“Əliyevlə Sərkisyan müharibə istəmir, onlar görüşməyə hazırdır“
Ötən həftə ATƏT-in Minsk Qrupunun həmsədrləri regiona səfər ediblər. Bakıda olarkən amerikalı həmsədr Ceyms Uorlik "Turan" agentliyinə eksklüziv müsahibə verib
"Xeberinfo.com": “Mən burada ATƏT-in digər həmsədrləri, həmçinin ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşiklə birlikdəyəm. Mən İrəvandan gəldim. Orada Ermənistan prezidenti, xarici işlər naziri, eləcə də müxtəlif parlament komitələrinin üzvləri, vətəndaş cəmiyyətinin nümayəndələri ilə görüşdüm.
Bəzi fərqli fikirlər eşitdim ki, bunun da faydası oldu. Onların arasında gənclər, hökumətlə əlaqəsi olmayan şəxslər var idi. Odur ki, onların Qarabağ münaqişəsinin və onunla əlaqədar problemlərin nizamlanmasını necə gördüklərini bilmək mənim üçün maraqlı idi. Bilirsiniz, istərdim ki, bu söhbətlərdə Azərbaycandan da adamlar iştirak etsin, çünki gənclərlə bəzi söhbətlərin mahiyyəti XİN-də eşitdiyim perspektivlərdən fərqlənirdi” - deyə C.Uorlik bildirib.
İrəvanda və Bakıda müzakirələrin mövzusu barədə sualın cavabında Uorlik deyib ki, bu, iki ölkə prezidentinin görüşü barədə məsələdir: “Hər iki prezident bir-biri ilə görüşmək istədiyini bildirdi. Onlar dialoqun intensivləşdirilməsinə razı oldular və biz bu işdə onlara kömək etməliyik. Elə etmək lazımdır ki, gələcək görüş səmərəli olsun”.
Diplomatlar hər iki tərəfi necə başa düşə bilir? Bəzən adama elə gəlir ki, yaxşı psixoloq olmaq lazımdır. Əgər tərəflər bir-birini inkar edən şeylər söyləyirsə, bu cür görüşü təşkil etmək mümkündürmü?
Bu sualın cavabında amerikalı diplomat deyib: “Hesab edirəm ki, mən danışıqlar üçün göndərilən təcrübəli adamam, əvvəllər də müxtəlif danışıqlar aparmışam. Deyə bilmərəm ki, mən Ermənistan və Azərbaycan üzrə ekspertəm. Lakin digər vasitəsçilərlə birlikdə biz faydalı həmsədr ola bilərik və bundan ötrü hər ölkənin öz faydasını görmək istədiyi müxtəlif paket və yanaşmaları tutuşdurmaq üçün Ermənistanın və Azərbaycanın həyat aspektlərini dərindən bilmək lazım deyil.
Vasitəçilik etdiyim müddətdə bir şeyi başa düşdüm ki, bu, udan və ya uduzan tərəfin olmamasıdır. Yalnız iki qalib olmalıdır. İnanıram ki, Qarabağ münasişəsi elə münaqişədir ki, burada çıxış yolu tapmaq olar və bu, həm Ermənistanın, həm də Azərbaycanın maraqlarına xidmət edər”.
C.Uorlik "Bir neçə il əvvəl siz Vaşinqtonda nizamnaməyə dair təkliflərin təqdimatını keçirdiniz. Tərəflərin buna münasibəti necə oldu?" sualına cavabında belə deyib: “Əvvəlcə tərəflər ABŞ nümayəndəsinin nə dərəcədə açıq və səmimi ola biləcəyindən təəccübləndilər. Düşünürəm ki, Ermənistanda və Azərbaycanda bəziləri bu ideyaları ilk dəfəydi ki, eşidirdilər.
Ermənistanda bu, çox faydalı diskussiyaya gətirib çıxardı, baxmayaraq ki, çoxları mənimlə razı deyildi. Lakin mühüm olan odur ki, adamlar problemləri müzakirə edirlər. Bu da Ermənistan və Azərbaycan xalqlarına mühüm təsir göstərəcək. Belə olan halda onlar qarşı tərəfin fikrini də dinləməyə məcburdurlar.
Bundan əlavə, hərtərəfli nizamlanma nədir, onun parametrləri, elementləri və prinsiplərinin nə olduğunu anlamaq vacibdir. Mən çalışdım ki, bütün bunları uyğun formada izah edim ki, hər iki ölkədə insanlar bunu dəyərləndirə bilsinlər”.
