"Mən “perepiska”ya gedən oğlan deyiləm"
Son aylar ölkənin bölgələrində kəndlinin düşdüyü naçar vəziyyət, əkib-becərdiyi malını sata bilməməsi ciddi problemlərdən birinə çevrilib.
Dövlət başçısı İlham Əliyev də keçirdiyi son müşavirədə bəzi fəaliyyət sahələrindəki problemlərdən danışıb, onları aradan qaldırmaq üçün sahə rəhbərlərinə, nazirlərə göstəriş verib.
"Xeberinfo.com": Məlumata görə, “Yeni Müsavat” isə bu sahələrdən birinə - Kənd Təsərrüfatı Nazirliyinə rəhbərlik edən şəxslə danışıb. Kənd təsərrüfatı naziri Heydər Əsədovun adını son günlərdə aktual edən səbəblərdən biri də onun nəqliyyat naziri Ziya Məmmədovla qohumluğudur. Sonuncunun bəzi iddialara görə “vurulması”, bir-bir əlindən səlahiyyətlərinin alınması fonunda yaxın qohumlarına da təhlükə yaranacağı istisna edilmir. Biz də söhbət zamanı bu mövzulara aydınlıq gətirməyə çalışdıq. Nazir öncə sadə kəndlinin düşdüyü vəziyyəti təsvir etdi.
- Heydər müəllim, üzümçülük və pambıqçılıq rayonlarında fermerlər becərdikləri məhsullarını sata bilmədiklərindən şikayət edirlər. Bunun səbəbləri ilə maraqlanmısızmı?
- Elə söhbət yoxdur. Hər kəs öz becərdiyi məhsulu sərbəst şəkildə sata bilir. Kim sata bilmirsə buna nazirlik nə edə bilər?
- Hazırda üzümçülüklə məşğul olan fermerlər məhsullarının plantasiyalarda qalıb xarab olduğunu, bazar tapa bilmədiklərini deyirlər.
- Kənd Təsərrüfatı Nazirliyinin təşkil etdiyi yarmarkaların fəaliyyətinə yenidən start vermişik. Artıq Əhmədlidə biri fəaliyyətə başlayıb. Yasamal və Sumqayıtda da yarmarkalar açılacaq, danışıqlar gedir. Fermerlər, kəndlilər bu yarmarkalarda öz həyətyanı sahələrində yetişdirdikləri məhsulları rahat sata biləcək.
- Biz sizə faktlardan danışaq. Məsələn, üzümçülük rayonları olan Tovuzda, Cəlilabadda 100 tonlarla məhsul sahələrdə qalıb, bazar olmadığı üçün fermerlər sata bilmirlər. Bu problem niyə kütləvi hal alıb?
- Kütləvi deyil. Yaxşı bazarlara çıxışları yoxdur. Bir tərəfdən yarmarka yoxdur, o biri tərəfdən də devalvasiyaya görə xarici bazara çıxmırlar.
- Kənd təsərrüfatı məhsullarının xaricə çıxarılması ilə bağlı qadağa qoyulduğu deyilir. Bu nə ilə bağlıdır?
- Elə şey yoxdur. Əksinə, həvəsləndirici tədbirlər hazırlayırıq. Ümumi danışanlar çoxdur, keçən illərin təcrübəsi ilə danışır çoxu. Amma faktlar bunun əksini göstərir.
- Həvəsləndirici tədbirlər deyiləndə nə nəzərdə tutulur?
- Hələ bu barədə düşünürük. Dünyada bəzi təcrübələr var. Amma düzgün uçot olmadığı üçün bu təcrübənin tətbiqi ilə bağlı tərəddüdlərimiz yaranıb. Əksinə, indi biz həvəsləndirici tədbirlərə getmək istəyirik ki, kəndlinin öz malını satması, bazara çıxarması halları artsın.
- Amma fakt dəyişmir ki, yerlərdə sahibkarların əlində tonlarla məhsulu tökülüb qalır...
- Bir məsələni qəbul edin ki, bu məhsul ya daxili bazara çıxmalıdır, ya da xaricə. Mənlə razısınız? Daxili bazarla, yarmarka ilə bağlı əhalinin bəzi kəsimi narazılıq edir. Biri deyir, yarmarka yolumu kəsir. Mən nazir kimi qoyuram, amma cəmiyyətdən narazılıq var. Daxildə vəziyyət belə olur. Xaricə çıxmaq üçün də sərhəddən qoymurlar. Sonra da deyirsiz, sahibkarın əlində məhsulu qaldı. Mən də sizdən soruşuram: niyə qoymursuz?
- Son 2 ilə qədər Yasamalda, Ukrayna dairəsində bazarlar yox idi, onda bu mallar harda satılırdı?
