Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

“Biz bu universiteti yenidən qururuq...”


 

Son vaxtlar Bakı Slavyan Universiteti medianın diqqət mərkəzindədir. Buna səbəb yeni rektorun təyin edilməsindən, professor Nurlana Əliyevanın bu ali təhsil müəssisəsinə rəhbərlik etməyə başlamasından sonra orada həyata keçirilən islahatlardır. Hansı ki, bir çoxları yeni rektorun atdığı addımları universitetdə “kütləvi işdən çıxarmalar” şəklində və ya digər neqativ istiqamətlərdə təqdim etməyə çalışır.

Xeberinfo.com:    Virtualaz.org saytının əməkdaşları son vaxtlar gündəmdə olan Bakı Slavyan Universitetindəki vəziyyəti araşdırmaq, bu ali təhsil müəssisəsində hansı islahatların həyata keçirildiyini öyrənmək üçün rektor Nurlana Əliyeva ilə görüşüb, ondan müsahibə alıb.

-Nurlana xanım, əvvəlcə Bakı Slavyan Universitetinə yeni təyin olunmuş rektor kimi bu ali təhsil müəssisəsinin rolu, başqa universitetlərdən fərqi haqda danışardınız...

-Bakı Slavyan Universiteti Azərbaycanda fəaliyyət göstərən ali məktəblər içərisində özünəməxsus yer tutub. Universitetin Fransa, İtaliya, Yunanıstan, Ukrayna, Rusiya, Türkiyə, Bolqarıstan, Çexiya, Polşa və digər ölkələrlə geniş əlaqələri var. Bizim universitetdə müxtəlif ölkələrin mərkəzləri fəaliyyət göstərir, hətta bu ölkələrin səfirlikləri ilə sıx əlaqə saxlayırlar.

Hətta müştərək layihələr həyata keçirir, layihə çərçivəsində konfranslar keçirilir, kitablar tərcümə olunur, jurnallar dərc edilir. Müəllim-tələbə mübadiləsi aparılır. Yəni digər universitetlərdən fərqli olaraq Slavyan Universitetinin beynəlxalq əlaqələri daha genişdir. Buna görə də dərk edirik ki, üzərimizə daha böyük vəzifələr qoyulub. Bu işləri aparmaqla, universitetimizi daha yaxşı tanıtmaqla həm Vətənimizi, millətimizi tanıtmış oluruq, həm də burada işləyən müəllimlərin elmi bacarıqlarını dünyaya göstəririk.

-Sizin rektor təyin edilməyiniz həm də Universitetin 70 illiyi ərəfəsinə təsadüf edib. Bu yubileylə bağlı hansı hazırlıqlar görülür?

-Bəli, bu il universitetin 70 illiyidir. Ona görə də yubiley tədbirimizi çox yüksək səviyyədə keçirməyi planlaşdırırıq. Təhsil müəssisəsinin əməkdaşlıq etdiyi beynəlxalq universitetlərin, səfirliklərin nümayəndələrini tədbirimizə dəvət edəcəyik. Yubileyə qədər biz Bakı Slavyan Universitetini müasir tələblər baxımından zəngin, maddi - texniki bazası olan, müasir infrastruktura malik universitet səviyyəsinə gətirməyi qarşımıza məqsəd qoymuşuq. İstəyirik ki, qonaqlar bizim təhsil ocağından gözəl təəssüratlarla ayrılsınlar, razı qalsınlar. Onlarda universitetin fəaliyyəti ilə bağlı təsəvvür yaransın, burada çalışan elm adamlarını, akademikləri, professorları tanısınlar. Yubiley tədbiri yüksık səviyyədə keçiriləcək, istəyirik ki, tədbir həm də burada təhsil alan tələbələrin  həyatında yaddaqalan, əlamətdar hadisəyə çevrilsin.

