"Nazirlər kabineti dəyişəcək"
”Monopolist nazirlər vəzifəsindən azad edilməlidir”
Xeberinfo.com: Deputat Zahid Orucun meydan.tv-yə müsahibəsini təqdim edirik:
- Zahid bəy, ilk sual elə etirazlarla bağlıdır. Böhrana görə nə qədər intihar edənlər var və məsələ hər gün daha da pisləşir. Necə olacaq bunun sonu?
– Yeni iqtisadi dövrə keçmək bütün xalqların həyatında ağrılı olub. Neftlə birgə yaşayışımızın 169 ildən artıq tarixi var. Norveçdən fərqli olaraq, bu sindrom bizim gündəlik həyatımıza və dünyagörüşümüzə elə hopub ki, onunla vidalaşmaq çox ağrılıdır. Ona görə adamlar milyonlarla manat krediti həmin dövrün şərtlərinə uyub götürüblər və indi qaydalar dəyişən kimi onlar bunu böyük müqavimətlə qarşılayırlar. Prosesin idarə olunması elə iqtisadi-maliyyə tədbirlərdən keçə bilərdi ki, sizin dediyiniz intiharlar, yaxud lokal etirazlar baş verməzdi.
- Çətin durumlarda qəti addımlar atılmalıdır. Bəs bu konkret addımlar hansılardır?
– İlk növbədə, hökuməti xalqın qarşısına çıxarmaq, insanlarla daimi işi təşkil etmək, iqtisadi mühitin süstləşməsinə və qeyri-müəyyinlik zolağına daxil olmasına yol verməmək lazımdır. Sonra devalvasiyanın ən çox zərbə vurduğu əhali qruplarını müəyyyənləşdirib, təcili qaydada dövlət resurslarını o istiqamətə yönəltmək lazımdır. Banklara uzunmüddətli dollar kreditləri verilməlidir ki, onlar əhalinin kredit borclarını yeni məzənnə ilə hesablanmasının on ilə dayandırılması barədə öhdəlik götürsünlər. Bunun nəticəsində xalqla bankların müharibəsi sülhlə bitəcək və yenidən canlanma və aktivlik meydana gələcək. İkinci tədbir gömrük rüsumlarını bazarlardakı tələbat faizindən asılı olaraq dəyişdirmək və sərhədlərdə növbə gözləyən yüklərin ölkənin daxili dövriyyəsinə buraxılmasına imkan verməkdir. Üçüncüsü, daxildə iri holdinq və şirkətləri, həmçinin müxtəlif dövlət qurumları ilə bağlı monopol qurumları yeni dövrün rəqabət şəraitinə uyğunlaşdırmaq üçün onları bir neçə adamın kurasiyasından çıxarmaq lazımdır. Bunun üçün monopolist nazirləri vəzifəsindən azad etmək olar ki, gedib açıq şəkildə bizneslə məşğul olsunlar.
- Bəs belə olmasa, bizi nə gözləyir?
– Belə olmadığı halda isə bürokratik mexanizmlər insanlar üzərində sümürgənliyə çevrilir. Üstəlik, yüksək dövlət vəsaitləri o şişmiş aparatları saxlamağa yönəlir, onların maşın və mexanizmlərinin xərcləri isə bir neçə rayonu saxlamağa çatacaq vəsait edir. Ona görə bir neçə nazirliyi ləğv etmək və məmurların sayını azaltmaq avtomatik olaraq iş yerlərinin sayını artıracaqdır. Çünki adamlar deyir, biznes planlarının üstünə yazmaq istəyirlər ki, kömək etməsəniz də, heç olmasa bizə mane olmayın. Ona görə indi panika mühitində, şayiələrin tüğyan elədiyi şəraitdə ən düzgün addım dürüst bir şəkildə xalqa hər şeyi izah etmək və onun yanında olmaqdır. Prezident hər zamankı kimi çox sərt mesajlar verdi. Xalqa ədalətli bir siyasət yürütdüyünü, iri inhisarçı qüvvələrə və möhtəkirlərə qarşı mübarizə aparacağını söylədi. Ona görə hazırki şəraitdə yararsız məmurlardan xilas olmaq üçün etiraz səsini qaldıranların gücündən istifadə etmək, idarəetməyə və yeni dövrün çağırışlarına yük olanlardan xilas olmaq lazımdır.
