Sükutu pozan Nemət Pənahlı:“Xirtdəyə qədər problem içindəyəm...”
“Öz ölkəmdən xaricə şikayət etmək əxlaqıma sığmır”
Yenixeber.org: Milli Dövlətçilik Partiyasının sədri, milli-azadlıq hərəkatının öncül isimlərindən olan Nemət Pənahlı uzun zamandır görünmür. Amma son günlərdə partiya sədri icad etdiyi istilik sistemi ilə yenidən gündəmə gəlib. N.Pənahlı ilə söhbətimizə bu mövzu ilə körpü saldıq:
- Azadlığa çıxdıqdan sonra fəal olan Nemət Pənahlıdan səs-səmir yoxdur. Hazırda nə işlə məşğulsunuz?
- Cəmiyyət necə iqtisadi, mənəvi böhran içərisindədir, eyni ilə mən də. Türmədən çıxandan sonra evdəki problemlərin həlli ilə məşğul oluram. Özümün səhhətimlə bağlı da müəyyən problemlər oldu. Böyük oğlum universiteti bitirib, Türkiyədə magistraturaya qəbul oldu. Qızım magistraturada oxuyur, onun təhsil haqqını ödəyə bilmirəm. İkinci oğlum 501 balla ali məktəbə qəbul oldu. Kiçik övladlarım da Atatürk Liseyində oxuyurdu. Onların da təhsilini pullu etdilər. Vaxtı ilə millət problemini həll etmək üçün bizə üz tuturdu, indi elə vəziyyətə düşmüşük ki, özümüz problemlər içərisində boğuluruq. Evdə ölümcül xəstəm var. Bunları məcbur olub deyirəm. İnsan belədir, əgər xəstəsənsə, problemlərin aşıb-daşırsa, öz canının hayındasan. Başqalarıni düşünmək üçün vaxt belə etmirsən. Bu dəqiqə xirtdəyə qədər problemin içindəyəm. Ölkədə də elə taleyüklü proseslər getmir ki, biz orada aktiv görünək. Faktiki bu günləri siyasi durğunluqdur. Heç bir siyasi fəaliyyət də yoxdur. Başqa siyasi partiyalar hansı aktiv fəaliyyətlə məşğul olublar ki, biz geridə qalmışıq? İstənilən halda insanın həm vətəni, xalqı, Allahı, tarixi, həm də övladları, ailəsi, valideynləri qarşısında borcu var. Biz çalışırıq ki, bu borcumuzu mümkün qədər yerinə yetirək. Məni şərləyib həbsə atdılar, atam və anam infarkt keçirib vəfat etdi, onların yasına belə məni buraxmadılar. Həbsdə olduğum vaxt işığımı kəsdilər, ailəm qışda işıqsız qaldı. Mən şəkər xəstəsiyəm. Rayonda torpaqlarım var idi. Fikirləşirdim ki, azadlığa çıxıb həmin torpaqları satıb problemlərimi həll edəcəm. Amma məni həbsə atdılar, o torpaqlarımı və əmlakımı satdılar. Mənə dedilər ki, get nə edirsənsə et. Həyatım boyu düşünmüşəm ki, öz ölkəmdən xarici ölkələrə şikayət etmək əxlaqıma, vicdanıma sığmır. İndi gedib beynəlxalq məhkəməyə müraciət edim? Məni çox faciəli duruma salıblar.
- Satılan torpağınızla bağlı məsələ nədir?
- Müəyyən şəxslərlə görüşlərim oldu. Söz veriblər ki, narahat olma, sənə qarşı olan qanunsuzluqlar aradan qaldırılacaq. Tək bu problem deyil. Su işi ilə bağlı maşınım var idi. Məhkəmənin qərarı ola-ola maşını əlimdən alıb vermirlər. Hələ ki müsbət heç nə yoxdur. İndi əsas olan övladlarımın təhsilindəki maddi problemləri aradan qaldırmaqdır. Dünya çempionu olan oğlum Orxan, təsəvvür edin ki, Türkiyəyə magistraturaya qəbul oldu, amma geri qayıtmaq məcburiyyətində qaldı. Onun nə maliyyə, nə də orada qalmaq məsələsini həll edə bildim. Təhsilini dondurdu. Çalışırıq ki, əsgərliyə gedib-gələndən sonra təhsilini davam etdirsin. Hərbi komissarlıqla danışdım ki, oğlumu təcili əsgərliyə aparsınlar, onlar da qəbul olduğu məktəbdən arayış istəyirlər. Böyük qızım magistraturanı bitirir, amma təhsil haqqını ödəyə bilmirəm. Bu il universitetə qəbul olan oğlumun da təhsil haqqını ödəyə bilmirəm. Sağ olsun, rektorla danışdım, tələbə biletini verdilər. İndi də imtahanlar çatır, lakin təhsil haqqını ödəyə bilmirəm.
- Son günlər icad etdiyiniz soba ilə gündəmdəsiniz. Bunu yaymaq barədə nə düşünürsünüz? Satışı ilə məşğul olacaqsınız?
- Ehtiyac adamı hər şeyə vadar edir. Elektrik qızdırıcılarının heç biri ixtira etdiyim bu soba ilə müqayisə edilə bilməz. Kim mənim evimdə bunu görübsə, şoka düşüblər ki, illərlə istilik məsələsini həll edə bilməmişik, amma bu soba yaxşı bir şeydir. Açığı deyim ki, maddi durumum aşağı olduğu üçün indiyə qədər bundan 200-300 dənə satmışam. Əvəz Zeynallı evimdən canlı yayım edəndən sonra maraq həddindən artıq yüksək oldu. 200-300 mindən çox baxış oldu. Yüzlərlə, minlərlə vətəndaş müraciət edib. İndi bunun müəlliflik hüququnu almaq istəyirəm. Heç kimin haqqına girməmişəm, Azərbaycan İxtiraçılar İttifaqının sədri Tofiq İmaməliyev ideyasını verib, mən də düzəltmişəm. Məni bir gün içərisində ixtiraçı etdi. Bu soba üçün tez-tez lazım olan şeyləri alıram. Dost-tanış xahiş edib, 50-60 dənə bu sobadan düzəltməliyəm. Düşünürəm ki, bəlkə bu yollarla problemlərimi müəyyən qədər həll edim.
- Sirr deyilsə, bu sobaların qiyməti neçəyədir?
- Qiymətlər təxminən 50-60 manat arasındadır. Açığı qiymət demirəm. Amma elə adam var ki, 1800 manatlıq istilik sistemi alıb, evi qızmayıb. Lakin mən düzəltmişəm, bu problemi aradan qalxıb, mənə 300-500 manat da verən olub. Düzəldirəm, deyirəm nə verərsən qəbulumdur. İndi deyənlər olub ki, mənə 2-3 dənə düzəlt, 150-200 manat verəcəm. Hazırda daha çox ev şəraitində bu işlə məşğulam. Bu sobanın daha çox maya dəyəri ən yaxşı halda 70-80 manat ola bilər, hər şeyi ideal səviyyədə qurursan. Ən yaxşı kombi 1500-3000 min manatdır. Bu ixtiramın millətə çox faydası olacaq.
- Ölkə daxilində siyasi gündəm zəif olsa da, 10 aydan sonrakı prezident seçkiləri ilə bağlı müəyyən cücərtilər var. Artıq bəzi şəxslər də iddialarını irəli sürüblər...
- Hər bir vətəndaş iddiasını ortaya qoya bilər. Amma siyasi aktivliyi hələ ki görmürəm. Söz olaraq kimlərsə namizədliyini irəli sürə bilər. Amma “halva-halva deməklə ağız şirin olmur”. Bugünkü vəziyyətdə real siyasi, demokratik mühit görmürəm. Seçkilər yaxınlaşanda siyasi lider kimi mənim də mövqeyim olacaq. Amma bu gün o halda deyiləm.