-Yeri gəlmişkən, universitetin binasında əsaslı təmir işlərinin getdiyini müşahidə etdik. Sizdən əvvəl bina hansı vəziyyətdə olub?

-Deməliyəm ki, universitetin binasının vəziyyəti heç də yaxşı deyildi, hətta acınacaqlı idi. Ona görə ləngimədən təmir işlərinə başladıq.Təmir işləri binanın foyesində, akt zalında, kitabxanada, bütün tədris otaqlarında aparılır. Qapılarda turniketlər quraşdırılır. Binamız 6-mərtəbəlidir, buna görə lift də quraşdırılıb. Muzeylər yenidən qurulur, bir sözlə, universitet nəfis və müasir görkəmə  gətiriləcək.

Onu da deyim ki, binada kanalizasiya, su və istilik sistemi də tamamilə yenidən qurulur. Artıq 50 tonluq ehtiyat su anbarı tikilib. Elektrik xəttləri dəyişdirilib, yeni internet xətləri çəkilib, WiFi şəbəkəsi yaradılıb, müşahidə kameraları quraşdırılıb. Kitabxanada, yeməkxanada, arxivdə, foyedə havalandırma sistemi yaradılıb. Biz artıq elektron kitabxananın təşkil edilməsi üçün işlərə başlamışıq. Təhlükəsizlik pilləkənləri bərpa edilib,  tədris otaqlarının sayı artırılıb. Auditoriyaların texniki avadanlıqlarla təmin edilməsi işlərinə başlanmışdır. Kompüterlər, noutbuklar, ağıllı lövhələr, printerlər alınıb. Universitetin yataqxanasının da yenidən qurulması nəzərdə tutulur.

-Bəs universitetdə tədrislə bağlı hansı yeniliklər gözlənilir?

-Universitetdə hələ də dərslər 20-30 il əvvəlki metodla keçirilir. Halbuki hazırda bütün dünya müasir tədris sisteminə keçib, internet dövrüdür. Tələbələr hərtərəfli məlumatlar almalı, dünyada baş verən elmi  yenilikləri izləməlidirlər. Biz bunları nəzərə alaraq universitetdə tələbələrin internetə çıxış imkanlarını təmin edirik,  kompüterlərlə təchiz edilmiş yeni auditoriyalar yaradırıq. Həmçinin tədrisin idarə olunması və tədris texnologiyalar mərkəzi yaradırıq. İmtahanların təşkilində yeni qaydalar tətbiq olunacaq, tədris sənədləri yenilənəcək, tyutorlar institutu yaradılacaq. (Tyutor şagird və tələbə üçün fərdi təhsil proqramının təşkilinə və aparılmasına rəhbərlik edir) Bu ildən ödəniş əsasında qəbul edilən tələbələrlə müvafiq müqavilə bağlanılacaq.

Dekanlıqlarda tələbələrin barəsində məlumat bankı yaradılacaq. Hər tələbə haqqında geniş infornmasiya əldə etmək imkanı olacaq. Tələbə ictimai birliklərinin ideoloji işin aparılması sahəsində fəaliyyəti gücləndiriləcək.  

Bundan əlavə, universitetin strukturunda da dəyişiklik edəcəyik. Yəni kadr islahatları aparmağı planlaşdırırıq. Görünür  əvvəlki illərdə tələbələrin sayı çox olub. Bu gün isə tələbələrin sayı azalıb. Hazırda universitetdə 3 min tələbə təhsil alır. Tələbələrin sayı azalsa da, işçilərin sayı olduğu kimi qalır. Buna görə də işçilərin sayında ixtisarlar olacaq. Hazırda universitetdə 26 kafedra fəaliyyət göstərir. Hansı kafedraların arasında  fəaliyyət sahəsinə görə uyğunluq varsa onları birləşdiriləcək. Hər bir kafedranın deyilən dərslərə uyğun ədəbiyyatı, kitabxanası olmalıdır. Universitetin qiraət zalının tamamilə müasirləşdirilməsinə çalışacağıq.  Öz üzərində işləmək istəyən tələbənin masasının üstündə heç olmasa noutbuku olmalıdır.

