İntizar Məmmədova: “Cəlil Cəfərov sevdiyi əməlini- əcnəbilərə olan xüsusi rəğbətini artıq federasiyada da işə salıbdır… Bilmək istərdim ki, bizim azərbaycanlı övladlarımızın voleybol ilə məğul olmaq hüququ yoxdurmu?”
“Ölkə çempionatında yüksək nəticələr göstərən 15-18 yaşlı azərbaycanlı uşaqlardan ibarət bir klubun dağılmasına imkan verməyin”
Yenixeber.org: “Express Baku” voleybol klubunun direktoru, ömrünün 40 ilini ölkədə voleybolun inkişafına həsr etmiş İntizar Məmmədova mətbuata müsahibəsində Azərbaycan Voleybol Federasiyasının ona qarşı qarayaxma kampaniyası apardığını deyib. Təcrübəli mütəxəssis bildirib ki, AVF kluba qəsdən mailiyyə dəstəyi göstərmir, klubu dağıtmaq istəyir.
- İntizar xanım, voleybol üzrə ölkə çempionatı bir neçə gündən sonra start götürür. Mübarizəyə hazırsınızmı?
– Əvvəlcə onu deyim ki, 1978-ci ildən Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının voleybol üzrə məşqçilik fakültəsini fərqlənmə diplomu ilə bitirmişəm. 20 il ölkəmizin ali məktəblərinin birində Bədən tərbiyəsi və idman kafedrasında baş müəllim, 2001-2010-cu illərdə “Azərneft” voleybol klubunda təlimatçı kimi çalışmışam. 2011-2014-cü illərdə Azərbaycanın kişilərdən ibarət voleybol üzrə millisinə rəhbərlik etmişəm. 2014-cü ildə “Express Baku” voleybol klubunu Azərbaycan Voleybol Federasiyasının vitse-prezidenti F. Qarayevin göstərişi ilə yaratmışam və klubun direktoruyam. İstedadlı gənclərin voleybola cəlb olunmasında zəhmətim az olmayıb. Sualınıza gəlincə, deməliyəm ki, hazırda çox çətin vəziyyətlə üzləşmişik. Çempionat başlamaq üzrədir. Lakin “Express Baku”voleybol klubu bir dəfə də məşq etməyib. Klubu saxlamaq üçün pul lazımdır. Təəssüf ki, AVF bizə ögey münasibət göstərir. Klubu dağıtmaq istəyirlər. Bu azmış kimi, federasiya rəhbərliyi mənə qarşı çirkin bir kampaniya başladıb.
- Klubunuzun ölkə çempionatında nə kimi uğurları olub?
– “Express Baku”voleybol klubunun heyətində 15-18 yaşlı perspektivli gənclər çoxluq təşkil edir. Komanda 2016-2017-ci illər mövsümündə I liqa yarışlarında qızıl medal qazanıb. 2017-2018-i illər mövsümündə Azərbaycan çempionatının Superliqa yarışlarında mübarizə apardıq. 2018-2019-cu illər mövsümündə isə I liqa yarışlarında çıxış edərək 9 komanda arasında ikinci yeri tutduq və gümüş medal qazandıq. “Express Baku”voleybol klubu hər zaman gənc, ucaboylu, perspektivli oyunçuları ilə diqqət cəlb edib. Bu il iyul ayında Bakı şəhərində keçirilən gənclərin Olimpiya Festivalına klubumuzun 3 voleybolçusu Azərbaycanın gənclərdən ibarət milli yığma komandasına da dəvət almışdı. Bir daha təəssüflə deyirəm ki, belə bir komandanın fəaliyyəti üçün maliyyə dəstəyi göstərilmir.
-Səbəb nədir?
