Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Qubad İbadoğlu ilə atüstü söhbət:"SOCAR-ın özəlləşdirməsini məqbul hesab edirəm"

  

Yenixeber.org: İki gün öncə Dünya Bankı nümayəndələrinin prezident İlham Əliyevlə görüşü oldu. Görüşün təfsilatı ilə bağlı geniş açıqlama verilməsə də, nümayəndələrin turistik səfərə gəlmədiyi aydındır. Xatırladaq ki, ötən ilin əvvəllərində də Azərbaycan rəsmiləriylə DB arasında müəyyən görüşlər keçirilmişdi. Həmin görüşdən əvvəl isə Beynəlxalq Valyuta Fondu tərəfindən Azərbaycanın 4 milyard təcili kredit almaq üçün sözügedən quruma müraciət etdiyi xəbərləri iformasiya kanallarına sızdırılmışdı. Azərbaycan rəsmiləri əvvəl bunu inkar etsələr də, bir müddətdən sonra görüşlərin başlaması deyilənlərin dezinformasiya olmadığını təsdiqlədi. Ardınca, Azərbaycanın DB-nın kredit təklifindən imtina etdiyi xəbərləri yayıldı. İmtinanın səbəbi isə hökumət qarşısına qoyulan şərtlər idi.

İlyarımlıq aradan sonra DB nümayəndələrinin birdən-birə Bakıda peyda olması yenidən məlum müzakirələri ağla gətirir və bəzi suallara yol açır: Azərbaycan 2016-cı ildə imtina etdiyi təklifləri qəbul etmək məcburiyyətindəmi qalıb?

Bu sual ətrafında ADR Hərəkatı lideri Qubad İbadoğlu ilə söhbət etmək arzusunda idik. Təəssüf ki, zamanı düzgün hesablaya bilmədiyimizdən Qubad bəyin hazırda bulunduğu məkanın gecə saatlarına dəng gəldik. Üstəlik, ADR lideri sabah tezdən başqa bir yerə səfər edəcəkdi. Buna baxmayaraq, dəyərli ziyalımız bizim  də xətrimizə dəymədi və yuxusuna haram qatdı. Biz isə onun zamanını daha çox almamaq üçün suallarımızı qısa tutduq. Beləcə, Qubad İbadoğluyla müsahibəmiz atüstü söhbət şəkilində ortaya çıxdı.

Söhbət atüstü olsa da, bir sıra mətləblərə aydınlıq gətirdiyindən müsahibəni oxuculara təqdim edirik:

 

-Qubad bəy, bir neçə gün öncə Dünya Bankının nümayəndə heyəti prezident İlham Əliyevlə görüşdü. Bu görüşün səbəbləri barədə Sizin fikirlərinizi almaq istərdim.

- Xüsusi məlumatım yoxdur, mən də mətbuatdan oxumuşam. Amma onu deyə bilərəm ki, Dünya Bankı və digər böyük  bankların  rəhbərləri  Azərbaycana gələndə onları prezident qəbul edir, çünki, TANAP-a və TAP-a görə kreditə ehtiyac var…

-Amma Dünya Bankı bir müddət əvvəl neft və qaz layihələrinə pul qoymayacağını açıqlamışdı…

-Bu qərar 2019-cu ildən sonrakı dövr üçün nəzərdə tutulur. Eyni zamanda neft-qaz  yataqlarının kəşfiyyatı və işlənməsinə kredit ayırmayacaqlarını açıqlayıblar. Biz isə pulu qaz nəqlinə görə alırıq. Bizim niyyətmizin o qərara aidiyyəti yoxdur. Yəni fərq belədir: yeni kəşfiyyat və hasilatlara 2019-cu ildən etibarən maliyyə ayrılmayacaq, amma başqa layihələrə investisiya yatırılacaq.

-DB nümayəndələrinin fikrindən isə belə çıxırdı ki, onlar Azərbaycana özəl sərmayəni cəlb etmək üçün investisiya mühiti öyrənmək niyyətilə ölkəmizə gəliblər. Bu səfər qeyri-neft sektoruna investisya cəlbi ilə bağlı ola bilərmi?

-Əlbəttə. Onlar onsuz da qeyri-neft sektoruna aid layihələri maliyyələşdirirlər. Azərbaycanda bu günədək 50-dən artıq layihəyə Dünya Bankı tərəfindən 3,6 milyard dollar vəsait ayrılıb. Hazırda isə Dünya Bankı tərəfindən dəyəri 1 milyard 140 milyon dollar olan 10 aktiv layihə həyata keçirilir. Ümumilikdə, Dünya Bankı Azərbaycanda təhsil və səhiyyə sisteminin yaxşılaşdırılması, nəqliyyat və su kanalizasiya sisteminin təkmilləşdirilməsi, kənd təsərrüfatının, enerji sektorunun inkişafı, ətraf mühitin və mədəni irsin qorunması kimi bir sıra sahələrdə həyata keçirilən layihələrə dəstək verir.

-Dünya Bankı nəzdində bir neçə qurum var. Bunlardan biri  də Azərbaycan rəsmiləriylə görüşən MIGA-dır. Niyə məhz MIGA? Ümumiyyətlə, MIGA adlanan qurum nədir?

-Çoxtərəfli İnvestisiyalara Zəmanət Agentliyi…

-Yəni onun digər qurumlardan fərqi nədir?