Buradakı məxfiliyin açılması, Ermənistan və Azərbaycanda onun təkliflərinin mənfi qəbul edildiyini söyləməsi barədə xahişin cavabında Uorlik burada heç bir sirrin olmadığını deyib: “Mən prinsip və elementləri söyləmişəm, onları kəşf etməmişəm. Onlar artıq masanın üzərində idi və hamıya məlumdur. Altı element var. Lakin bundan ötrü deyil ki, tərəflərdən biri və ya digəri hansını istəyir onu seçsin. Mənim fikrilərimdən biri belədir: siz bunu edə bilməzsiniz. Bu, hərtərəfli paketdir, hərtərəfli və tam həcmdə baxılmalıdır. Siz sadəcə sizin maraqlarınıza xidmət edən bir prinsipi, bir elementi seçə bilməzsiniz.
Mənim hər iki ölkənin prezidenti və xarici işlər nazirləri ilə danışıqlarımda bu barədə söhbət gedir. Onlar bilir ki, nizamlanma hərtərəfli olmalıdır, onlar özlərinin bəyəndikləri və ya maraqlarında olan prinsip və elementləri seçə bilməzlər. Əks halda nizamlanma olmayacaq".
Dalana dirənməkdən danışmaq olarmı?
Bunun cavabında Uorlik deyib ki, dalan yoxdur. Prezidentlər ötən il üç dəfə görüşüblər və hər dəfə irəliləyiş əldə olunub: "Onlar tam razılıq əldə etdilərmi? Xeyr. Bax, bu səbəbdən biz vasitəçiliyi davam etdirməliyik, prezidentlərin görüşünü təşkil etməliyik. Hər dəfə bu, baş verəndə onlar bu məsələləri ətraflı müzakirə edirlər. Onlar diqqəti bu məsələlərə yönəldirlər ki, bunlar həllini tapmalıdır və biz hər dəfə bunu görürük”.
Amerikalı həmsədr "Belə fikir var ki, bu, yalnız Ermənistan-Azərbaycan münaqişəsi deyil. Bu, böyük dövlətlərin maraqlarının toqquşduğu geosiyasi problemdir. Sizin fikriniz necədir?" sualını cabablandırarkən bu cür fikirlərlə razı olmadığını bildirib. Lakin etiraf edib ki, bölgədə xarici maraqlar iştirak etmir: “İnanıram ki, iki prezidentin siyasi iradəsi olarsa iki ölkə xalqlarının dəstəyi ilə münaqişə həllini tapacaq”.
Azərbaycanda hətta rəsmi səviyyədə belə tez-tez deyirlər ki, əgər problemin nizamlanmasında maraqlı olmayan Rusiyanın siyasəti olmasaydı, münaqişə çoxdan həll olardı.
Uorlik bu fikirlərə birbaşa şərh verməkdən yayınaraq qeyd edib ki, əgər münaqişənin həllinə inanmasaydı, nizamlanma ilə məşğul olmazdı: “Mən bu işlə dövlət katibi Kerrinin xahişi ilə məşğul olmağa başladım. O, nizamlanmanın olacağına inanır”.
Moskva və Vaşinqton arasında ziddiyyətlər Qarabağ münaqişəsinin nizamlanması üzrə əməkdaşlığa necə təsir edir? İndiki vəziyyətdə inam və səmimiyyət haqqında danışmaq mümkündürmü?
Uorlik hesab edir ki, digər məsələlər üzrə mövcud ziddiyyətlərə baxmayaraq bu, mümkündür: “Qarabağ məsələsi üzrə ziddiyyət yoxdur, mən rusiyalı həmkarım ilə yaxşı işləyirəm və bizim aramızda tam anlaşma var”.
Bu münaqişənin həllində insanlar arasında əlaqələrin nə kimi rolu var?
Vaxt vardı siz ermənilərlə birlikdə yaşayıb, işləyirdiniz, ünsiyyətdə olurdunuz. Bu, keçmişdə olub. İndi yeni nəsil yetişib və bir-birini tanımır.
