Bakı Şəhər İcra Hakimiyyəti qışa hazır deyil-Dr-fakto
Yenixeber.org: Bakı üçün nadir olan və 2021-ci il 24 fevral gecəsindən yağmağa başlayan qar şəhəri örtüb, hərəkəti və işgüzar həyatı iflic edib. Evlərindən çıxıb iş yerlərinə gedən bakılılar sosial şəbəkələrdə bildirirlər ki, metropoliten işləmədiyinə, avtobuslar isə nadir hallarda və dolu gəldiyinə görə onlar məcburən piyada gedirlər. Onlar deyirlər ki, yollarda qar ilə mübarizə aparan tək-tük təmizlikçilərdən başqa heç bir şey icra hakimiyyətinin şəhər sakinlərinin təhlükəsizliyinə qayğısını əks etdirmir.
Yarım gün ərzində paytaxtda iyirmi nəfərdən çox adam buzda yıxılaraq xəsarət alıb. Radioefirlərdə Yol Polisi İdarəsinin ciddi ehtiyac olmadan şəxsi nəqliyyatda getməməklə barədə xahişləri eşidilir və mətbuat soyuqdan əziyyət çəkənlər üçün isti su və qidanın olduğu çadırların fotoşəkillərini göstərir.
Qarı təmizləmək üçün xüsusi texnika haradadır, axı hakimiyyət onun alındığını dəfələrlə bəyan etmişdi? Yanvarın sonunda Bakı rəhbərliyi bildirmişdi ki, təsdiq edilmiş planlara uyğun olaraq Bakının bütün rayonlarında payız-qış mövsümünə hazırlıq üzrə tədbirlər həyata keçirilib. Paytaxt rayonlarında kommunal xidmətlərin xüsusi texnikası hazırlıq vəziyyətinə gətirilib. Bəzi yaşayış və qeyri-yaşayış binalarında təmir işləri aparılıb, əlavə tədbirlər görülüb.
Bakı Şəhər İcra Hakimiyyəti və rayon strukturları arasında vəzifələr bölünüb, məsul şəxslərə tapşırıqlar verilib. Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin Sanitariya və Texniki Təmizləmə İdarəsinin rəisi Mübariz Hüseynov bildirib ki, balansda olan 50 ədəddən çox qar təmizləmə texnikası hazırlıq vəziyyətinə gətirilib. Sürüşkən yollara səpilməsi üçün əlavə olaraq 5 min tondan çox texniki duz alınıb.
Gözlənilən qar yağması haqda sinoptiklər beş gün öncədən xəbərdarlıq etmişdilər. Niyə sinoptiklər tərəfindən göstərilən vaxtın ilk dəqiqələrində qar təmizləmə texnikası işə başlamayıb ki, fevral ayının 24-də səhər saatlarında vətəndaşlar iş yerlərinə xəsarət almadan getsinlər?
Hadisələr Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun şəhər sakinlərinin qış ehtiyaclarına səthi yanaşdığını göstərir. Bakının bəzi yerlərində (Nərimanov prospekti, 5 və s.) mərkəzi istilik sistemi mövcud güclərdən kifayət qədər istifadə edilməməsilə əlaqədar pis işləyir. Elə bil ki, istilikdə çalışanlara göstəriş veriblər ki, qaza qənaət etsinlər ki, əvvəlki illərdə olduğu kimi yanacaq tədarükçüləri qarşısında borca düşməsinlər. Bakılılar elektrik naqillərini yükləyərək elektrik cihazları ilə qızdırmağa məcburdurlar ki, bu da yanğın təhlükəsi yaradır. Qar təmizləmə texnikası çatışmır, ya da ki onun hazır olmasına dair raportlar həqiqəti əks etdirməyib.
Bakı İH-nin rəsmi saytında şəhər küçələrində qalan vətəndaşlara qayğıdan danışılmır, bu il fevralın 19-na olan son məlumat zibilyığan maşınların alınması haqdadır. 2012-ci il məlumatında Bakı İH-nin avtoparkında 40 ədəd qar təmizləmə texnikasının olduğu bildirilib. Deməli, 9 il ərzində onlara 10 maşın əlavə edilib ki, bunun da üç milyonluq şəhər üçün kifayət etmədiyi məlum olur.
Müqayisə üçün: 4,9 milyon əhalisi ilə Sankt-Peterburqda eyni zamanda 1200-dən çox qar təmizləyən maşın işləyir. Rusiyanın ikinci böyük şəhərinin meriyasının məlumatına görə, orada xüsusi texnikanın tətbiqilə qarın təmizlənməsinə qar yağmağa başlayandan 20 dəqiqə sonra başlanılır.(turan)