"Azərbaycanda müxalifətdən danışmaq gülüncdür” - MÜSAHİBƏ
“İnsan gərək bütün keyfiyyətləri ilə bərabər, hərdən utanmağı da bacarsın”
"xeberinfo.com" Sabiq spiker, Açıq Cəmiyyət Partiyasının sabiq lideri Rəsul Quliyevin APA-ya verdiyi müsahibəni təqdim edir
- Milli Şurada baş verən son prosesləri necə dəyərləndirirsiniz?
- 2013-cü il avqustun 21-də, Cəmil Həsənlinin prezidentliyə namizədliyinin irəli sürülməsi barədə qərar veriləndən sonra Milli Şura faktiki yoxdur.
- Ancaq bir zaman lideri olduğunuz Açıq Cəmiyyət Partiyası da hələ Milli Şuradadır?
- Açıq Cəmiyyət Partiyasının Milli Şurada olub-olmaması sözün əsl mənasında məni maraqlandırmır. Açıq Cəmiyyət Partiyası bu dəqiqə keçmişdə buraxdığı səhvlərdən nəticə çıxararaq yenidən təşkilatlanma dövründədir. Bu dəqiqə onlar barədə bir şey söyləyə bilmərəm. Gərək onlar təşkilatlanma prosesini qurtaralar. Baxaq görək, nə yaratmaq istəyirdilər, nəyə nail olublar. Hər halda Açıq Cəmiyyət Partiyası hər şeyə təzə baxışla baxmaq istəyir, nəinki 20 illik Müsavat Partiyası və AXCP. Müsavat Partiyası və AXCP məğlubiyyətlərini veclərinə almayıb, fəaliyyətlərini əvvəlki qaydada davam etdirir. Onların mövcud olmasının ancaq bir səbəbi var. “Yeni Müsavat’ və “Azadlıq” qəzetləri bu partiyalara dəstək verməsələr, bütün mətbuat orqanları kimi bu partiyaların işinə yanaşsa, bu partiyalar bir aydan sonra yoxa çıxar.
- Bundan sonrakı dönəmdə müxalif düşərgədə prosesləri necə proqnozlaşdırırsınız?
- Bu dəqiqə Azərbaycanda müxalifət deyilən heç bir şey yoxdur, özünü müxalifət adlandıranlar var. Özünü müxalifət adlandıranların düşərgəsində yenidən hər şey pozulub, pozulacaq. 2015-ci ildə yenidən guya nəsə yaratmağa cəhd edəcəklər. 2015-ci il noyabr seçkilərindən sonra yenidən hər şey pozulacaq. Mümkün deyil ki, 20 il müddətində daim uduzan bir təşkilat özünü müxalifət adlandırsın və müxalifət kimi də fəaliyyətini davam etdirsin. Bu, tarix elminə ziddir. Ona görə də Azərbaycanda müxalifətdən danışmaq gülüncdür.
- Siz özünüz şəxsən siyasi proseslərdə necə iştirak etməyi düşünürsünüz? Qarşıdan parlament seçkiləri gəlir.
- Mən siyasi proseslərdə özümün hansı formada iştirak edəcəyimi müəyyənləşdirməmişəm. Hələ ki, mənim məqsədim qismən cavanların qarşısını kəsən, siyasət meydanına daxil olmağa imkan verməyən “əjdahalar”ın - Müsavat Partiyası və AXCP liderlərinin siyasətdən getməsi və yeni qurumların yaranmasına nail olmaqdır. Buna nail olmaq istəyirəm. Bu adamlar meydanı boşaltmalıdırlar ki, gənclərin timsalında ora yeni qüvvələr daxil olsun. Sözsüz ki, o gənclərə həmişə siyasi dəstək verəcəyəm.
- Azərbaycan siyasətinə Rüstəm İbrahimbəyov, Cəmil Həsənli, Eldar Namazov kimi fiqurlar da daxil olub. Bu şəxslərin siyasi gələcəyini necə görürsünüz?
- Rüstəm İbrahimbəyov siyasətlə məşğul olmayan bir adamdır, təsadüfən siyasətə gəlmişdi, nə formada siyasəti davam etdirdiyini bilmirəm. Ancaq onun həddindən artıq maraqlı sənəti var, o sənətini davam etdirəcək. Ziyalılar Forumu yaratmışdı, ola bilər ki, Ziyalılar Forumunun çərçivəsində işlərini davam etdirsin, müəyyən tövsiyə xarakterli qərarlar qəbul etsinlər. Cəmil Həsənlinin gələcəkdə nələr edəcəyini deyə bilmərəm. Bir onu deyə bilərəm ki, Cəmil Həsənlinin müxalifətdə qalması, özünü müxalifətin lideri elan etməsi Azərbaycanda müxalifətin zəifləməsini istəməkdir. Cəmil Həsənlinin liderlik keyfiyyəti, xarizması yoxdur. Cəmil Həsənli əvvəlcə necə müəllimliklə məşğul idi, yenə də müəllimliyini etməli, tarixini yazmalıdır. O, bu işlərə qarışmamalıdır, çünki bu işlərə onun gücü çatmaz. Eldar Namazova gəldikdə, Açıq Cəmiyyət Partiyası kimi yaratdığı “El” Hərəkatını yenidən formalaşdırmaq üçün hansısa işləri görür. Müsavat Partiyası və AXCP-nin timsalında qeyd edim ki, 8 dəfə seçkiləri uduzan adam əgər birinci məğlubiyyətdən sonra bu məğlubiyyətin səbəbini axtarmırsa, öz işini yenidən qurmaq üçün öz təşkilatını rekonstruksiya etmirsə, onların gələcəyi yoxdur. Eldar Namazov da bunu başa düşür və rekonstruksiya ilə məşğuldur. Ancaq bu o demək deyil ki, Eldar Namazov nəyəsə nail olacaq, bunu gələcək göstərəcək. Özlərini böyük partiya adlandıranlar rekonstruksiya barədə düşünmək istəmirlər, bəla buradadır.
- Ancaq görünən budur ki, bundan sonra da müxalif düşərgədə siyasi proseslər Müsavat Partiyası və AXCP ətrafında cərəyan edəcək...
- Müxalif düşərgədə proseslər bu iki partiyanın ətrafında cərəyan edəcəksə, bizim hökumət qəti sürətdə narahat olmamalı, müxalifət barədə fikirləşməməlidir. Yavaş-yavaş seçkiləri istədiyi kimi keçirib, yoluna davam etməlidir. Azərbaycan xalqının nəzərində Müsavat Partiyası və AXCP-nin heç bir hörməti qalmayıb, onlara inam yoxdur. Bu inamı əldə etməyə çalışmaq lazımdırmı? Əgər bu inamı bərpa etmək istəmirsənsə, nə etmək istəyirsən? Əgər ailədə valideynin hörməti itirsə, o halda həmin ailədə əmin-amanlıq olmaz ki?! İnamı qaytarmaq istəyirsənsə, cəsarətin çatsın, bəyan et ki, hakimiyyətə gəlmək istəyirəm və hakimiyyətə gələndə bu adamlar mənim komandam olacaq. Məsələn, mən prezident olacağam, filankəs baş nazir, filankəs filan nazir... O adamlar hökumətlərinin siyahısını yazıb verə bilsələr, heç kim onlara yaxın gəlməz. Tutaq ki, Müsavat Partiyası yazıb təqdim etsin ki, İsa Qəmbər prezident, filankəs baş nazir, filankəs filan vəzifədə olacaq. Azərbaycan xalqı bunu qəbul edərmi? Etməz, çünki orda elə bir adam yoxdur ki, ondan nazir ola bilsin. Heç bir hökumət yarada bilməyəcəksənsə, nə qədər müxalifətçilik edəcəksən? Hər halda insan gərək bütün keyfiyyətləri ilə bərabər hərdən utanmağı da bacarsın. O hiss aradan götürüləndə vəziyyət ağır olur.