Ötən illərə nisbətən, bu yay hit mahnı baxımından milli şou-biznesimiz kasadlıq çəkdi.
Yenixeber.org: “Youtube” trendlərində baş sıralarda gözümüzə əsasən, bayağı ifaçılar və musiqiçilər dəydi.
Axşam.az maydan etibarən, sosial mediada və şəhərin müxtəlif məkanlarında ən çox səsləndirilən və keyfiyyətli olmasına rəğmən, uğur qazana bilməyən mahnıları təqdim edir:
Uzun müddətdir ard-arda mahnılar çıxarsa da, Əməkdar artist Miri Yusifin bu yay ən bəyənilən mahnısı “Şənbə” olub. İki aya bir milyon baxış sayı toplayan ifa avtomobillərdə və müxtəlif restoranlarda tez-tez qulağımıza dəyib.
Xalq artisti Aygün Kazımova bu yay “Mən gəlirəm” adlı bəstəsini təqdim etsə də, istəyinə çata bilməyib. Onun mahnısı hit olmamaqla yanaşı, “Youtube”da 51 min dəfə izlənilib.
Əməkdar artist Könül Kərimova uzun müddət sonra təqdim etdiyi klipi ilə diqqət çəkib. Onun “Gizli-gizli” adlı ifası PR-ı getməsə də, 20 günə 1,6 milyon baxış sayı toplayıb.
Hər yay dinləyicilərini hitlə təmin edən Murad Arifin yeni mahnısı izləyicilərin ürəyincə olmayıb. Onlar bir ay ərzində Arifə 150 min dəfə baxmağı məsləhət görüblər. Ancaq bu ifa radiolarda ən çox səsləndirilənlər sırasındadır.
“Eurovision 2011” qalibi Nigar Camal Ukraynada “Я в твоем плену”suna əziyyətlə 45 minlik klip çəkdirsə də, iki aya cəmi 32 min dəfə izlənilib.
Reper Qurdun müzakirələrə səbəb olan və qısa zamanda dillərə düşən “Dincəleyşn”ı əsasən, istirahət mərkəzlərində və çimərliklərdə səsləndirilir. Mahnı 1,5 aya 533 min baxış sayı yığıb.
Əməkdar artist Röya Ayxan iki həftə ərzində “Unutmaq lazım”, ardınca “Kimin belə sevgilisi var?” və “Yaz ayları” adlı mahnılarını təqdim edib. Lakin onlardan ikisi hit olub. Belə ki, müğənninin Əminə Şirinqızı ilə dueti 2,5 ay ərzində iki “Youtube” kanalında 7,1 milyon, Ramalın ərsəyə gətirdiyi “Kimin belə sevgilisi var?” isə 4,9 milyon baxış sayı toplayıb.
Müğənni Səmra Rəhimli “Armas” adlı diss treki ilə 2 aya 322 min dəfə izlənilib. Bu mahnı da avtomobillərdən ucalan səslərin içərisində havaya qarışıb.
Günay İbrahimli bu yay iki mahnı çıxarıb. O, əvvəlcə Üzeyir Mehdizadənin bəstəsi olan “Birini taparsan”ı oxuyub, lakin tənqidlərə məruz qalıb. Müğənninin mahnısı bir aya 156 min dəfə izlənilib. Daha sonra Günay tənqidlərdən yaxa qurtarıb, diqqəti yeni mahnısına çəkmək üçün Pərviz Mahmudovun bəstəsi “Vallah”ı izləyicilərinə qovuşdurub. Sənətçi “Youtube”da 1 həftə ərzində 70 baxışın hədəfi olub.
Xalq artisti Brilliant Dadaşova da uzun müddət sonra kamera qarşısına keçib, “Tetatet” adlı ifasını dinləyicilərinin ixtiyarına verib. Onun klipi bir dəfə “Youtube”dan silinsə də, bir həftə ərzində 27 min baxış yığıb.
Müğənni Şəbnəm Tovuzlu “Mən hələ ölməmişəm” adlı ifası ilə bir aya 3 milyon izlənmə sayını toplayıb.
Əməkdar artist Tünzalə Ağayeva “Kaş Bakıda olaydım” adlı mahnısı ilə isə 2 ayda 196 min dəfə izlənilib.