-Universitetin beynəlxalq əlaqələrini genişləndirmək, tələbələrlə işin yenidən qurulması istiqamətində hansı işlər planlaşdırılır?

-Dünya ölkələri universitetləri ilə müştərək işləmək, layihələr həyata keçirmək, beynəlxalq konfranslar, tədbirlər hazırlamaq, kitablar, jurnallar dərc etmək, müəllim-tələbə mübadiləsi aparmaq və digər əhəmiyyətli işlər nəzərdə tutmuşuq. Şübhəsiz ki, xarici ölkələrlə dostluq əlaqələrinə diqqət yetirəcəyik. İstəyirik ki, mövcud əlaqələri intensivləşdirək, yeni layihələr işləyək, universitetə qrantlar gətirə bilək. Universitetin tələbə-gənclər təşkilatı var. Fikirləşirik ki, onlarla respublikanın tələbə-gənclər təşkilatı, Yeni Azərbaycan Partiyası, İdman və Turizm Nazirlikləri ilə əlaqələr yaradaq. Məqsədimiz tələbələrimizi  hərtərəfli, kamil vətəndaş kimi yetişməkdir.  

Daha sonra tələbələrin dərsdənkənar asudə vaxtlarının düzgün keçirilməsi yönümündə çoxlu işlər nəzərdə tutulub. Biz istəyirik ki, tələbələrimiz muzeylərə getsinlər, bölgələri gəzsinlər, vətənimiz haqqında təsəvvürləri formalaşsın. Çünki vətəni tanımadan, görmədən sevmək çətindir, onu yaxından tanıyaraq, gözəlliklərini görmək, tarixini bilmək lazımdır. Nəzərdə tutduğumuz bütün bu tədbirləri həyata keçirmək üçün yaxşı kadrlarımız, uzun illər həyatını təhsilə həsr eləmiş professorlarımız var. Məktəbin yaddan çıxmış ənənələrini dirçəldəcəyik.

Çalışacağıq ki, bizim milli təhsilin üzərində dünyavi təhsil yaradaq. Universitetin milli və bəşəri fəaliyyət göstərməsini istəyirik. Çalışacağıq ki, həm öz dəyərlərimizi unutmayaq, həm də onların üzərində dünya təhsilindəki mütərəqqi islahatları həyata keçirək.

-Nurlana xanım, rektor təyinatınızdan sonra müəyyən KİV-lərdə sizə qarşı sanki qaralama kampaniyasını müşahidə edirik. Atdığınız hər addıma müəyyən neqativ don geyindirməyə çalışırlar.  Bu, sizcə təşkilatlanmış hücumlardır, yoxsa?

-Həqiqətən mətbuatda mənim haqqımda həqiqətə uyğun olmayan məlumatlar verilir. Düşünürəm ki, bunların əksəriyyəti qərəzli yazılardır. Bu məlumatları yazanlar ya haradansa istiqamətlənirlər,  sifariş alırlar, ya da özlərinin hansısa məqsədini həyata keçirmək istəyirlər.

Yazırlar ki, guya mən keçmiş rektorun kadrlarını işdən çıxarıram. Əvvəl işlədiyim kollecdən-Sabir adına Dövlət Pedaqoji Kollecindən buraya mütəxəssislər gətirirəm. Əvvəla onu deyib ki, universitetdə müəllim-tələbə nisbəti uyğunsuz yaradılmışdı. 3 min tələbə var, 644 müəllim-professor heyəti fəaliyyət göstərir. Müəllimlərin 315 nəfərinin elmi adı yoxdur, 295 nəfər 0,5 ştatla, 62 nəfər isə 0,25 ştatla işləyir. Kənar təşkilatlardan 54 nəfər əvəzçiliklə fəaliyyət göstərir. Belə olduqda kimlərinsə ixtisar olunması labüddür. Qaldı kollecdən universitetə kadrların gətirilməsinə, oradan cəmi bir nəfər-təsərrüfat işçisi dəvət etmişəm. Göründüyü kimi KİV-də doğru məlumat yox, qərəzli yazılar dərc olunur.

