Xalq artisti Röya Ayxanın İnstaqramdakı paylaşımı qalmaqal yaradıb.
Yenixeber.org: Buna səbəb isə onun gənc müğənni Mina Hüseynin ifasını paylaşıb haqqında xoş fikirlər yazması olub.
Belə ki, o, Minanın Əməkdar artist Aygün Bəylərin repertuarından olan “Özün günahkarsan” adlı mahnını ifa etməsini təqdir edib. Röya “Gözəlim, sən mənim səsim oldun, mənim gələcəyim oldun. Çünki qadın elə qadındır. Biri həmin tonda hayqırar, biri həmin tonda danışar, mənim üçün sənət sənsən! Gələcəyimin tarixi, əsəri yaradanlar canımızdır, amma əsəri yaşadan gələcəkdir. Afərin!” deyə, yazıb.
İfaçı isə ona “Sizdən dəstək almaq məni çox sevindirdi, gözlənilməz oldu. Ağladım. Sizin kimi ulduzun məni paylaşmağı stimul verdi, çox sağ olun, Xalq artistimiz” sözləri ilə cavab verib.
Lakin Röyanın fikirləri sosial şəbəkə istifadəçiləri tərəfindən birmənalı qarşılanmayıb. Çoxu sənətçinin Minaya dəstəyini “ikibaşlı” qarşılayaraq müğənninin ifaçı vasitəsilə düşmən olduğu Aygün Bəylərə söz atdığını bildirib.
Digər qism isə paylaşımı R.Ayxanın Elnarə Xəlilovaya “sataşması” kimi qəbul edib. Belə ki, E.Xəlilova Mina Hüseynin xalası qızı olması, izləyicilərin onu qohumuna dəstək verməməkdə günahlandırması da bu iddiaların yaranmasına rəvac verib.
Paylaşıma “Xalası qızı Elnarə heç Mina haqda belə səmimi status yazmamışdı”, “Aygün Bəylər daha yaxşı oxuyub, Mina onu kopyalayıb”, “Bu mahnının möhürünü Aygün Bəylər vurub” kimi rəylər yazılıb.