- 2015-ci il başlayanda dövlət büdcəsi üçün neftin 1 bareli 90 dollardan planlaşdırılmışdı. Həmin vaxt qiymət 50 dolları keçmirdi. Hazırda isə qiymət 30 dollardan da aşağıdır. Bunun özü fəlakətin göstəricisi deyilmi?
– Dünyanın əsas maliyyə mərkəzlərinin özündə də verilən proqnozlar 2014-cü il üçün sizin dediyiniz rəqəmin ətrafında idi. Lakin hamı neftə qarşı düşmən səngərinə keçdi. Adi bir faktı deyim, müqəddəs torpaqda iki mühüm məscidin kralı başqa bir müsəlman qardaşının acığına neftin qiymətini avropalılar üçün ucuzlaşdırdığını elan edir. Buna nə ad verək? Azərbaycan manatının faciəsi isə onun bir resursdan asılılığını aradan qaldıra bilməməyimizdədir. Obrazlı olaraq söyləyim, manatı Xəzərdə üzməkdən xilas edib, quruya çıxarmalıyıq. İndi daxildə böyük iqtisadi azadlıqlar və liberal qanunlar qəbul olunsa, çox yaxın zamanda manatın kursunu ən azı sabitləşdirmək olar.
- İstər bölgələrdə, istərsə də paytaxtda insanların əksəriyyəti narazıdır. Bir neçə bölgədə etirazlar və intihar edənlər var. Bu məsələnin qansız həlli varmı? Əgər varsa, o hansı üsuldur?
– Bəli, əhalinin müxtəlif təbəqələri haqlı olaraq narazıdır. Onların gözləntiləri başqa idi və ötən dövr ərzində fərqli bir həyat tələbatı formalaşıb. Lakin indi çevik bir siyasətə əl atılmalıdır. Yəni, neft hökumətini xeyli ixtisar edərək, aparıcı texnoloqları, menecerləri və istedadlı maliyyəçiləri idarəetməyə daşıyaraq, məsələni qismən də olsa həll etmək olar. Lakin bununla bərabər, böyük pul kütləsi sahiblərini ölkədən buraxmamaq lazımdır. Ancaq belə olan halda hazırki çətin durumu qansız-qadasız keçə bilərik.
- Sizinlə söhbətimiz zamanı bildirdiniz ki, hakimiyyətə əks olan siyasi qüvvələrin etiraza qoşulmasını istəmirsiniz və bu etirazın xalqın etirazı olaraq qiymətləndirilməsini arzulayırsız. Nə üçün siyasi qüvvələr qoşulmasın?
– Müxalif qüvvələr ölkənin idarəçilik həyatından və perspektivindən çox uzaq düşüblər. Onların bir çoxu hələ də 90-cı illərin eyforiyasında yaşayırlar. Lakin gördüyünüz kimi aksiyalara toplaşan adamlar hər hansı müxalif partiya başçısının portretini başları üzərinə qaldırmayıblar. Onların şüarları da siyasi deyil. Buna görə nə qədər ki, adamlar yalnız iqtisadi-sosial müstəvidə dəyişikliklər tələb edirlər, onların gur aksiyalarını yaradıcı bir şəkildə dövlətin yeni mərhələyə keçidi üçün istifadə etməliyik. Onu da birləşdirici lider olan İlham Əliyev edəcəkdir. Baxın, o icra başçılarına. Əslində onların çoxu fərqli vəziyyyətdə – yəni zal və salonlardan kənarda özlərini necə itirir və böhran menecerliyindən nə qədər uzaq olduqlarını göstərirlər. Belələri istefa ərizələrini hamının qabağında özləri yazmırmı? İndi elə bir informasiya dövrüdür ki, istənilən şəxs ayrıca ötürücüdür, təşviqatçıdır və həm də təşkilatçıdır. Burada çevik bir şəkildə həmin prosesləri şəbəkələrdə antidövlət protestinə çevirənlərin əlindən almaq üçün rəsmi informasiya vasitələrini canlı diskussiyaların meydanına çevirməlisən. Onda alternativ güclərin, yaxud hətta öz növbələrini gözləyən revanşistlərin fürstədən yararlanmasına yer qalmayacaq. Ümidvaram ki, maliyyə sabitliyini cəmi bir qərarla 15 dəqiqəyə həll etmək olar. Nə qədər qəribə də görünsə, bu mümkündür. Dövlətin resursları hədsiz böyükdür və mən bir çox təkliflərimi rəsmilərə də söyləmişəm. Ümidvaram ki, neftlə bərabər hamımız müstəqilliyin qiymətini də yaxşı bilirik. Ona görə aksiyalar üzərindən hamımızın çıxardığı nəticələr var və yaxınlarda onları görəcəksiz.
