“ƏRZAQ FƏLAKƏTİ GÖZLƏNİLİR...” –Qlobal aclıq təhlükəsini dəf etmək mümkün olacaqmı?
“Rusiya-Ukrayana müharibəsi qlobal ərzaq sisteminə ciddi zərbə vurur”
Yenixeber.org: Son zamanlar dünya mediası yaxın gələcəkdə bəşəriyyətin ərzaq çatışmalığı ilə üzləşəcəyi barədə məlumatlara geniş yer verir. Beynəlxalq ekspertlər isə qlobal iqlim dəyişikliyi nəticəsində dünyanın bir çox regionunda quraqlıq yaşanmasını başlıca təhlükə kimi göstərirlər.
Digər tərəfdən bildirilir ki, Ukraynadakı müharibə onsuz da kritik olan vəziyyəti bir qədər də ağırlaşdırır. Məlumdur ki, Rusiya və Ukrayna taxıl məhsullarının ixracına görə dünya liderləri sırasındadır. Hazırda böyük dövlətlər kəskin ərzaq qıtlığının aradan qaldırılmasının mümükün yollarını axtarırlar.
Böyük Britaniyanın “The Economist” nəşri “Gözlənilən ərzaq fəlakəti“ başlıqlı məqalədə sözügedən məsələyə toxunub. Həmin məqaləni qısa ixtisarla təqdim edirik: ”Koronavirus, qlobal istiləşmə və energetika sahəsindəki sarsıntılarla yanaşı, Rusiya-Ukrayana müharibəsi zəifləmiş qlobal ərzaq sisteminə ciddi zərbə vurur. Ukraynanın taxıl və günəbaxan yağı ixracı praktik olaraq dayanıb, Rusiyanınkı isə təhlükə altındadır. Hər iki ölkə dünya ölkələrinin taxıl idxalında mühüm yer tutur.
Güclü quraqlığı səbəb göstərən Hindistan 16 may tarixində bildirib ki, buğda ixracını dayandırır. İlin əvvəlindən indiyədək qiyməti 53 faiz artmış buğdanın qiyməti Hindistanın bu bəyanatından sonra daha 6 faiz yüksəlib.
Birləşmiş Millətlər Təşkilatının sədri Antoni Qutyereş yaxın aylarda başlayacaq və illərlə sürə biləcək “qlobal ərzaq qıtlığı” barədə xəbərdarlıq edib. Bu gün əsas qida məhsullarının qiyməti yüksək olduğundan ərzağa qənaət edənlərin sayı 440 milyon nəfərdən 1,6 milyarda qalxıb. Hazırda 250 milyon insan aclıq həddindədir. Əgər Rusiya və Ukraynanın ərzaq ixracı ləngiyərsə, bir neçə yüz milyon insan yoxsulluq səviyyəsinə düşəcək.
Dünya ticarətində buğda satışının 28 faizi, arpanın 29 faizi, qarğıdalının 15 faizi, günəbaxan yağının isə 75 faizi Rusiya və Ukraynanın payına düşür. Livan və Tunis istehlak etdiyi taxıl məhsullarının yarısını, Liviya və Misir isə 1/3-ni Ukrayna və Rusiyadan idxal edir. Ukraynanın ərzaq ixracı 400 milyon insanı qidayla təmin edir. Lakin indi alıcı ölkələrə ərzaq çatdırılması prosesi dayanıb. Çünki Ukrayna öz dəniz ətrafı ərazilərini minalayıb, Rusiya isə Odessa limanını blokadaya alıb.
Hələ Rusiyanın Ukraynaya müdaxiləsindən öncə “Ümumdünya Ərzaq Proqramı”nın nümayəndələri 2022-ci ilin gətirəcəyi çətinliklər barədə xəbərdarlıq edirdilər. Böyük buğda istehsalçısı olan Çin bildirirdi ki, sel və daşqınlar keçən ilki səpini gecikdirdiyindən, tarixdə ən pis məhsul ili ilə qarşılaşa bilərik. Bu, azgəlirli ailələr üçün acı nəticələr verə bilər. Bir çox ölkələrdə ailələr büdcələrinin 25 faizini qida məhsullarına xərcləyir. Afrikada isə bu göstərici 40 faizdir. Misirdə ailələrin qida rasionunun 30 faizini çörək təşkil edir. Əksər ölkələrin hökumətləri azgəlirlilər üçün əlavə subsidiya ayırmaq imkanında deyillər, çünki onlar həm də enerji resurslarının idxalıyla məşğul olurlar. Bilindiyi kimi, enerji bazarında da sabitlik yoxdur. Beləliklə, böhran getdikcə dərinləşir.