“Müxalifətin birliyi barədə fikirlər təxribatdır” |
- Passivliyi qeyd etdiniz. Seçkilərə 10 ay qalır, amma müxalif düşərgə passiv olmaqla yanaşı, ənənəvi olaraq, bir-birilə ilə müxalifət liderliyi uğrunda vuruşurlar. Bu da müxalifətin birliyinə ciddi zərbə vurur. Nə üçün demokratik düşərgə bu “xəstəlik”dən qurtula bilmir?
- Müxalifət demokratik ölkələrdə heç vaxt bir rəngdə ola bilməz. Siyasi partiyaların hər birinin fərqli mövqeləri var. Hər partiya liderinin də öz iddiası var. Müxalifət o qədər geniş bir çevrəni əhatə edir ki, onu bir araya gətirmək mümkün deyil. Heç vaxt bu düşərgə bir araya gələ bilməz. Müxalifətin birliyi barədə fikirlərin təxribat xarakterli olduğunu düşünürəm. Milli azadlıq hərəkatının liderlərindən biri olaraq, necə kommunistlərlə bir araya gələ bilərəm? Başqaları da belədir. Milli azadlıq hərəkatı vaxtı bir araya gəlmək mümkün olur. Hədəfləri, əqidələri bir olan partiyaların birliyi mümkündür. Müxalifətin bir araya gəlməsi heç zaman həyata keçməyəcək. Vahid namizəd ideyası cəfəngiyyatdır. Uğursuzluğun əsas səbəblərindən biri də, illərlə müxalifətin bu uğursuz ideyanın arxasınca getməsidir. 1998-ci ildə Əbülfəz bəyə ümummilli lider, bütün müxalifətin atası gözündə baxırdılar. Amma o zaman İsa Qəmbər onun lehinə namizədliyini geri götürmədi. Həmin vaxt Etibar Məmmədovun, Lalə Şövkətin və digərlərinin öz iddiaları var idi və heç biri bir-birinə güzəştə getmədi. Bunlar yaxın tarixdir. İndiyə qədərki məğlubiyyətin səbəbi nə vahid namizədin olmaması, nə də müxalifətin bir araya gələ bilməməsi deyil. Çünki indiyə qədər müxalifət bir araya dəfələrlə gəlib, amma nəticə nə olub? 1995-ci ildən bu yana müxalifətin bir bayraq altında mübarizəsi az olmayıb.
- Öz şəxsiniz və partiyanızın bu seçkilərdə mövqeyi necə olacaq? Nemət Pənahlını ilk dəfə prezidentliyə namizəd görəcəyik?
- Bu barədə danışmaq hələ tezdir. Mövqeyimi açıqlamaq istəmirəm. Amma çox güman ki, mən də prezidentliyə namizədliyimi verəcəm. Partiyada da bu barədə müzakirələr aparılır. Amma indi qəti şəkildə açıqlamaq istəmirəm. Mövcud situasiya o zaman çox önəmli olacaq. Qəbul edilə biləcək namizəd olarsa, çox güman dəstək verəcəyik. Əks halda, öz namizədimizi irəli sürəcəyik. Bu dəqiqə ən əsas olan odur ki, xalq oyundankənar vəziyyətə salınıb. Mövzudan kənar olsa da, bir faktı deyəcəm. 80-cı illərin sonunda rəsmi siyasi qurumlar, “dövlət xadimləri”, “alimlər”, “şairlər” çalışırdılar ki, Azərbaycan nə qədər Moskvanın müti qulu olsa da, taleyimizi ora həll edir kimi fikirlər formalaşdırsınlar. Onlar elə bədbəxtcəsinə düşünürdülər ki, Qarabağ problemini Rusiya bizim xeyrimizə həll edəcək. Sadəcə mənim möcüzəm o oldu ki, xalqda özünə inam yaratdım, onu milli azadlıq mübarizəsinə qaldırdım. İnandırdım ki, SSRİ-yə qarşı mübarizəyə qalxıb, qalib gəlmək mümkündür. Ad çəkməyəcəm, milli azadlıq hərəkatı vaxtı bir şair yaxamdan tutub dedi ki, sən milləti provokasiyaya çəkib ölümə aparırsan, Azərbaycanı yer üzündən silərlər, amma müstəqillik verməzlər. Həyat hər şeyi göstərdi. Amma müstəqillikdən sonrakı hakimiyyətlər millətdə özünə inam hissini öldürdülər. Moskvanın yerinə Amerika, Qərb, ATƏT, beynəlxalq digər təşkilatlar qoyuldu. Millətin özünə inamı olmayandan sonra bugünkü faciəvi vəziyyət yaranmalı idi. İqtidarlı-müxalifətli millətin ruhunu öldürdülər. Millət bu gün siyasi meydanda yoxdur.