“Düşünürəm adi vətəndaşlar səviyyəsində qarşılıqlı əlaqələrin təşkili üzrə proqramlar faydalıdır. Hazırda tərəflər arasında bir-birinə böyük inamsızlıq var. Odur ki, belə proqramlar vacibdir ki, insanlar sülhə hazır olsunlar, bir daha yan-yana yaşaya bilsinlər.
Lakin Bakıda belə əlaqələrə pis baxırlar, sülhməramlıları və insan hüquqları müdafiəçilərini xəyanətdə, Ermənistana işləməkdə ittiham edirlər. Siz prezident Əliyevlə bu məsələlər barədə danışmısınız?
Buna cavab olaraq Uorlik deyib ki, ATƏT-in Minsk Qrupunun həmsədrləri Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətləri arasında əlaqələri dəstəkləyirlər.
“Biz sevinirik ki, prezident İlham Əliyev Bakıda keçirilən Avropa Oyunlarına erməni atletləri dəvət edib, onlar da bu dəvəti qəbul ediblər. İstərdim ki, sizin idmançılar da Ermənistana getsinlər.
Mən hər iki prezidenti bu cür mübadiləni davam etdirməyə çağıracağam”, - o vurğulayıb.
Iki prezidentin görüşü nə zaman mümkündür? Diplomat cavab verib ki, bunu prezidentlər özləri həll edəcəklər. O ümidvar olduğunu bildirib ki, görüş bu il olacaq.
“Lakin biz istərdik ki, müsbət nəticə olsun, sadəcə görüş xatirinə görüş olmasın. Görüş müvafiq olaraq hazırlansın və müzakirə olunan məsələlərin həllində irəliləyiş olsun. Məhz bundan ötrü biz müntəzəm olaraq XİN rəhbərləri ilə görüşürük”, - o bildirib.
Son vaxtlar yeni bir problem yaranıb - Bakı və Vaşinqton arasında münasibətlərin pisləşməsi. Siz yəqin ki, bilirsiniz ki, Bakı Vaşinqtonu Azərbaycanda rəngli inqilab hazırlamaqda ittiham edir və belə planların Jon Kerrinin kabinetində hazırlandığını bildirir.
Belə bir vəziyyətdə ABŞ və Azərbaycan Qarabağ münaqişəsinin nizamlanması məsələsində necə əməkdaşlıq edə bilər və ümumiyyətlər hansı etibardan danışmaq olar?
Buna cavab olaraq həmsədr deyib ki, ABŞ Azərbaycanla güclü strateji tərəfdaşlığa can atır. “Heç kim başqa bir şey düşünməməlidir. Sizi inandırım ki, Vaşinqton məhz bunu istəyir.
İkitərəfli münasibətlər barədə danışa bilmərəm, bu, səfirin müstəsna hüququdur. Lakin sizi əmin edirəm ki, bizim niyyətimiz səmimidir, Vaşinqton tərəfdən heç bir gizli mesaj yoxdur”, -diplomat bildirib.
Bakı müharibəyə başlamaq və öz ərazilərini hərbi yolla azad etmək qərarına gələrsə nə olacaq? Bu sualın cavabında Uorlik deyib ki, bu, pis variant olacaq. “Bu, münaqişənin genişlənməsinə və digər tərəflərin cəlb olunmaı ilə eskalasiyanın dərinləşməsinə gətirib çıxaracaq ki, bu da bizim vasitəçilik missiyamızı pozacaq. Odur ki, biz atəşkəs rejiminə əməl olunmasına və zorakılıqdan qaçmağa çalışırıq”.
Tərəflər nizamlanmaya nə zaman yaxın olublar bu gün yoxsa beş il öncə?
Bu sualın cavabında səfir deyib ki, danışıqlar prosesi zamanı bir neçə dəfə dinc yolla nizamlanma imkanları yaranıb. Çox təəssüf ki, bu imkanlardan istifadə olunmayıb.
“İndi imkan var və ondan istifadə olunmalıdır. Mən mövcud çətinlikləri də azaltmaq istəməzdim, lakin siyasi iradə olarsa münaqişəni həll edərik.
Buna alternativ müharibə olardı. Lakin düşünmürəm ki, iki ölkə xalqı bunu istəsin. Mən prezident Əliyev və Sarkisyanla yetərincə ünsiyyətdə olmuşam və deyə bilərəm ki, onlar da müharibə istəmirlər, sülh yolu ilə nizamlanma istıtirlər ki, biz də bundan ötrü onlara yardım edirik”, -diplomat bildirib.