– Səbəbini bilmirəm. İllərlə çəkdiyim əziyyətlərin, zəhmətin qarşılığında haqsızlıq, qərəzli mövqe və təzyiqlə üzləşirəm. 2017-2018-ci illər mövsümündə də komandamıza pul ayrılmadı. Federasiya ilə klubun arasında bağlanmış qanuni müqaviləyə əsasən, hər ay komandanın hesabına 20 min manat köçürülməli idi. Ötən il mövsümün tam ortasında pul köçürülməsi dayandırıldı. Oyunçulara, məşqçilərə 50 min manat borclu qaldım. AVF prezidenti Cavid Qurbanova, vitse-prezident Faiq Qarayevə dəfələrlə müraciət etsəm də, problem həll olunmadı. Federasiya qanuni müqavilə əsasında alacağımız pulu bizə vermədi. Məcbur qalıb Azərbaycan Prezidenti cənab İlham Əliyevə və birinci vitse-prezident Mehriban Əliyevaya klubumuzun bütün üzvləri adından müraciət göndərdik. Bizim müracitimizə həssaslıqla yanaşılması federasiyada təşvişə səbəb oldu. Komandanın borcu bu ilin aprel ayında ödənildi. Bundan sonra isə mənə açıq şəkildə bildirildi ki, “Express Baku”voleybol klubuna bir daha pul verilməyəcək. Dediklərini etdilər, AVF prezidenti Cavid Qurbanov 2019-2020-ci illər mövsümü üçün 8 kluba 4 milyon manat pul ayırıb. Hətta bu məbləğin daha çox olduğu da deyilir. Klubumuza isə yenə də embarqo qoyulub. Bu il iyulun 15-də AVF-nin vitse-prezidenti Faiq Qarayev məni yanına çağırıb bildirdi ki, kişi voleyboluna pul ayırmaq istəmirlər. Guya vəsait yoxdur. Əgər belədirsə, onda kişilərdən ibarət “Lokomotiv” klubuna, yeni yaratdıqları “Sərhədçi” kişi voleybol klubuna haradan pul tapılır? Vəsait yoxdursa, Faiq Qarayev Rusiya, Ukrayna, Xorvatiya, Belarusdan gənc qızları ailələri ilə birlikdə Bakıya necə dəvət edir, onların qadın klublarında çıxış etmələri üçün yüksək şərait necə yaradılır? Özlərinə lazım olan işləri görmək üçün vəsait tapılır. Lakin gənc azərbaycanlılardan ibarət olan perspektivli bir komandanı yaşatmaq üçün vəsait tapılmır. Mənim səsim AVF prezidenti Cavid Qurbanova çatmır, onunla görüşməyə qoymurlar. Yazdığım məktubları Cavid müəllimdən gizlədirlər. Ona görə ki, mənim heç kimim yoxdur. Əgər mən Faiq Qarayevin xoşuna gəlmirəmsə, bu o demək deyil ki,mən və mənim klubumun mütəxəssisləri illərlə işsiz və ac qalmalıdırlar? İllərimi verdiyim işimdən nəyə görə uzaqlaşmalıyam? Bilmək istərdim ki, bizim azərbaycanlı övladlarımızın voleybol ilə məğul olmaq hüququ yoxdurmu? Bu hüququ onların əlindən kim ala bilər ki? Bu barədə hansı yuxarı instansiyaya müraciət edirsənsə, deyirlər ki, AVF ictimai təşkilatdır, biz onların işinə qarışa bilmərik. O zaman sual olunur: məgər biz ictimaiyyətin nümayəndəsi deyilik? İctimai təşkilatın qapıları ictimaiyyətə açıq olmalıdır.Bu gün bu qapı İran, Ukrayna, Rusiya ,Gürcüstan və digər ölkələrin vətəndaşlarının üzünə taybatay açıqdır, nəinki azərbaycanlıların.
-İntizar xanım, deyirsiniz ki, sizə qarşı böhtan kampaniyası başlayıb…
-Azərbaycan Voleybol Federasiyasında belədir: haqqını tələb edirsənsə, o zaman sənə qarşı şantaj və qarayaxma kampaniyası başlayır. Əvəzində isə klublara və milli komandaya savadsız, voleyboldan anlayışı olmayan məşqçilər gətirilir. Həmin şəxslərə “İdman ustası”, “Əməkdar məşqçi”, adları, yüksək əmək haqqı verilir. İntizar Məmmədova isə ali təhsilli, heç yerdə işləməyən iki övladı ilə bir otaqlı mənzildə yaşayır. Mən şan-şöhrət dalınca qaçmamışam. Federasiya rəhbərliyi yaxşı bilir ki, mənim alnım açıqdır. Fəaliyyət göstərdiyi 4 il ərzində “Express Baku”voleybol klubundan iki voleybolçu qovulub. Anar Maqsudzadə adlı oyunçu məşqlərə gəlmirdi, nizam-intizam qaydalarına əməl etmirdi, demək olar ki,məşq zamanı yatırdı,məşqçinin tapşırıqlarını yerinə yetirmirdi. Uşaqlar mənə dedilər ki, Anar əsas vaxtını gecə barlarında keçirir, qəlyan çəkir. Bu əməllərinə görə, komandadan uzaqlaşdırdım. Digər voleybolçu Tural Cəfərli də intizamsız uşaq idi. Müxtəlif bəhanələrlə məşqlərdən yayınırdı. Baş məşqçi və klubun həkimi tərəfindən, onlarla bağlı iki təqdimat yazıldı. Məcbur qalıb 2018-ci ilin yanvarında onları heyətdən kənarlaşdırdım. Federasiya indi bu uşaqlarla bağlı araşdırma aparmağa başlayıb. Guya ki, mən