“MƏNİ GENERAL İSRAİL ƏLİYEVDƏN QORUYUN” – Tanınmış həkim ölkə rəhbərliyindən kömək istəyir- Prokurorluğ müraciət
"Mən öz əməyimlə dolanan həkiməm. 05.12.2021-ci il tarixdə, günorta saatlarında Bakı şəhər, Nərimanov rayonu, Ə.Rəcəbli küçəsində etibarnamə əsasında idarə etdiyim "Porshe" markalı, 90 VY 999 dövlət nömrə nişanlı avtomobilim Qaradağ rayonu, Sahil qəsəbəsi, Ş.Əsgərov küçəsi, mənzil 23-də qeydiyyatda olan İsmayılova Esmira Vaqif qızı tərəfindən idarə edilən "Hyundai" markalı, 99 EE 414 dövlət nömrə nişanlı avtomobillə vurulub. Nəticədə maşınıma ümumilikdə 16380 manat dəyərində ziyan dəyib".
Yenixeber.org: Bunları saytımız müraciətində həkim Aslanov Pərviz Rafiq oğlu yazıb.
Onun sözlərinə görə, hadisəni törədən Esmira İsmayılova bildirib ki, zərər bütünlüklə onun tərəfindən ödəniləcək: "Telefonunu uzadaraq xahiş etdi ki, əmisi ilə danışım. Telefonda həmin şəxs özünü general İsrail Əliyev kimi təqdim edərək avtomobilə dəyən zərərin onun tərəfindən ödəniləcəyini vurğuladı. Mən də həmin şəxsə inandım. Hadisə yerinə gələn polis əməkdaşları da qəzada təqsirin Esmira İsmayılovada olmasını təsdiq edərək, ona cərimə yazdılar. Hadisədən sonra maşınımı təmirə apardım. Sığorta şirkəti dəyən zərərin 5000 manatını qarşılayacağını bildirsə də, sonradan ödəniş etməkdən imtina etdi. Qalan 11380 manat zərəri də Esmira İsmayılova və general İsrail Əliyev ödəmək istəmirlər".
Həkim əlavə edir ki, qarşı tərəf pulu ödəməkdən imtina etməsi azmış kimi, üstəlik, onu təhdid edir: "Əvvəla, onu qeyd edim ki, sonrakı söhbətlərdə Esmira İsmayılova general İsrail Əliyevin katibəsi olduğunu dedi. Daha sonra İ.Əliyev general rütbəsindən və əlaqələrinin geniş olmasından istifadə edərək, mənə ayrı-ayrı nömrələrdən zəng etdirirərək hədə-qorxu gəldirir. Özü də şəxsən mənə bir neçə dəfə zəng edərək sığortanın verdiyi pul ilə yetinməyi, əlavə heç nə istəməməyi tələb edib. Ölkə mətbuatında bəzi "generalların" cinayətləri haqqında çoxsaylı faktlar dərc olunur. Məsələn, general Rövşən Əkbərovun adam öldürməkdə təqsirləndirilərək həbsə məhkum edilməsi məndə və ailəmdə qorxu yaradıb... Əvvəlcə qorxdum, şikayət etməyim, bəlkə elə özümə problem yaratmayım, ailəm, uşağım var. Amma sonda şikayət etməyi qərara aldım və dövlətimizdən məni İsrail Əliyevdən qorumasını xahiş edirəm. Onu da istisna etmirəm ki, bu şikayətim generalın başqa fəaliyyətlərinə də işıq sala bilər".
Pərviz Aslanov xatırladır ki, Cinayət Məcəlləsinin 182-ci maddəsinə əsasən zərərçəkmiş şəxsin və ya onun yaxın qohumlarının şəxsiyyəti üzərində zor göstərmə, onların haqqında rüsvayedici məlumatlar yayma və ya onların əmlakını tələf etmə hədəsi ilə özgənin əmlakını və ya əmlaka olan hüququnu və ya əmlak xarakteri daşıyan digər hərəkətlər etməsini tələb etmə hədə-qorxu ilə tələbetmə cinayətidir. Bu əməl qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və xeyli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə xüsusilə ağırlaşdırıcı hallara daxildir və beş ildən on ilədək müddətə azadlıqdan mərhum etmə ilə cəzalandırılır. Həkim media vasitəsi ilə Prezident İlham Əliyevdən və hüquq-mühafizə orqanlarının rəhbərlərindən kömək istəyir. "Yuxarıda qeyd edilənlərə əsasən İsrail Əliyev və onunla əlbir olan şəxslərlə bağlı hüquq müstəvisində ölçü götürülməsini rica edirəm", - müraciətdə qeyd olunur.
P.Aslanovun şikayəti ilə bağlı general İsrail Əliyevlə əlaqə saxladıq. O, sualımızı dinlədikdən sonra həkim haqqında yazılası mümkün olmayan ifadələr işlədərək dəstəyi asdı.
Qeyd edək ki, Pərviz Aslanov general İsrail Əliyevlə bağlı Nərimanov Rayon Prokurorluğuna müraciət edib. Habelə hadisəni törədən Esmira ismayılova ilə bağlı onun qeydiyyatda olduğu ərazi üzrə Qaradağ Rayon Məhkəməsinə də şikayət ünvanlayıb. Həkimin şikayəti icraata götülərək gələn ilin yanvar ayının 19-na hazırlıq iclası təyin edilib.
Həkimin haqqında bəhs etdiyi general İsrail Əliyevə gəldikdə, o, uzun müddət Fövqəladə Hallar Nazirliyində Dövlət Yanğından Mühafizə Xidmətinin rəisi olub. Hazırda nazirliyin sistemində çalışmadığı bildirilir.(azpolitika.info)