Ləğv olunmuş KİVDF-nin keçmiş icraçı direktoru, dövlətə külli miqdarda ziyan vurduğuna görə həbs edilən Vüqar Səfərlinin cinayət ortağı qismində adı hallanan tikinti maqnatı, hazırda Rusiyada yaşadığı bildirilən “Verso-M” tikinti şirkətinin sahibi Mehrac Babayev növbəti dəfə diqqət mərkəzinə düşüb.
Yenixeber.org: Redaksiyamıza daxil olan məlumata əsasən, Mehrac Babayev avqustun 17-də İstanbulda oğluna çox təmtəraqlı toy edib.
Toy məclisində Azərbaycandan çox sayda müxtəlif vəzifəli məmurlar, o cümlədən, Nizami rayon icra hakimiyyətinin keçmiş başçısı Arif Qasımov, bir neçə rayonun polis rəisi, həmçinin Avropa, Rusiya, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və başqa ölkələrdən xeyli iş adamı iştirak edib.
Qeyd edək ki, Mehrac Babayevin adı geniş ictimaiyyətə ilk dəfə Baş Prokurorluğun KİVDF-nin sabiq rəhbərliyinin yol verdiyi miqyaslı qanunsuzluqlarla bağlı yaydığı açıqlama sayəsində məlum oldu. Daha sonra mediada işıq üzü görən çoxsaylı informasiyalarda Babayevlə əlaqədar mühüm detallar aşkara çıxdı və sözügedən iş adamının KİVDF cinayətlərində iştirakına dair məlumatlara yeni çalarlar da əlavə olundu.
Həmin məlumatların əsas nüvəsini KİVDF-nin prezident İlham Əliyevin sərəncamlarına uyğun olaraq, inşa etdirdiyi “Jurnalist binaları”nın tikintisinin məhz Mehrac Babayev tərəfindən həyata keçirildiyi təşkil edir. Yeri gəlmişkən, Vüqar Səfərlinin Azərbaycanda yaşamayan və təbii ki, media sahəsinə aidiyyatı olmayan Mehrac Babayevi KİVDF-də müvafiq iş, status və maaşla təmin etməsi, görünür, iş adamı üçün “kompetentlik immuniteti” yaratmaq məqsədi daşıyıb.
Bununla belə, Vüqar Səfərli və bəzi ortaqlarının həbsi, eyni zamanda, Fondun bir sıra sabiq məsul şəxslərinin istintaqa cəlb edilməsi fonunda Mehrac Babayevin barəsində hər hansı hüquqi prosedurlara əl atılmaması son bir ildə dəfələrlə mediada müzakirə olunub. Vüqar Səfərlinin təqribən bir ay əvvəl başlayan məhkəmə prosesinin gedişində verilən müxtəlif ifadələr Mehrac Babayevin nəinki məsuliyyətə, heç istintaqa da cəlb olunmamasının səbəbləri haqda sualları təkrar aktuallaşdırıb. Hər halda, “KİVDF işi”nin əsas fiqurantı olan Vüqar Səfərlinin dövlətin milyonlarla pulunu birgə talan etməkdə adı hallanan şəxsin azadlıqda qalması sıradan sayılacaq hadisə deyil.
Ancaq göründüyü kimi, Mehrac Babayevi himayə edən əllər onun ciddi-cəhdlə istintaqdan yayındırır, ədalət mühakiməsinin qarşısına çıxarılmaqdan mühafizə edir. Ən təəccüblüsü isə budur ki, onlar bunu gizli yox, dövlətə meydan oxuyacaq səviyyədə nümayişkar tərzdə edirlər. Belə olmasaydı, Mehrac Babayev oğluna İstanbulda inanılmaz təmtəraqla və Azərbaycandan çağırdığı çoxsaylı məmurların iştirakı ilə toy etmək cəsarəti göstərə bilməzdi…(yenicag.az)