Putin Ukraynadan sonra Latviyaya hücum edəcək
Nüfuzlu fransalı tarixçi və sovetoloq Alen Bezanson Polşanın Polityce.pl portalına müsahibəsində Avropanın ruslara qarşı çarəsiz olduğunu və Putinin planlarına qarşı heç cür müqavimət göstərə bilməyəcəyini deyib.
"xeberinfo.com" saytı həmin müsahibəni təqdim edir:
- Kreml Ukrayna sərhədlərində on minlərlə əsgər cəmləşdirib. Avropanı qorxu bürüyüb. Polşanın baş naziri Donald Tusk NATO-nun ölkə ərazisində fiziki iştirakını tələb edir. Doğrudanmı Rusiya bizi təhdid edir?
- Bəli, Polşa, Baltik ölkələri və Moldova üçün təhlükə tamamilə realdır. Məsələ ondadır ki, Avropa ərazisində heç bir ciddi silahlı qüvvələr yoxdur. Fransa əsgərləri Afrikadadır, britaniyalılar öz evlərindədir. Qalanları uzaq xaricə ezamiyyətə göndərilib. Ona görə də Avropanın xarici sərhədlərini qoruyan yoxdur. Bəs niyə? Ona görə ki, son 50 ildə biz Jan Monnenin yetirməsi olan, rasional siyasi və iqtisadi münasibətlərə söykənən Avropada yaşamışıq. Avropada düşmənlər yoxdur. Hamı tərəfdaşdır. Və birdən üfüqdə rus əsgəri görünür. Rus əsgəri isə əsl əsgərdir. O, avropalı əsgərlər kimi uşaq saxlamır və qadınlara maşından düşməkdə kömək etmir. Rus əsgəri vuruşmağı, oğurlamağı, zorlamağı və öldürməyi sevir. Ona görə də Avropanı dəhşət bürüyüb. Buna təəccüblənmək çətindir. Bu düşmənlə siz bacara bilməzsiniz.
- Bəs bu qorxmuş Avropa nə etməlidir? Amerika desantçılarının köməyini gözləməlidir? Təbii ki, əgər onlar bizə kömək etmək istəsələr...
- Birləşmiş Ştatlara xatırlatmaq lazımdır ki, Şimali Atlantika Alyansı və Vaşinqton müqaviləsi var. Bu müqaviləyə görə, NATO hücuma məruz qalan istənilən üzvünü müdafiə etməlidir. Bu, Baltik ölkələri üçün xüsusilə vacibdir. Çünki Putin Ukraynadan sonra daha da irəli getmək istəsə, ilk növbədə Latviyaya hücum edəcək. Latviyada əhəmiyyətli sayda rus azlığı var - əhalinin 35 faizi. Litva cəmiyyəti birləşib, orada böyük rus icması da yoxdur. Estoniya isə etnik baxımdan kifayət qədər yekcins ölkədir.
Latviyaya qarşı Rusiya rus azlığının təhlükədə olduğu arqumentini irəli sürə və “qardaş köməyi”inə tələsə bilər. Bu üsul yüz illərdir sınaqdan keçirilib. Bəs Qərbdə kim Latviya üçün ölümə getməyə hazır olacaq? Mən Qərb siyasətçilərinin reaksiyalarını indidən təsəvvür edirəm: “Biz ki, Latviyaya görə müharibəyə risk edə bilmərik!”. Avropa iki dağıdıcı müharibəni sınaqdan keçirib və növbəti müharibədə iştirak etməyə heç həvəsi yoxdur. Çünki bu müharibə əvvəlkilərdən də dağıdıcı ola bilər.
- Hələ ki, Rusiya Şərqi Ukraynaya qoşun yeritmək istəyir. Əgər Putin buna qərar versə, nə olacaq?
- Bunu heç kim bilmir. Rusiya Şərqi Ukraynaya qoşun yeridə, Xarkovu və Donetski ala bilər. O, həmçinin Moldovaya hücum edib Dnestryanı bölgəni götürər. Rusiya ağlına nə gəlsə, onu edə bilər, çünki Qərb dünyası düşmənlərsiz dünyadır. O, hətta düşməndən yox, düşmənin olmamasından qorxur. Qərb Rusiyanın qarşısında çarəsizdir. Və buna görə də Rusiyanın davranışları qarşısında özünü elə aparır ki, guya Rusiya onun düşməni deyil. Vuruşmaq əvəzinə onunla danışıqlar aparır. Bu, bizə gələcəkdə yaxşı heç nə vəd etmir. Əgər NATO reaksiya vermək istəsəydi, bunu çoxdan etmişdi.
- Bu, çox pessimist proqnoz oldu. Deməli, heç bir ümid yoxdur? Ümid yoxdur ki, Qərb ayılacaq və baş verənlərə qarşı münasibətini dəyişəcək?
- Bizim Allaha dua etmək imkanımız həmişə qalır.