədir ki, Rusiya hətta Finlandiya ilə sərhəddəki qoşunlarını da Ukrayna ilə müharibəyə cəlb etməyə məcburdur. Yəni, tezliklə NATO-ya üzv olacaq ölkənin sərhədlərindən qoşunlarını çıxarır. Bu, onların qüvvəsi, vəsaiti və kadrlarının hansı dərəcədə çatışmadığının göstəricisidir. Ona görə də, hadisələrin bundan sonra necə inkişaf edəcəyi birbaşa Ukraynada müharibənin necə başa çatacağı ilə bağlıdır. Əgər Rusiya məğlub olsa (hələlik hər şey buna doğru irəliləyir), hesab edirəm ki, o zaman tikilməkdə olan bu baza simvolik xarakter daşıyacaq və orada ciddi qoşun yerləşdirilməyəcək. O da mümkündür ki, bu bazanın tikintisi ümumiyyətlə dondurulacaq.(pressklub)

Rauf Orucov