- Bazarlar yox idi, ona görə də məhsul 6 qəpiyə evlərdə tökülüb gedirdi.
- Zavodlar da götürmür...
- Bəli, götürmürdü. Tökülüb gedirdi. Harda ki, bazar açmışıq, orda bu məhsullar qəşəng satılıb. Harda ki, bazara çıxış yoxdur, orda Meyvəli Bazara verirlər. Çıxış olmayanda gərək hər yerdə yarmarka edəm. İndi Sumqayıtı, Binəqədini açıram.
- Nə zaman olacaq açılış?
- Xətaini artıq açdıq. “Bakı” kinoteatrının yanında. Ya bu bazar, ya da gələn bazar Sumqayıt və Binəqədini istifadəyə verirəm. Sonra bir-bir davam edəcəyik.
- Bu yaxınlarda Baş Prokurorluğun Korrupsiyaya qarşı Mübarizə İdarəsinin Kənd Təsərrüfatı Nazirliyində yoxlama aparması ilə bağlı məlumatlar yayıldı...
- Xeyr, bizdə yoxlama getmir. Səmimi deyirəm, yoxdu yoxlama.
- Prezidentin son müşavirədəki çıxışında ciddi nüanslar vardı. Siz bu çıxışı necə qiymətləndirirsiz?
- Orda bizim sahə ilə, kənd təsərrüfatı ilə bağlı ancaq müsbət məqamlar idi. Cənab prezident bizi təriflədi.
- Korrupsiya, haqq qoyma ilə bağlı narazılığını bildirdi, “artıq hövsələ yoxdur” dedi...
- Bilirsiniz ki, cənab prezident onu başqa sahələrlə bağlı dedi. Kənd təsərrüfatında nə haqq qoyma var, nə də başqa neqativ hal. Subsidiya da tərtəmiz. Bir adam gəlsin, desin. Mən əminəm ki, kənd təsərrüfatında bir problem yoxdur. O sualları aidiyyəti yerlərə ünvanlayın, mümkünsə.
- Subsidiyaların verilməsində vəziyyət necədir?
- Yaxşıdır. Birinci hissə açılmışdı, indi ikinci hissə də açıldı. Tamamilə şəffaf şəkildə fermerlər onlara ayrılmış subsidiyalarını alırlar. Heç bir problem yoxdur. Burda tam elektron hesab gedir - sahəsinə, adamına, kəndinə, torpağının sahəsinə qədər hesabını qurmuşuq. Elektron uçotu yavaş-yavaş sistemləşdiririk. Ona görə də bu sahədə heç bir problem yoxdur. Pul birbaşa Maliyyə Nazirliyindən xəzinənin hesabına, ordan da adamların kartına vurulur. Heç o pulu mən Kənd Təsərrüfatı Nazirliyinə almıram. Bizim hesaba gəlmədən birbaşa yerli xəzinə orqanlarına daxil olur, ardınca isə insanların kartlarına. Heç kim heç nə deyə bilməz. Kimsə kiminsə sahəsini düz ölçməyə bilər, ya da kimsə kiminsə sahəsində xırda nöqsanlara yol verə bilər. Amma ümumilikdə götürdükdə belə söhbət ola bilməz. Əgər bir fakt tapsanız, özümə deyə bilərsiz.
- Kəndli bu gün öz torpağından xeyir götürə bilmir. Becərdiyi məhsulu sata, ondan pul qazana bilmir. Halbuki sovet vaxtı tam əksinə idi.
- Yalan söhbətdir. Bu, ümumi şüar söhbətlərdir. Siz məhsuldan xeyir götürməsəz, onu bir daha əkərsiz? Torpaqda işləyirlər, məhsul da ildən-ilə artır. 7 faiz məhsul artıb. Necə torpaqdan qorxurlar ki, məhsul 7 faiz artıb?
- Siz statistikanı deyirsiz, mən sizə reallıqdan danışıram...
- Mən də reallığı deyirəm. Mən “perepiska”ya gedən oğlan deyiləm. Reallıq isə budur ki, əhalinin bir qismi kartofu sahədə əkir. 50 dəfə deyirik ki, kartofu sahədə saxlayanda kəpənək onu yeyir. Kəpənək də arı kimi qonur kartofun başına, güvə salır. Ona nazirlik nə etməlidir?
- Sizinlə söhbət etmişkən, qudanız Ziya Məmmədovla bağlı son günlər artan müəmmalardan da danışmaq istərdik. Yayılan xəbərlərə görə...
- (Sualı yarıda kəsir) Bağışlayın, indi mənim yanımda adam var, sonra danışarıq...