BİZNESƏ ÇEVRİLƏN REPETİTOR, YOXSA MƏKTƏB TƏHSİLİ? –“Əgər bu tədris vasitəsi də olmasaydı, bu gün təhsilimiz...”
“Valideynlərin övladlarını repetitor yanına qoyması təhsilin keyfiyyəti ilə bağlı deyil. Təhsil uzunmüddətli və arası kəsilməz prosesdir. Təəssüf ki, 9 il heç nə etməyib, 10-11-ci sinifdə hazırlıqlara daha çox xərc çəkib imtahanda yüksək nəticə əldə etmək mümkün deyil. Bu bizim cəmiyyətdə mövcud olan ciddi mifdir”.
Yenixeber.org: Bu sözləri təhsil naziri Emin Əmrullayev “Təhsildə özəl biznesin rolu” mövzusunda keçirilən ictimai müzakirədə çıxışı zamanı deyib.
Nazirin bu fikirləri ölkəmizdə “repetitor təhsili” mövzusunun yenidən aktuallıq qazanmasına səbəb olub.
Qeyd edək ki, son illər Azərbaycanda repetitor təhsilinə maraq xeyli artıb. Hazırda abituriyentlərin əksəriyyəti ali məktəbə qəbul olmağın yeganə yolunu məhz repetitor hazırlıqlarında görürlər.
Abituriyentlərin kütləvi şəkildə repetitor hazırlıqlarına yönəlmələri orta məktəblərdə təhsilin keyfiyyətinin aşağı olmasıyla bağlı fikrlərin yaranmasına səbəb olur. Abituriyentlər arasında apardığımız sorğu zamanı da məlum oldu ki, onların əksəriyyəti orta məktəb təhsilinin keyfiyyətindən narazıdırlar.
Azərbaycan Dövlət Neft və Sənaye Universitetində təhsil alan Taleh Səmədov “AzPolitika.info”-ya bildirib ki, repetitor hazırlıqlarına getməyən abituriyentin ali məktəbə qəbul olmaq şansı çox aşağıdır: “Ali məktəblərə hazırlaşanların böyük əksəriyyəti fərdi məşğələlərdə iştirak edirlər. Buna səbəb orta məktəbdə təhsilin keyfiyyətinin lazımi səviyyədə olmamasıdır. Orta məktəbdə fənnlər zəif tədris olunduğundan, abituriyentlər əlavə xərc çəkərək repetitor hazırlıqlarına getməli olurlar”.
Bakı Dövlət Universitetində təhsil alan Orxan Hüseynovun sözlərinə görə, orta məktəb təhsiliylə qəbul imtahanlarında yüksək nəticə göstərmək çox çətindir: ”Repetitor hazırlığı olmadan ali məktəblərə qəbul olmaq mümkün olsa da, orta məktəb təhsiliylə imtahanda yükək nəticə göstərmək asan deyil”.
Orta məktəb şagirdi Arzu İsmayılova isə bildirir ki, abituriyentlər repetitor köməyi olmadan da ali məktəblərə qəbul ola bilərlər: “Bunun üçün 11 il ərzində davamlı təhsil almaq və çalışqan olmaq lazımdır. Birinci sinfdən yaxşı oxuyan şagird yuxarı sinflərdə təhsil alan zaman özü də başa düşəcək ki, repititor köməyinə ehtiyacı yoxdur”.
Məlumat üçün qeyd edək ki, hazırda paytaxtda fəaliyyət göstərən repetitorların 1 aylıq ortalama qiyməti 50 manatdır.
50 manatdan hesabladıqda bir şagird 5 fənndən hazırlığa gedərsə, ay ərzində 250 manat xərc çəkməli olur. Abituriyentlərin əksəriyyətinin 9-cu sinfdən repetitor hazırlıqlarına getdiklərini nəzərə alsaq, bir şagiridin ali məktəbə qəbul oması valideynə 6-7 min manata başa gəlir. Bu isə kifayət qədər böyük bir məbləğdir.
Bundan əlavə paytaxtda 100-250 manata fəaliyyət göstərən repetitorlar da mövcuddur. Yüksək qiymətlərlə fəaliyyət göstərən repetitorlar “bunker müəllim” adlandırılırlar. Bu təhsil işçiləri əsasən qəbul imtahanları testlərinin tərtib olunmasında iştirak edən və bu prosesdən xəbərdar olan müəllimlərdir.
Bu mövzuyla bağlı təhsil eksperti Kamran Əsədov “AzPolitika.info”-ya şərhində bildirib ki, son zamanlar abituriyentlər kütləvi şəkildə repetitorluq təhsilinə yönəliblər: “Əvvəllər şagirdlər orta məktəbdə aldıqları biliklərin hesabına ali məktəblərə daxil olurdular. Ancaq indi repetitor təhsilinə maraq xeyli artıb. Repetitor təhsilinin əsas üstün tərəfi şagirdə daha ciddi nəzarət olunmasıdır. Şagirdin vaxtı-vaxtında müəllimin yanına gedib-gəlməsi, müəllimə xüsusi ianə xərclənməsi və bütün bunların valideyn tərəfindən daha ciddi nəzarətə götürülməsi əksər hallarda yaxşı nəticə verir. Orta məktəbə gedən şagird isə bir çox hallarda valideyn nəzarətindən kənarda qalır. Həmin şagirdlər də hazırlığa gedə bilmədikləri, digər abituriyentlərdən geri qaldıqları üçün ruhdan düşürlər”.
Ekspert qeyd edir ki, ali məktəblərə qəbul imtahanlarında heç bir müəllim yanına getməyən şagirdlər də yaxşı nəticələr əldə edirlər: “Bir şərtlə ki, valideyn şagirdə ciddi nəzarət eltsin və məktəbdə dərsin keyfiyyəti normal səviyyədə olsun. Bundan sonra lazımi nəticəni əldə etmək daha asan olacaq. Bu gün repetitorluğun açıq-aşkar biznesə çevrilmə halları da istisna deyil. Ancaq hazırda repetitorların əksəriyyətini bilavasitə şagirdlərin öz orta məktəb müəllimləri təşkil edir. Müəllim-şagird münasibətlərində yaranan bazar ticarətinin hədsiz dərəcədə qınanmalı fakt olduğunu qəbul etsək də, digər tərəfdən, cüzi maaş alan müəllimlərimizin buna məcburən sövq edildiyini də qəbul etməyə borcluyuq.
Hesab edirəm ki, repetitor fəaliyyətinin leqallaşması, rəsmiləşdirilməsi üçün bu sahəyə lisenziya sisteminin tətbiq edilməsi daha effektiv olardı. Çünki bu gün ixtisası uyğun olmayan şəxslər də repetitorluq xidməti göstərirlər. Ona görə də Təhsil Nazirliyi, Dövlət İmtahan Mərkəzi, Vergilər Nazirliyi və Sosial Müdafiyə Nazirliyinin mövcud olacağı bir komissiya yaradıb orda təhsil xidmətləri göstərənlər yoxlanılmalı və fəaliyyət icazəsi verilməlidir. Bununla belə, istənilən halda repetitorluq təhsilin səviyyəsini aşağı salmaz, yalnız yüksəldə bilər. Əgər bu tədris vasitəsi də olmasaydı, bu gün təhsilimiz tamamilə iflasa uğrayardı”.“Azpolitika”