Redaktor seçimi
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Günün xəbəri

Binəqədi qəsəbə bələdiyyəsi vətəndaşların evlərinə aparan yolu necə satır?-PROBLEM

Binəqədi qəsəbə bələdiyyəsi vətəndaşların evlərinə aparan yolu necə satır?

Binəqədi qəsəbəsi, 3-cü mədən, korpus 125 ünvanında yaşayan bir qrup sakin tərəfindən həmin vətəndaşların evlərinə gedən yolun bağlanması ilə bağlı redaksiyamıza müraciət daxil olub. Müraciətdə deyilir:
Yenixeber.org: “Hörmətli redaksiya, mən Binəqədi qəsəbəsi, 3-cü mədən, 125-ci korpus ünvanında yaşayıram. Sizə özümün və daha iki qonşumun adından müraciət edirəm.


Sevinc adlı bir xanım bələdiyə sənədi əsasında sahibi olduğunu iddia etdiyi torpaq sahəsini hissələrə bölərək satmaq məqsədilə bizim evə gələn yeganə (!) yolun hesabına qanunsuz olaraq genişləndirir. Nəticədə mənim və daha iki qonşunun evinə gələn yolun eni hazırda 5 metrdən azdır. Sevinc xanım isə yenə də yolu daraldır. Bu barədə iyul ayının sonlarında FHN-ə (112) üç qonşu məlumat vermişik. İyul ayının sonu, avqust ayının əvvəlində FHN-dən Binəqədi RİH başçısının müavini V.İsmayılovun adına 740 saylı məktub ünvanlanıb. Məktubda bizim evlərin qarşısına gələn yolun yanğınsöndürən texnikanın keçə biləcəyi endə saxlanılmasının təmin edilməsi xahiş olunur. Lakin Sevinc xanım hələ də bələdiyyənin guya ki, göstərişinə istinad edərək yolu zəbt etməkdə davam edir. Belə çıxır ki, Binəqədi qəsəbə bələdiyyəsi Sevinc adlı xanıma torpaq sahəsi ayırarkən həmin sahənin arxa hissəsində qalan əraziyə, ev və həyətlərə giriş üçün avtomobil yolunun saxlanmasının vacibliyini qətiyyən nəzərə almır. Həm də bu qanun pozuntusu aşkar şəkildə, hamının və hər kəsin gözü qarşısında baş verir. Bu isə fövqəladə hal yaranacağı təqdirdə böyük fəsadlara səbəb ola bilər. Xahiş edirəm, bu məsələyə Binəqədi Rayon İcra Hakimiyyətinin münasibətini öyrənmək üçün rəsmi sorğu göndərəsiniz.

Xüsusi olaraq vurğulamaq istəyirik ki, əgər bizim evlərimizin yerləşdiyi ərazidə günü bu gün yanğın və ya digər fövqəladə hal baş verərsə, hətta indiki vəziyyətdə belə həmin əraziyə yanğınsöndürən və digər xüsusi texnikanın daxil olması böyük çətinliklə və yubanma ilə mümkün ola bilər. Yolun bundan sonra azacıq daha da daralması isə ümumiyyətlə texnikanın girişini qeyri-mümkün edəcək. Xahiş edirik, bu vəziyyəti müraciətimizi ictimailəşdirmək yolu ilə bütün aidiyyatı olan qurumların diqqətinə çatdırasınız.”

Öz növbəmizdə biz müraciətin mətnini Binəqədi Rayon İcra Hakimiyyətinə göndərdik. Məktuba cavab olaraq, Binəqədi Rayon İcra Hakimiyyətindən elektron poçtumuza belə bir məlumat daxil olub: “Məlumat üçün qeyd edirik ki, sözügedən ünvan Neft Şirkətinin balansında olan torpaqlardır. O ərazi ilə bağlı heç bir səlahiyyət Rayon İcra Hakimiyyətinə məxsus deyildir.”

Lakin bu cavab sakinləri qətiyyən qane etmir. Məsələ bundadır ki, əgər sözügedən ərazi həqiqətən də Neft Şirkətinin balansındadırsa, bu zaman həmin ərazidəki torpaqların bölünməsi və satılması ilə Binəqədi qəsəbə bələdiyyəsi hansı haqqla məşğul olur? İkinci bir tərəfdən, həmin ərazidə artıq uzun illərdir ki, məskunlaşma var və hal-hazırda da 6-7 evin tikintisi gedir. Əraziyə rəsmi olaraq, elektrik, qaz, su, telefon və internet xətləri çəkilib. İnsanlar neçə illərdir ki, rəsmi qaydada, abonent kodları əsasında ödəmələr həyata keçirirlər. Yeri gəlmişkən, həmin ərazidə inşa olunan evlərin tikintisinə Binəqədi RİH-nin memarlıq şöbəsi tərəfindən razılıq verilir. Həmçinin sonradan sakinlərə qeydiyyata düşmək üçün yaşayış ünvanı da məhz RİH-nin qəsəbə nümayəndəliyi tərəfindən verilir. Rayon İcra Hakimiyyəti isə deyir ki, ərazi ilə bağlı heç bir səlahiyyət onlara məxsus deyil.

Nəhayət ən əsası, konkret baxılan məsələdə söhbət bilavasitə insanların təhlükəsizliyindən gedir. Əgər Binəqədi Rayon İcra Hakimiyyəti Binəqədi qəsəbə bələdiyyəsinin qanunsuzluqlarının qarşısını almaq səlahiyyətinə malik deyilsə, bu zaman ən azından yerli icra hakimiyyəti olaraq, sakinlərin həyati təhlükəsizliyinin təmin edilməsi üçün konkret addımlar atmağa borcludur. Bir daha xatırlatmaq istəyirik ki, şikayət edən sakinlərin sözlərinə görə, məsələ yaşayış olan əraziyə fövqəladə hallar yarandığı təqdirdə xüsusi texnikanın girişinin qəsdən əngəllənməsindən gedir! Həm də bu əngəlləmə bir vətəndaşın yerli bələdiyyə orqanı ilə əlbir olması nəticəsində həyata keçirilir! Kim zəmanət verə bilər ki, bu hərəkətlər həqiqətən də müəyyən müddətdən sonra törədilməsi planlaşdırılan təxribat xarakterli əməllərə hazırlıq məqsədilə həyata keçirilmir?!

Biz aia.az saytı olaraq, bir daha bütün əlaqədar qurumları bu problemi həll etməyə çağırırıq. Əslində bu, elə də çətin bir iş deyil. Sadəcə ərazini zəbt etmiş vətəndaşın öz torpağının yalnız bir tərəf istiqamətində hüdudunu cəmi 1 metr geri çəkməsinə, daha doğrusu əvvəlki hüduduna çəkilməsinə nail olmaq lazımdır. Yaxşı olardı ki, əlaqədar qurum rəhbərləri Ölkə Prezidenti cənab İlham Əliyevin: “Bizim üçün hər şeydən önəmli insanlarımızın həyatıdır” – kəlamını bu məsələnin həllində əldə rəhbər tutsunlar. Çünki bu gün kiminsə artıq 30-40 kvadratmetr torpaq sahəsi satmaq imkanı əldə etməsi, sabah hətta insan ölümünə səbəb ola biləcək fəlakətə yol açmamalıdır!

aia.az


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam