Bazar baha, anbarlar dolu:Kəndlinin məhsulu niyə əlində qalıb? - AKTUAL
2021-ci ilin yanvar-noyabr aylarında Azərbaycan əhalisinin son istehlak məqsədilə aldıqları mallara xərclədiyi vəsaitin 49.1%-i ərzaq məhsullarının alınmasına sərf olunub.
Yenixeber.org: İstehlak edilən edilən kənd təsərrüfatı məhsullarının qiymətləri isə cari ildə bütün mövsümlərdə yüksək olub. Qiymətlərin ucuz olması üçün məhsul bolluğun olması vacib şərtdir. Ancaq bu da bir faktdır ki, bazarda qiymətlər baha olsa da, bölgələrdə fermerlərin bir çoxunun yetişdirdiyi məhsullar elə kəndlinin anbarında qalıb. Nə daxili bazarda sata bilir, nə də xaricə ixrac imkanı var.
Qeyd edək ki, cari ilin yanvar-oktyabr ayları ərzində ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında qızıl birinci olub. Bu da onu göstərir ki, hələ də qeyri-neft sektorunda kənd təsərrüfatı məhsullarının ixracında elə də ciddi irəliləyişə nail olunmayıb. Bugünlərdə Bakıda təşkil olunan “Kənddən Şəhərə” yarmarkasına məhsul gətirən bəzi fermerlər isə deyir ki, yetişdirdiyi məhsullar alıcısı olmadığı üçün həyətlərdə qalıb. Bəzi fermerlərin sözlərinə görə, yetişdirdiyi məhsulları sata bilmədiyindən artıq növbəti il həmin məhsulu yetişdirməyi düşünmür. Belə məqamda digər ölkələrdə fermerin köməyinə tədarük məntəqələri çatır. Yəqin ki, ölkəmizdə tədarük məntəqələrinin fəaliyyəti fermerlərin bu istiqamətdə problemlərinin həllində mühüm rol oynaya bilmədiyindən onlar mövcud çətinliklərlə üzləşməli olurlar.
Maraqlıdır, əgər bu gün istehlakçıya bazarda daha ucuz məhsul, fermerə isə yetişdirdiyi məhsuldan gəlir lazımdırsa, həmin məhsul niyə bazarda deyil, anbarlarda qalır?
Kənd təsərrüfatı üzrə ekspert Akif Nəsirli bildirib ki, bazar iqtisadiyyatında kənd təsərrüfatının dövlət tənzimlənməsi vacib olan məsələlərdən biridir:
“Çünki kənd təsərrüfatı məhsulları mövsümü xarakter daşıyır. Hansısa bir məhsul mövsümündə ucuzlaşır, sonra bahalaşır. Yaxud məhsul bol olur, bu il həmin məhsulu əkən fermerin ziyana düşməməsi üçün dövlət onun ucuzlaşmasının qarşısını almaq üçün artıq məhsulu ondan almalıdır. Yəni fermerlərin ziyana düşməməsinin qarşını yalnız dövlət ala bilər. Mən universitetdə təhsil alarkən Amerika iqtisadiyyatından misal gətirirdilər. Yazılırdı ki, Ayova ştatında çox miqdarda kartof əkilib, bazarın tələbatı 3 min tondur və vaxtından əvvəl hökumət kartofun məhsuldarlığını müəyyənləşdirib. Əgər məhsul boldursa, 100 min tondan artıq hissəni dövlət özü sabit qiymətə alıb, bazara çıxmasına imkan vermir. Yaxud əgər 100 min ton əvəzinə 80 min ton kartof istehsalı gözlənilirsə, həmin bazara hökumət kənardan kartof daxil edir ki, qiymətlər sabit qalsın. Yəni qiymətlərin bu cür sabitləşməsi üçün dövlətin fundamental, əsaslı şəkildə iqtisadiyyatı tənzimləməsi vacibdir. Həmin tənzimləmələrdən biri də məhz tədarük məntəqələrinin yaradılmasıdır”.
Ekspert deyir ki, öncə Azərbaycanda hökumət məhsulun bazara çıxması üçün şərait yaratmalıdır: “Yəni yalnız “Kənddən Şəhərə” yarmarkası yox, Bakının bütün bazarları fermerlər üçün açıq olmalıdır. Onlara yaradılan maneələr aradan qaldırılmalıdır, yerlərdə logistik şəbəkənin qurulması vacibdir. Hökumət bir tərəfdən bol məhsulu təşviq etməli, həm maddi yardım göstərməli, həm də maarifləndirməlidir. Digər tərəfdən, məhsulun bazara çıxışı asan şəkildə təmin olunmalıdır. Bundan sonra Amerikadakı kimi ciddi tənzimləmə alətlərindən istifadə edərək fermerlərin ziyana düşməsinin qarşısı alınmalıdr. Çox təəssüf ki, Azərbaycanda hələ ki, dövlət tənzimləmələrinin müəyyən elementləri görünsə də, onun mütəşəkkil şəkildə, praqmatik tədbirlər görməsi gündəmdə deyil. Subsidiyalar, yardımlar verilir, kənd təsərrüfatı yarmarkaları açılır. Ancaq bu, problemdən çıxış yolu deyil. Bunun üçün kompleks tədbirlər görülməlidir. Yəni bir tərəfdən stimullaşdırılmalı, bol məhsul olmalı, digər tərəfdən bol məhsulun sabit qiymətlə bazara çıxması təmin edilməlidir. Hazırda hökumətin kənd təsərrüfatı istiqamətində siyasəti bu sahənin inhisarlaşamsına xidmət edir”.