Mən ömrümün yarısını dövlətə, vətənə xidmət etmişəm. Elmlər doktoru-professoram. Prezidentimiz məni Vətənin şərəfli mükafatı  “Şöhrət Ordeni” ilə təltif edib, respublikanın əməkdar müəllimiyəm. Həmçinin Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin üzvü, Qadınlar Şurasının sədriyəm. Mənim əleyhimə ağzına gələni yazan bilməlidir ki, YAP-ın əleyhinə danışır. Mən bu mövqeyə zəhmətimlə, Vətənimə, xalqıma, onun milli sərvətlərinə sonsuz məhəbbətimlə, peşəkarlığım, sədaqətim, qədirbilənliyimlə gəlib çıxmışam.

Hər sözü danışmağı özlərinə rəva bilən KİV nümayəndələrinin bəziləri heç bir mənəvi əxlaqi dəyərlərə qiymət verə bilmrlərsə, öz səviyyələrindən incisinlər. Mətbuat həqiqətə söykənməlidir. Təəssüf ki, bu gün mətbuat işçilərinin arasına təsadüfi insanlar çoxdur.

- Sizin müəllimlərin, tələbələrin geyimləri ilə bağlı fikirləriniz də müəyyən rezonans doğurdu. Geyim məsələsi  vaxtaşırı müzakirəyə çıxarılır. Bu barədə cəmiyyətdə müxtəlif fikirlər var. Bəlkə bu,  ondan irəli gəlir ki, bizim tələbə və müəllim cəmiyyətində geyim zövqü, etika normaları aşağı düşüb?

-Birincisi hər bir müəllim öz vətəninin ziyalısı olmalıdır. Müəllim zahiri görkəmindən başlamış biliyi, dünyagörüşü, milli-mənəvi dəyərləri özündə birləşdirməlidir. Burada geyim məsələsi xüsusi önəm daşıyır. Bu gün Azərbaycanda hər şey boldur. İndi hər qiymətə geyim almaq olar. Amma bu o demək deyil ki, müəllimlər təhsil müəssisələrinə istədikləri geyimdə gələ bilərlər. Müəllimin zahiri görkəmli ciddi, səliqəli, gözəl olmalı, səxsi nümunəsi ilə tələbəyə sağlam, normal zövq təqdim etməlidir.

Vaxtı ilə rəhbəri olduğum kollecdə tələbələrə vahid geyim tətbiq etmişdik. Hamı bir nəfər kimi qara ətək və ağ köynək geyinirdi. Və bu, çox müsbət nəticələr vermişdi. Vahid geyim yalnız zahiri görkəm üçün deyil.  Doğrudur, bu gün insanların həyat səviyyəsi yüksəlib, daha yaxşı yaşayış təmin edilib. Amma hələ də kasıb yaşayan ailələr var.

Vahid geyim forması o deməkdir ki, sən heç kimin diqqətini cəlb etmədən dərsə daha diqqətlə yanaşırsan. Eyni və ciddi geyim olanda hamının fikri dərsə yönəlir. Bu baxımdan mən kasıb, imkansız ailələri düşünüb vahid geyim tətbiq edilməsinə tərəfdaram. Lakin bu, mənim şəxsi fikirlərimdir. Hazırda isə Bakı Slavyan Universitetində vahid geyim formasının tətbiqindən heç  söhbət getməyib. Ola bilsin ki, gələcəkdə bunu müzakirəyə çıxaraq. Amma ümumən təhsil müəssisələrində müəllimlərin və tələbələrin geyim məsələsində bəzən əndazəni aşması göz qarşısındadır və bu, bir ziyalı, təhsil təşkilatçısı kimi məni narahat edir.