həmin voleybolçuların əmək haqqını verməmişəm, mənimsəmişəm. Hətta Tural Cəfərlini təlimatlandırıb göndərmişdilər Nəsimi rayon Əmək Müfəttişliyinə. O iddia edirdi ki, hüquqları pozulub. Məni dəvət etdilər Əmək Müfəttişliyinə. Geniş şəkildə araşdırma aparıldı. Bəlli oldu ki, mən heçbir qanun pozuntusuna yol verməmişəm. Hər iki oyunçu klubda olduqları dövr ərzində pul alıblar. Onu da əlavə etmək istəyirəm ki, Cəfərli Tural bizim klubumuzdan sonra, o biri mövsüm illərində daha iki klubdan kənarlaşdırılmışdır. Bununla bağlı bütün sənədlər məndə var. İstənilən yerdə, istənilən zaman dediklərimi sübut etməyə hazıram. Mən hər oyun mövsümündə mütəmadi olaraq federasiyanın mühasibatlığına, həm də mövsüm ili ərzində, klubun üzləşdiyi bütün problemlər haqqında daim federasiya rəhbərliyinə , şəxsən F.Qarayevə hesabat təqdim etmişəm. Hətta 2018-ci ilin iyun ayında mən AVF-nin vitse-prezidenti F. Qarayevin adına ünvanlaığım məktubda, bu problemlər haqqında və təsdiqləyici sənədləri yazılı şəkildə federasiyanın müşaviri, Əbülfəz müəllimə təqdim etmişəm. AVF rəhbərliyi məni susdurmaq üçün çirkin şantaj kampaniyasına başlayıb. Özləri də bilir ki, mənə ləkə yapışmaz. Mən hər zaman öz işimi vicdanla, şərəflə yerinə yetirmişəm. İnanın ki, artıq bütün bu diskriminasiyalardan bezmişəm. Bilmirəm “Express Baku” voleybol klubuna qarşı edilən haqsızlığa nə vaxt son qoyulacaq? AVF artıq formalaşmış bir klubu dağıtmaq, klubun məşqçi və əməkdaşlarını işdən uzaqlaşdırmaq, əvəzində isə voleybola aidiyyatı olmayan insanlar üçün yeni klublar yaradırlar. Məqsəd nədir? Bunu bilmirəm. Artıq çempionat başlamaq üzrədir, komandamızın taleyi isə sual altındadır.
-Bildiyimizə görə, AVF-yə yeni Baş katib gətirilib. Bu haqda nə deyə bilərsiniz?
– Bəli, bu doğrudur. Bu insan əvvəllər “Rabitə” VK-nun prezidenti olmuşdur. Federasiyanın baş katibi Cəlil Cəfərov “Rabitə” VK-na rəhbərlik edərkən, sevdiyi əməlini- əcnəbilərə olan xüsusi rəğbətini artıq federasiyada da işə salıbdır. Çünki “Rabitə” VK, fəaliyyət göstərdiyi illər ərzində öz tərkibində bir nəfər azərbaycanlı oyunçunu nə yetişdirdi, nə də meydançaya çıxartdı. Belə bir vərdişə çevrilmiş tendensiyadan sonra, nə “Expess Baku” VK-nın gənc oyunçuları, nə də ki, İntizar xanımın zəhməti C.Cəfərova lazım deyil. Klubumuza maliyyə yardımı ayırmaq istəməyən federasiyanın Baş katibi bu gün əcnəbi məşqçilər üçün bütün şəraitləri yaratmaqla, Rusiya Federasiyası və Ukraynadan 14-15 yaşlı gənc oğlanları Bakıya gətirməyi planlaşdırırlar. 2019-2020-ci il mövsümündə Azərbaycan Çempionatının Superliqa yarışlarında iştirak edəcək klubların adları demək olar ki, məlumdur. Gürcüstanın kişilərdən və qadınlardan ibarət hər iki komandasının həm yataq, həm də yemək xərcləri AVF tərəfindən ödəniləcəkdir. AVF-də əvvəlcə 7 komandanın maliyyələşdirilməsi nəzərdə tutulmuşdursa, hal-hazırda komandaların sayı 8-ə çatdırılıb. Klubumuza gəldikdə isə, hər dəfə eyni sözü eşidirik: “Pulumuz yoxdur. Cavid müəllim sizə pul ayırmaq istəmir”.
Düşdüyümüz bu çıxılmaz vəziyyətlə əlaqədar olaraq klubumuzun bütün kollektivi adından biz Azərbayanın prezidenti cənab İ.Əliyevə və birinci vitse-prezident Mehriban xanım Əliyevə məktub göndərmişik. Artıq 3-4 ay keçməsinə baxmayaraq bu problem öz həllini tapmamışdır. Məktub AVF və Dəmir Yolları QSC arasında “ilişib” qalıb.
Yenidən üzümü Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti cənab İlham Əliyevə və Azərbayanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya tuturam.
Möhtərəm Prezident, hörmətli Mehriban xanım,Azərbaycan Voleybol Federasiyası azərbaycanlı gənclərdən ibarət “Express Baku” voleybol klubunu dağıtmaq istəyir. Perspektivli bir kluba maliyyə dəstəyi göstərmir.Ümidimiz Sizədir. Sizin maddi və mənəvi dəstəyinizə ehtiyacımız var.”Express Baku”voleybol klubunun üzləşdiyi problemin həlli Sizin bu məsələyə həssaslıq və mərhəmətlə yanaşmanızdan çox asılıdır.Ölkə çempionatında yüksək nəticələr göstərən 15-18 yaşlı azərbaycanlı uşaqlardan ibarət bir klubun dağılmasına imkan verməyin.
Vüqar