- Cəbrayılın icra başçısı xalqı açıq təhqir edib, yəqin videoya baxmısınız. Bu barədə nə deyə bilərsiniz?
– Adam orta əsr feodalı kimi qarşısındakını təbəə hesab edir. Halbuki peyğəmbərimiz bir çox hədisdə buyurub ki, xalqın önündə gedənlər özünü təmsil etdiyi xalqdan bir qarış aşağı tutmalıdır. Ona görə həmin təhqir leksikonu ilə danışan adam hələ məsuliyyətini dərk etməyib mediaya açıqlama verirsə, onu elə həmin ifadə ilə qovub cəzalandırmaq lazımdır. İcra başçıları idarəetməyə alkapon vurmaq və sahibkarı soymaq vasitəsi kimi baxırsa, onları göndərmək lazımdır gedib fermer təsərrüfatları ilə məşğul olsunlar. Onların yerinə gəlməli olan minlərlə Azərbaycan gəncləri öz zamanlarını gözləməkdən yorulublar.
- Nazarbayev Qazaxıstan parlamentini buraxdı, çünki yeni şəraitə cavab vermir, işlək deyil, Azəırbaycanda da buna ehtiyac görürsünüzmü?
– Parlamenti mənim qədər içəridən tənqid edənlər çox deyil. Lakin ən önəmli məsələ ölkədə müzakirə mühitini bərqərar etmək və siyasi müstəvini yenidən formalşdırmaqdır. Əlbəttə, hazırda siyasi qüvvələrin zəifliyinin müxtəlif səbəbləri var. Lakin indiki dövrün bir nömrəli vəzifəsi kadrların rotasiyasına nail olmaq və böyük iqtisadi imkanla hakimiyyətdə yer tutanları ölkənin mənafeyi naminə hüquqi fəaliyyətə gətirməyi bacarmaqdır. Bəli, bu hərbi müxalifəti idarə etməkdən daha çətindir. Çünki maliyyə səngərlərində təxribat törədənlər atəşi bir nöqtədən açsalar da, onun səsi bütün ölkədə eşidilir. Çörəyin qiyməti həmişə baha olur. Yəni adamları sınağa çəkmək istəyənlər onları mədəsindən vuranda insanlar evlərində oturmaq istəmirlər. Ona görə də hazırda yeni dövrün ağrıları yaşanır.
- İndiki Nazirlər Kabineti ilə ölkəni böhrandan çıxarmaq olarmı? Axı bu insanların əksəriyyətinin yaşı 60-dan çoxdur, sovet təfəkkürü İlə kapitalist ölkəni necə idarə etmək olar?
– Bir neçə aydan sonra Nazirlər Kabineti həm tərkibcə, həm də iş prinsiplərinə görə dəyişəcək. Dövlət başçısı struktur islahatlarını sadəcə ixtisar kimi bəyan etmədi. Biz hazır pullara arxalanaraq qərar verənlərlə, çətin dövrün yüksək səriştəli və çevik qərarlar verə bilən kadrları arasındakı fərqi müxtəlif ölkələrdə görmüşük. Ona görə əsas məsələ prinsipləri dəyişməkdir. O məmur ki, ətrafında çoxlu qohumu hesabına nazirliyi indiyədək şəxsi təsərrüfatı kimi işlədib, onların hamısı ilə vidalaşmaq vaxtıdir.
- Dünən sizinlə danışarkən bildirdiniz ki, Neft buruğu gilyotin bıçağına oxşayır və bu rəmzi bənzərliyin bir daxili mahiyyət yaxınlığı da var. Hökümət başını bu gilyotindən xilas etmək üçün nə etməlidir?
– Əslində gilyotin və burqların sonu qan istehsalı ilə yekunlaşır. “Neft bədbəxtlik gətirir” fikirinin müəyyən gerçək əsasları və tarixi var. Əslində toylarımızdan ehsan iqtisadiyyatımıza qədər, hamısı neft buruqlarının bir vintidir və hamımızın başında xeyli platforma var. İndi neftsiz eranın və bilik iqtisadiyyatının təməllərini atmalıyıq.