Yenixeber.org: Sentyabrın 27-dən başlayan hərbi əməliyyatlar jurnalistikanın spesifik istiqamətini – müharibə jurnalistikasını da xeyli aktuallaşdırdı. Əslində bu sahə bizə o qədər də uzaq sahə deyil, Qarabağ savaşının ilk mərhələsində Çingiz Mustafayev, Seyidağa Mövsümlü və digər cəsarətli jurnalistlərimiz, reportyorlarımız ən qaynar nöqtələrdə işləyiblər və ermənilər tərəfindən törədilən müharibə cinayətlərinin həm yerli, həm də dünya ictimaiyyətinə çatdırılmasında böyük rol oynayıblar. (Şəhid olmuş və rəhmətə getmiş bütün jurnalistləri rəhmətlə anırıq.) Sonrakı mərhələdə – uzun sürən atəşkəs dövründə – Azərbaycan mediasında müharibə jurnalistikası, müharibələrin işıqlandırılması qaydaları və vərdişləri təbii olaraq unuduldu, inkişaf etmədi.
Müharibənin hazırkı mərhələsində isə biz bu sahənin nə qədər vacib olduğunu bir daha gördük və anladıq. Hadisələri ön xətdə izləyən və xalqı məlumatlandıran xeyli jurnalistimiz var. Doğrudur, 90-cı illərdən fərqli olaraq, bu dəfə dövlətin ciddi nəzarəti mövcuddur və jurnalistlər cəbhə bölgəsində istədikləri kimi hərəkət edə bilmirlər. Bu da əslində normaldır, çünki cəbhə xəttində xaosa, özfəaliyyətə imkan vermək doğru olmaz.
Qarabağ savaşının 2020-ci il 27 sentyabr tarixində başlamış növbəti mərhələsini işıqlandıran jurnalistlərimizdən biri də Seymur Kazımovdur. Bu mövzuda onunla söhbətləşdik.
Seymur bəy, bildiyimizə görə, bir çox müharibələrdə hərbi jurnalist kimi fəaliyyət göstərmisiniz. Qarabağ müharibəsindən əvvəl hansı müharibələrdə hərbi jurnalist kimi peşə fəaliyyətinizi həyata keçirmisiniz?
İlk təcrübəm 2008-ci ildə başlayıb, Rusiya ilə Gürcüstan arasında gedən müharibədə olmuşam. 2009-cu ildə Dağıstanda, Çeçenistanda, 2010-cu ildə Şimali Qafqazda hadisələri izləmişəm. Dağıstan, Çeçenistan və Şimali Qafqazda birbaşa müharibə deyildi, aparılan müəyyən hərbi əməliyyatlar zamanı orada fəaliyyət göstərmişəm. 2013-cü ildə Türkiyədə Gəzi parkı hadisələrini, 2014-cü ildə Ukraynada Avromaydanı işıqlandırmışam və hazırda Qarabağ müharibəsi bölgəsində faəliyyət göstərirəm.
Sadaladığınız yerlərdəki müharibələr və gərginliklərlə Qarabağ müharibəsi arasında hansı fərqləri hiss edirsiniz?
Məsələn, Abxaziyaya, Cənubi Osetiyaya, yaxud Ukraynaya, Türkiyəyə gedəndə orada artıq öz problemimizi, öz millətimizin müharibəsini işıqlandırmırıq. Orada başqa dövlətlərin müharibəsini, problemlərini lentə alırıq. O zaman bir qədər rahat oluruq. Amma öz müharibəmiz bizə aid olduğu üçün istər-istəməz insana həm fiziki, həm də psixoloji təsir edir. Məsələn, Gəncədə lentə aldığım uşaq şəkillərini görmüsünüz. Təbii ki, uşaqları dünyanın hansı yerində çəksən, insana bir qədər təsir edir. Amma bu, bizim özümüzün başımıza gəldiyinə görə, psixoloji təsiri daha çoxdur. Düzdür, emosiyalarımızı qorumağa, hisslərimizi cilovlamağa, əsəblərimizin gərilməməsinə çalışırıq. Amma öz müharibəsini işıqlandıran jurnalistlərə bu hadisələr çox ciddi psixoloji təsir göstərir. Bəli, bəzi həmkarlarım emosiyalarını gizlədə bilmirlər, hirslənirlər, arada söyürlər, qışqırırlar. Amma mən çalışıram ki, emosiyalarımı içimdə saxlayım. Soyuqqanlı olmağa çalışıram. İstər başqa dövlətlərin müharibəsi olsun, istərsə də öz müharibəmiz olsun, hər ikisində də peşəkar olmağa çalışıram. Gəncədə baş verən hadisələrdə iki dəfə iştirak etmişəm. Gəncə müharibənin getdiyi ərazilərdən uzaqdadır. Amma oradakı hadisələr mənə o qədər pis təsir etdi ki… Tərtərdə, Ağdamda da müharibənin təsirləri hələ üzərimdədir. Hələ ki müharibə davam edir və bunun yaratdığı psixoloji sarsıntının təsirləri üzərimdən nə zaman çıxacaq, onu bilmirəm. 2016-cı ilin aprel hadisələrində də eyni hissləri yaşamışdım.
Sizinlə birlikdə döyüş zonasında fəliyyət göstərən jurnalist həmkarlarınız var. Onların fəaliyyətini necə qiymətləndirirsiniz?
Fərq etmir, hansı medianı təmsil edirlər, ümumi götürsək, hamısının fəaliyyətini yüksək qiymətləndirirəm. Çünki onlar birbaşa təhlükə altında işləyirlər. Düşmən hər yeri atəşə tutur. Məsələn, Gəncəyə hücum edəcəkləri heç kimin ağlına gəlməzdi. Münaqişə zonasından kənarda olan Gəncə və Mingəçevir kimi şəhərləri əhali yatdığı zaman atəşə tutmaları onu göstərir ki, düşmən hər bir yerə hücum edə bilər. Yəni konkret olaraq Qarabağ bölgəsində çalışan jurnalistlərin indiki şərtlər daxilində fəaliyyətini yüksək qiymətlənidirirəm. İndiki vaxtda kimisə tənqid etmək haqqında düşünmürəm. Çünki həqiqətən də əziyyət çəkirlər, çətin şəraitdə xidmət edirlər. Müharibə bitdikdən sonra oturub, müəyyən davranışları müzakirə etmək olar. Amma indiki halda onların əməyini yüksək qiymətləndirirəm.
Seymur bəy, bu sualı ona görə ünvanladım ki, baş verən hadisələri ilk olaraq Türkiyə mediasından izləyirik. Məsələn, elə Gəncədəki hadisəni də birinci onlar işıqlandırdı. Niyə bizim televiziyalarımızda operativlik yoxdur?
Mən bu məsələdə sizinlə razıyam. Operativlikdə qüsur var. Təbii ki, bu, onlar üçün kifayət qədər ciddi qüsurdur. Həmin vaxt ərazidə bizim jurnalistlərimiz də var idi. Onlar canlı yayıma ya gec çıxdılar, ya da başqa TV-lərə qoşuldular. Yəni operativlik baxımından bu, həqiqətən çox ciddi problemdir. Azərbaycan televiziyalarının maddi imkanları yüksəkdir. Onlar istənilən zaman canlı yayıma çıxmaq imkanına malikdirlər. Amma bu, onu göstərir ki, Azərbaycanda elektron media, TV mediası haqqında düşünmək lazımdır. Özəl TV-lərə heç bir söz deyə bilmərik, amma dövlət TV-lərinin TRT-nin canlı yayımına qoşulmağa ixtiyarı yoxdur. Yaxud da dövlət kanalının canlı yayımı bir saat sonra verib, sonra da kəsməyə ixtiyarı yoxdur. Bu barədə TV rəhbərləri düşünməlidirlər. Biz öz məlumatımızı başqalarından alırıq. Halbuki texniki imkanlarımız, kifayət qədər qurğularımız var. Həm dövlət büdcəsindən, həm də reklamlardan pul alırlar. Bütün imkanları var, amma vaxtında canlı yayıma çıxa bilmirlər. Ya da çıxdıqları zaman iş keyfiyyətsiz olur. Türkiyə TV-ləri bura heç yüksək səviyyəli texnika ilə gəlməyiblər, adi bir kamera ilə gəliblər. Onlar bunu edə bilirlərsə, bzi niyə edə bilmirik? Müharibədən sonra ümid edirəm ki, bizim TV-lər bu incəlikləri türk həmkarlarından öyrənəcəklər ki, az imkanlar daxilində necə canlı yayıma çıxmaq olur. Mən TV-lərin fəaliyyətini jurnalistlərin fəaliyyətindən ayırıram. Məsələn, AzTV-nin əməkdaşının yanına mərmi düşüb. TV-ni tənqid etsək də, əməkdaşı peşə fəaliyyətini yerinə yetirərkən yaralanıb. Burada fərdləri ayırmağa çalışıram. Bütün jurnalistlər çox ciddi gərginlik altında çalışırlar. Amma peşəkardırlar, ya deyillər, bunu indi müzakirə etmək istəmirəm. Bütün bunları müharibə tamamilə bitəndən sonra oturub, analiz etmək olar.
Arxa cəbhədəki vəziyyəti necə dəyərləndirirsiniz?
Arxa cəbhədə çox böyük ruh yüksəkliyi var. Qələbələrimiz də onu deyir. Onlar bilirlər ki, öz torpaqları uğrunda vuruşurlar, bu da onlara stimul verir. Ordunun əhval-ruhiyyəsi yüksək səviyyədədir. İnşallah, tez bir zamanda bütün torpaqlarımız işğaldan azad olunacaq.(pressklub)
Ülviyyə Şahin