-Dünya Bankının bir institutdur, dəyərləndirmə aparır və təminat verir, əsasən, inkişaf etməkdə olan ölkələrlə işləyir. Dünya Bankı Qrupuna daxildir və əsas funksiyası inkişafda olan ölkələrdə birbaşa xarici investisiyaların (FDI) təşviq edilməsidir. MIGA TANAP-a 1,2 mlrd. dollarlıq zəmanət verib. MIGA-nın bu zəmanəti TANAP-a digər maliyyə mənbələrindən cəlb edilən kredit resurslarının ucuzlaşmasına imkan verəcək. Yəni Azərbaycan müəyyənləşdirilən miqdarda ucuz kreditə çıxış imkanı əldə edəcək.

-Mən bu qurum haqqında araşdırma aparanda gözümə bir məqam dəydi. Xarici sərmayələrin  yerli hakimiyyətlərin milliləşdirmə siyasətindən sığortalama missiyası ilə bağlı. MIGA-nın əsas missiyası, deyəsən, budur.  Bu, DB-nın bizim hökumətə çox da etibar etməməsinin ifadəsi deyilmi?

-Xeyr, o anlama gəlmir. Ötən oktyabr ayında “Cənub Qaz Dəhlizi" layihəsinə  400 milyon dollar verdilər. Etibar etməsələr, bu vəsaiti verməzdilər…

-Cənub Qaz Dəhlizi Rusiyanın Avropa üzərində qaz inhisarı yaratmaq strategiyasına qarşı ortaya atılmış bir layihədir. Türkiyə ilə Rusiyanın xeyli yaxınlaşmasından sonra “Türk axını” layihəsi qarşısında əngəl qalmadı. Sizə elə gəlmir ki, Cənub Qaz Dəhlizi getdikcə önəmini itirir?

-Yox, məncə, bu layihə Rusiya və Avropa münasibətlərinin pisləşdiyi indiki şəraitdə daha çox əhəmiyyət kəsb edir. Düzdür, avropalı  ekoloqlar bu layihəyə qarşı çıxdığından, hələ Avropa İnvestisiya Bankı Cənub Qaz Dəhlizi Layihəsinə kredit ayırmaq qərarı verməyib. Amma demək olar ki, DB, Asiya İnkişaf Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı  kreditləşmə qərarını veriblər. Hazırda əsas problem Avropa İnvestisiya Bankı ilədir. Onlar bu ilin son toplantısında gözlənilən qərarı təxirə salıblar. Gözlənilir ki, məsələyə yenidən gələn ilin fevral-mart aylarında qayitsınlar.

-AİB qərarı niyə təxirə saldı?

-Hazırda ekoloqlar bu layihənin əleyhinə kampaniya aparırlar. Ekoloqların etirazına görə.

-Sırf ekoloji səbəbə görə?

-Bəli. Əsaslandırmaları belə oldu. Amma mümkündür ki, bu qərarın arxasında siyasi səbəblər də dayansın.

-Cənub Qaz Dəhlizi layihəsiylə ildə 10-12 milyard kub metr qaz nəqli nəzərdə tutulur. Bu isə təkcə Macarıstanın qaz ehtiyacı deməkdir. Görünən budur ki, “Cənub Qaz Dəhlizi” ilə Rusiyanın bu siyasətinin qarısını almaq mümkün deyil. Bəlkə, təxirəsalmanın bir səbəbi bununla - sırf iqtisadi amillə bağlıdır?

-Cənub Qaz Dəhlizi layihəsi ilə qaz nəqli ilkin dövrlərdə 10-12 milyard olacaq, sonra isə 20-30 milyarda qədər artacaq. O ki qaldı bu layihənin Rusiyanın qaz startegiyasına alternativ olması məsələsinə, mən bu faktoru ümumiyyətlə istisna edirəm.

-DB-yla ötən il aparılan danışıqlarda Azərbaycan qarşısında qoyulan şərtlərdən biri geniş özəlləşdirmə tələbi idi. Hökumət bu təkliflərdən imtina etdikdən sonra ölkə başçısı Rusiya telekanallarına müsahibəsində SOCAR-ın özəlləşdirilməyəcəyini bildirdi. DB nümayəndələri yenidən Bakıya gəliblər. Belə çıxır ki, rəsmi Bakı şərtlərlə razılaşıb. Siz SOCAR-ın özəlləşdirmə perspektivinə necə baxırsınız?

-DB nümayəndələrinin nə məqsədlə Bakıya gəldikləri barədə, bayaq dediyim kimi, heç bir məlumata malik deyiləm. Özəlləşdirməyə gəlincə isə, bu, labüddür, çünki iri dövlət şirkətləri bir tərəfdən büdcədən subsidiya alır, inkişafdan və rəqabətdən geri qalır, digər tərəfdən də xarici banklardan külli miqdarda kredit alır və onun da qeyri-səmərəli istifadə edirlər. Nəticədə belələrinə subsidiya ayıran büdcə həm də onların xarici kreditorlar qarşısında borc öhdəliklərini yerinə yetirir. Gələn ilin büdcəsindən transferlər, dotasiya və subsidiyaların birlikdə həcmi 1 milyard manata yaxın, xarici borclara xidmət xərcləri  isə 2,2 milyard manatdan çox proqnozlaşdırılıb. Bu isə 3 milyarddan çox vəsait itkisi deməkdir. Hər il davamlı olaraq həmin xərclərin  dövlət şirkətlərinin əvəzinə vergi ödəyiciləri tərəfindən ödənilməsinə son qoymaq üçün  üçüncü özəlləşdirməyə start verilməlidir. Beynəxlalq Bank vaxtında özəlləşdirilsəydi, orda milyardlarla oğurluq olmazdı.  Odur ki, SOCAR-ın da özəlləşdirməsini məqbul hesab edirəm.

Söhbətləşdi: Heydər Oğuz (ovqat.com)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam