Yenixeber.org: Fevralın 23-ü axşamdan etibarən Bakıya yağan mövsümün ilk qarı şəhər həyatını demək olar ki, iflic edib. Şaxtalı hava küçələrin buz bağlamasına, bu da öz növbəsində zəncirvari qəzalara, insanların xəsarət almasına səbəb olub.
Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin yaydığı məlumata görə, yol və meteoroloji şərait nəzərə alınmadığı üçün maddi zərərlə nəticələnən 25 yol-nəqliyyat hadisəsi baş verib. Səhiyyə Nazirliyindən isə bildirilib ki, fevralın 24-ü səhər saat 10:00-a qədər olan məlumata əsasən Bakıda 8 nəfər təcili tibbi yardıma müraciət edib. Bu şəxslər yıxılaraq müxtəlif dərəcəli bədən xəsarətləri alıblar, onlardan birinə yerində yardım göstərilib, qalanları xəstəxanaya yerləşdirilib. Səhər tezdən paytaxtda nəqliyyatın hərəkətində ciddi problemlər yaranıb. Bakı Nəqliyyat Agentliyinin məlumatına görə, hava şəraiti ilə əlaqədər bütün marşrutlar üzrə hərəkəti təmin etmək mümkün olmayıb.
Şəhərdə fəaliyyət göstərən taksi şirkətləri də əhaliyə lazımınca xidmət göstərə bilməyiblər. Gün ərzində, xüsusən səhər saatlarında sakinlərin taksi sifarişləri cavabsız qalıb. Fərdi qaydada xidmət göstərən sürücülər isə qiymətləri iki dəfə qaldırıblar. “Maşının təkərinə zəncir vuraraq hərəkət edirəm. Amma ara küçələrdə hərəkət çox risklidir, çünki təmizlənməyib. Qiymətləri də ona görə bahalaşdırmışıq”, – deyə sürücülərdən biri bildirdi.
Qeyd edək ki, Bakı Şəhər İcra Hakimiyyəti bir gün əvvəl hava şəraiti ilə bağlı gücləndirilmiş iş rejiminə keçdiyi barədə məlumat yayıb. Bu məqsədlə paytaxtın müxtəlif yerlərinə müvafiq texnika, qum və duz ehtiyatı toplanıb. Gün ərzində əsas küçə və prospektlərdə nəqliyyatın hərəkəti qismən bərpa olunsa da, onların fəaliyyəti qənaətbəxş sayıla bilməz. Məsələn, Bakının Yasamal rayonu ərazisində yoxşlu yollarda hərəkəti təmin etmək mümkün olmayıb.
Kommunal qurumlar da həmişə olduğu kimi, fövqəladə hallarda əhalini çətin vəziyyətdə qoyublar. Şəhərin bəzi massivlərinə elektrik enerjisinin verilməsində problemlər yaranıb. Xırdalan sakinləri “Press Klub”a deyiblər ki, dünən gecədən etibarən şəhərin bir hissəsinə elektrik enerjisinin nəqli dayandırılıb. “Evlərin əksəriyyəti kombi ilə qızdırılır, işqı yanmırsa, deməli, istilik yoxdur. Bu şaxtalı havada köməksiz qalmışıq”, deyə sakinlərdən biri söyləyib.
Bakıətrafı kəndlərdən də qazın təzyiqinin aşağı düşdüyü, su xətlərinin donduğu barədə şikayətlər gəlməyə başlayıb. Sakinlər bildiriblər ki, problemlərlə bağlı aidiyyəti qurumlara ünvanladıqları müraciətlər cavabsız qalıb.
Şəhərin bəzi marketlərində səhər vaxtı çörək, un məmulatları, habelə tərəvəz məhsullarının qıtlığı da müşahidə olunub. “Araz” marketlər şəbəkəsinin satıcısı əməkdaşımıza deyib ki, istehsalçılar ərzaq məhsullarını vaxtında marketlərə çatdıra bilməyiblər: “Rayonlardan göy-göyərti və başqa tərəvəz məhsulları gətirilməyib. Anbarlarda nə vardısa, hamısı satılıb”.
Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva bildirib ki, bu gecə Bakıda ən aşağı temperaturun – mənfi 9 dərəcə şaxtanın olması gözlənilir. O qeyd edib ki, yollar buz bağlayacaq: “Fevralın 25-i səhər saatlarında -4 və -5 dərəcə şaxta olacaq, günün ikinci yarısı temperaturun 0 dərəcəyə yaxınlaşacağı gözlənilir. Axşama doğru qar səngiyəcək, küləyi sürəti nisbətən azalacaq”.
Beləliklə, qışın ilk qarlı günü paytaxda ciddi problemlər yaratdı. Kommunal xidmət qurumlarının, Bakı Şəhər İcra Hakimiyyətinin “qışa hazırıq” açıqlamalarına baxmayaraq, şəhər həyatı iflic oldu. Nəqliyyatın qrafiki pozuldu, küçələrin qarı-buzu vaxtında təmizlənmədi, nəticədə çoxlu sayda qəzalar baş verdi, bəzi yerlərdə işıq, bəzi yerlərdə qaz kəsildi.
Böyüklərin bu qədər problemlərlə qarşılaşdığı bir gündə ilk qara sevinən yalnız balacalar oldu…(pressklub)
Turqut