Müharibə başlamamışdan öncə Ukrayna keçənilki məhsulun böyük hissəsini anbarlara və müvafiq nəqliyyat vasitələrinə yükləyib. Rusiya isə əlavə məsrəf və risklərə baxmayaraq, hələ də taxıl sata bilir. Ukraynanın müharibə nəticəsində dağıdılmamış elevatorları qarğıdalı və arpa ilə doludur. Fermerlərin artıq növbəti məhsulu saxlayacaq yeri yoxdur. Əgər iyun ayının sonunda yığılacaq məhsul elevatorlara toplanmasa, tezliklə çürüyəcək. Gələcək səpin üçün isə ölkədə yanacaq və işçi qüvvəsinin azlığı probemi yarana bilər.
Rusiyada isə toxum və pestisidlərin çatışmazlığı təhlükəsi var. Çünki ruslar bunları əsasən Avropa Birliyi ölkələrindən alırlar.
Taxılın qiymətinin sürətlə artmasına baxmayaraq, bəlkə də digər ölkələrin fermerləri itkilərini qapaya bilməyəcəklər. Bunun səbəblərdən biri qiymətlərin tez-tez oynaması ilə əlaqədardır. Gübrə və enerji daşıyıcılarının qiymətinin kəskin qalxması fermerlərin gəlirlərinə mənfi təsir göstərir. Əgər fermerlər gübrə istifadəsini azaldarlarsa, o zaman dünyadakı ümumi məhsulun həcmi heç də münasib olmayan bir vaxtda aşağı düşəcək.
Siyasətçilərin narahatlıqları vəziyyəti daha da mürəkkəbləşdirə bilər. Ukraynada müharibə başlayandan sonra Qazaxıstan və Küveyt qida məhsullarının ixracını kəskin azaldacaqlarını bəyan ediblər. Gübrə ixracının 1/5 -nə də məhdudiyyət qoyulub. Əgər ticarət dayandırılarsa, aclıq başlayacaq.
Yaranmış mövcud vəziyyətə görə Qərb Ukraynaya təcavüz edən Putini ittiham edir, Rusiya isə Qərbi ona qarşı tətbiq olunan sanksiyalarda günahlandırır. Əslində, taxıl tədarükündəki kəsintilər Rusiyanın hərəkətləri üzündən baş verir, sanksiyalarsa onu bir qədər də çətinləşdirir.
Qlobal aclıq təhlükəsini dəf etmək üçün dünya dövlətləri əlaqəli fəaliyyət göstərməli və bazarların açılmasını təmin etməyə başlamalıdırlar. Bu yaxınlarda 60 faiz ixracatla dünyanı palma yağı ilə təmin edən İndoneziya ixracata qoyduğu müvəqqəti qadağanı qaldırdı. Avropa Ukrayna taxılının dəmir yolu və avtomobil nəqliyyatı ilə Rumıniya və Baltik ölkələrinin limanlarına daşınmasına kömək etməlidir. Hətta ən nikbin proqnozlara görə, bu yolla məhsulun yalnız 20 faizini çıxarmaq olar. Taxıl ilk növbədə ən yoxsul ölkələrə getməlidir. Digər ölkələrin taxıl idxal etməsi üçün Beynəlxalq Valyuta Fondu güzəştli şərtlərlə onlara maliyyə ayırmalıdır.
Hazırda dünyada taxılın 10 faizi bioyanacaq kimi istifadə edilir, bitki yağlarının 18 faizindən isə biodizel hazırlanır. Böyük həcmdə taxıl heyvandarlıqda yem kimi istifadə olunur. 2021-ci ildə Çin donuz yemi kimi 28 milyon ton qarğıdalı idxal edib ki, bu da Ukraynanın illik qarğıdalı ixracından çoxdur.
Qara dənizin blokadasının açılması vəziyyəti xeyli yüngülləşdirədi. Təxminən 25 milyon ton qarğıdalı Ukraynada elevatorlarda qalıb. Burada üç ölkənin səyinə ehtiyac var: Rusiya Ukrayna gəmilərinin keçidinə imkan verməli, Ukrayna Odessa ətrafını minalardan təmizləməli, Türkiyə isə Bosfor boğazından keçidi müşaiyət etməldir. Əlbəttə, buna nail olmaq asan deyil. Rusiya hərbi təcavüz yoluyla Ukrayna iqtisadiyyatını boğmaq istəyir. Ukrayna isə minaları təmizləmək fikrində deyil.
Onların mövqelərinin yumşaldılması üçün hər iki ölkəyə yalnız Hindistan və Çin kimi neytral dövlətlər təsir göstərə bilər. Qeyri-sabit bir dönəmdə dünyanın qida ilə təmin olunması hər bir ölkənin üzərinə düşən vacib işdir”. “Azpolitika”