- Sizcə, müxalifətin passivliyinə səbəb qeyd etdiyiniz bu amil deyilmi?
- Millət müxalifətə inandı, amma daxilindən satqınlar az çıxmadı. 80-ci illərin sonundan belədir, yəni indi bu hallar baş vermir. Biz o zaman milli davaya gedirdik, amma kimsə Vəzirovdan maşın, ev, deputatlıq istəyirdi. Vəziyyətdən istifadə edərək, şəxsi məsələlərini həll edirdilər. Millət də bunları görə-görə gəldi.
- Həmin şəxslərdən hazırda Azərbaycan siyasətində təmsil olunanlar çoxdur?
- Əksəriyyəti elə həmin şəxslərdir. Bunlar 20 Yanvar faciəsində qan üzərində mandat alveri apardılar. Xalqı sataraq imperiya ilə sazişə girdilər. 1989-cu ildə Vəzirovla Xalq Cəbhəsi arasında razılıq əldə olunmuşdu ki, Xalq Cəbhəsinə 40 mandat yeri verəcəklər. Özü də Xalq Cəbhəsi istədiyi şəxsi namizəd verə bilməzdi. Mərkəzlə razılaşdırılmalı idi. Məsələn, mərkəz icazə verəcəkdi ki, Tamerlan Qarayev, Tofiq Qasımov, İsa Qəmbər və digərləri deputat olmalıdır. Bunları meydanda ifşa edəndən sonra Vəzirov məni çağırıb 20 deputat yeri təklif etdi, özü də namizədləri özüm müəyyən etməli idim. Məhz razılaşmadım deyə 20 Yanvar faciəsi törədildi. Bu faciənin səhəri günü Xalq Cəbhəsi rəsmi şəkildə bəyanat verdi ki, kommunistlər, Azərbaycan ziyalıları və Xalq Cəbhəsi birləşib. Hakimiyyət dövründə isə Xalq Cəbhəsi “KQB”nin arxivlərini gizlətdi, xalqa edilən xəyanətlərin heç biri açılmadı. Bu günə qədər də belə hallar az olmayıb və nəticədə bu günə bu vəziyyətə gəlib çıxmışıq. Azərbaycanda 60-dan çox partiya ola bilər, amma mənim üçün iki partiya var. Biri milli satqınlardır ki, vahid mərkəzdən idarə olunurlar, lazım gəldikdə müxtəlif adlarda birləşiblər. Milli vətənpərvərlər var ki, bu qüvvələr bir araya gələ bilmirlər. Buna görə də, daim uduzublar. Milli hərəkat dövründə də məhz bunun nəticəsində milli satqınlar hakimiyyəti ələ keçirdilər. Bu gün o şəxslərdən hakimiyyətdə də, müxalifətdə də təmsil olunanlar var. Bütün müxalifətin deyil, hazırda yalnız milli vətənpərvərlərin bir araya gəlməsi vacibdir.
Cavanşir ABBASLI