-Qayıdaq universitetdə təhsilin səviyyəsi məsələsinə. Bayaq dediniz ki, bu universitetdə hələ də 20-30 il əvvəlin tədris metodları istifadə olunur. Təhsilin səviyyəsini yüksəltmək üçün konsepsiya hazırlayırsınızmı? Yeni professor müəllim heyətinin cəlb olunması planınızda varmı?

-Bakı Slavyan Universitetinin konsepsiyasını hazırlayırıq. Universitetin maddi-texniki bazasının təkmilləşdirilməsi, kadr siyasətində islahat aparılması həyata keçirilir. Tələbələrə, müəllimlərə yeni stimul verən imkanlar yaradacağıq. Oxumaq istəyən, öz üzərində işləyən tələbələrə başqa cür təqaüdlər verəcəyik. Xarici ölkələrlə tələbə mübadiləsi aparılacaq. Hazırda xarici ölkə vətəndaşı olan 145 tələbəmiz var. Bizim tələbələr də xaricdə təhsillərini davam etdirirlər. Gələcəkdə xarici tələbələri universitemizdə cəlb etmək üçün peşəyönümlü təbliğat kampaniyalarına başlamaq niyyətindəyik.

Ötən il universitetə tələbə qəbul planı kəsirdə qalıb. Bu isə ürəkaçan hal deyil. Tələbələrin qəbulu normal  dərs yükü deməkdir, hamının bütöv bir ştatla işləməsi deməkdir. Bu il tələbə qəbul planımız 88 faizlə yerinə yetirilmişdir. Deyilənə görə, son 12 ildə universitetə tələbə qəbulu bu səviyyədə olmayıb. Bu il peşəyönümünü daha da gücləndirmək niyyətindəyik.

-Bu gün universitet məzunlarının çoxu işsiz qalır və yaxud öz ixtisasları üzrə işləmirlər. Yəqin ki, Slavyan Universitetinin məzunları arasında da iş tapmaqda çətinlik çəkənlər var. Məzunların gələcəkdə seçdikləri ixtisaslar üzrə işlə təmin olunması üçün hansı proqramlar müəyyənləşdirilə bilər?

-Bizim tələbələrin hamısı tədris planına uyğun olaraq təcrübə yerlərinə gedirlər. Bir sıra tələbələrimiz jurnalist kimi mətbuat orqanlarda, nazirliklərdə  təcrübə keçirlər, bəziləri məktəblərə gedir, beynəlxalq əlaqələrdə təhsil alanlar isə səfiliklərə göndərilirlər. Yəni tələbələrimiz müxtəlif qurumlarda təcrübə keçirlər. Ən yaxşı tələbələrimizə təcrübə keçdikləri qurumlardan iş təklifi gəlir.

Biz istəyirik ki, bu ildən məktəblər, hüquq məsləhətxanaları, səfirlik və digər qurumlarla müqavilə bağlayaq. Həmin qurumların işçiyə olan ehtiyacını nəzərə alıb, mütəxəssis hazırlansın. İstəyirik ki, əvvəlcə işə qəbul üçün testlər tərtib edilsin, imtahan vasitəsilə tələbələrin peşəkarlığı, biliyi yoxlanılsın.  Müqavilə bağladığımız qurumlar  məzunlarımızın savadlı, bilikli, pəşəkar olduğunu görsünlər. Bu vasitə ilə təəbələrimizin bir qismi işlə təmin edilə bilər. Ümumiyyətlə, universitetimizin gələcəyi üçün planlarımız çoxdur. Çalışacağıq ki, hər bir tələbəmiz kamil vətəndaş, peşəkar mütəxəssis kimi doğma universitetin şərəfini qoruya bilsin.

-Ətraflı, səmimi söhbətə görə təşəkkür edirik.

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam